Yeni dövrün başlanğıcı

 

 

"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərində Azərbaycanın çoxəsrlik tarixində ən böyük zəfərini qazandı. Uzun müddət işğal altında olan torpaqlarımız azadlığına qovuşdu, ərazi bütövlüyümüz suverenliyimiz tam bərpa olundu. Bu tarixi zəfərlərdən sonra Azərbaycanda yeni mərhələ başladı. Bu mərhələdə prezident seçkilərinin keçirilməsi tamamilə məntiqlidir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat digər seçkilərlə müqayisədə prezident seçkilərinin daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısı İlham Əliyevin haqlı olaraq dediyi kimi, əgər seçkilər vaxtında keçirilməli olsaydı, deməli, bələdiyyə seçkiləri daha tez baş tutacaqdı. Ona görə dövlət başçısı bütün ərazilərimizi əhatə edəcək ilk seçkinin məhz prezident seçkiləri olmasına qərar verib.

"Prezident deyib ki, bütün amilləri - siyasi, hərbi 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq qələbəsidir. Dövlət başçısının sözlərinə görə, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi suverenliyin tam bərpa olunması yeni dövrün başlanğıcıdır", - deyə Vüqar Bayramov bildirib.

Vüqar Bayramovun sözlərinə görə, azad edilmiş ərazilərimiz daxil olmaqla bütün ölkəboyu keçiriləcək ilk prezident seçkiləri həm tarixi əhəmiyyət daşıyır. Bu, iqtisadiyyatımızın, eləcə regional geosiyasi geoiqtisadi mövqeyimizin daha da gücləndirilməsi baxımından əla fürsətdir.

Deputat qeyd edib ki, 2023-cü ildə prezidentliyinin 20 ili tamam olan İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə yeni dərinləşdirilmiş islahatlara start veriləcək: "Sözsüz ki, fevralın 7-nə təyin olunmuş növbədənkənar seçkilər Azərbaycan üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Əvvəlki mərhələyə elə bu prezident seçkiləri ilə yekun vurulacaq. Dövlət başçısının müsahibədə dediyi kimi, prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcək".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 12 yanvar, № 5.- S.4.