Azərbaycan
xalqı qalib ölkənin prezidentini seçəcək
Prezident İlham
Əliyevin müvafiq sərəncamına uyğun
olaraq, 2024-cü il fevralın 7-də ölkədə
növbədənkənar prezident
seçkiləri keçiriləcək.
Təyin edilmiş prezident seçkiləri ölkə tarixinin ən qürurverici seçkisi kimi yadda qalacaq. Müstəqillik tariximizdə
ilk dəfə olaraq, seçkilər bütün ölkə ərazisini əhatə edəcək.
2020-ci ilin payızında
44 günlük İkinci
Qarabağ müharibəsində
Prezident, Ali Baş Komandan
İlham Əliyevin
rəhbərliyi ilə
Azərbaycan Ordusu tariximizə şanlı Zəfər salnaməsi yazdı. Şücaətli,
qəhrəman Azərbaycan
oğulları işğalçı
Ermənistanın silahlı
qüvvələrini cəbhədə,
döyüş meydanlarında
məğlubiyyətə uğratdılar.
Otuz ilə yaxın yağıların
əsarətində qalan
Vətən torpaqlarına
azadlıq bəxş
olundu. Ancaq təcavüzkar düşmən
Azərbaycanın Qarabağ
bölgəsində məkrli
əməllərini davam
etdirdi.
Ötən ilin
sentyabrında aparılan
lokal xarakterli antiterror tədbirləri zamanı peşəkar Azərbaycan Silahlı Qüvvələri həmin
ərazilərimizdə qalmış
Ermənistan silahlı
qüvvələrinin hissələrini
və separatçıları
məğlub etdi. Beləliklə, Azərbaycanın
suverenliyi tam bərpa olundu. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində
qeyd etdi ki, sentyabra qədər
getdiyimiz yol məqsədyönlü yol
idi, məqsədə
hesablanmış yol idi, düzgün yol idi: "İstər siyasi müstəvidə, istər
hərbi müstəvidə,
istər ölkəmizdə
gedən proseslər nöqteyi-nəzərindən bu
hadisə bütün
işlərimizin elə
bil ki, son
nidası idi. Bu gün biz
2024-cü ilə suverenliyini
tam bərpa etmiş ölkə kimi, xalq kimi
başlayırıq. Hesab
edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən
sonra başlayır".
Fevralın 7-nə təyin
olunmuş prezident seçkiləri məhz belə bir vaxtda,
müasir tariximizin yeni dövrünə qədəm qoymuş Azərbaycanda keçiriləcək.
Yerli televiziya kanallarına müsahibəsində
ona ünvanlanan "Cənab Prezident, həmkarlar yəqin ki, Azərbaycan-Ermənistan
münasibətləri ilə
bağlı sualları
davam etdirəcəklər.
Amma mən mövzudan bir qədər kənara çıxmaq və bu gün ictimaiyyəti
düşündürən digər bir mövzuya keçid almaq istərdim. Bu, növbədənkənar
prezident seçkiləri
ilə bağlıdır.
Məlumdur ki, bu il fevralın
7-nə təyin olunub
və müxtəlif fikirlər, müxtəlif
versiyalar səslənir.
Amma ən doğru cavabı Sizdən ala bilərik. Cənab Prezident, belə bir addımın atılmasını şərtləndirən
əsas amillər nədən ibarətdir?"
sualına cavabında
dövlət başçısı
məsələyə aydınlıq
gətirərək əsas
səbəbləri açıqladı.
Qeyd etdi ki, birinci səbəb
təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki
seçkilər bir dövrə yekun vurur. Dövlət başçısı bildirdi
ki, sentyabr ayında biz elə bir dövrə
yekun vurmuşuq ki, bu, epoxal
bir hadisədir: "Yəni Azərbaycanın çoxəsrlik tarixində
mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır.
Bütün amilləri
- siyasi, hərbi və 30 illik işğalı, ərazinin
relyefini, müdafiə
xətlərinin çox
olmasını nəzərə
alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir.
Təbii ki, bu yeni dövr
başlayarkən, əlbəttə,
prezident seçkiləri
də bu yeni dövrün başlanğıcı olmalıdır.
Çünki hər bir dövr bir
zaman kəsiyidir və 30 il ərzində
işğal altında
olmuş ərazilərin
işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
Bu, birinci səbəbdir".
Prezident İlham
Əliyev yerli televiziya kanallarına müsahibəsində diqqətə
çatdırdı ki,
ikinci səbəb isə ilk dəfə
olaraq, müstəqil həyatımızda seçkilərin
ərazilərimizin hər
bir yerində keçirilməsidir: "Prezident
seçkiləri bütün
digər seçkilərlə
müqayisədə ən
vacib seçkilər olduğu üçün
mən hesab etdim ki, birinci
bütün ərazilərdə
keçiriləcək seçkilər
prezident seçkiləri
olmalıdır. Əgər
biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq,
o zaman bələdiyyə
seçkiləri daha tez keçiriləcəkdi.
Mən hesab etdim ki, bu,
düzgün olmaz. Azad edilmiş ərazilərdə və
ölkəmizin hər
bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır".
Dövlət başçısı
İlham Əliyev qeyd etdi: "Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür
və bunu da biz bir
yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin
keçirilməsi təbii
ki, bu xronoloji
dövrü də əsaslandırmış olur.
Yəni əsas səbəblər bunlardır.
Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə
etmişəm. Birinci səbəb, əlbəttə
ki, yeni dövrün başlanğıcıdır
və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir".
Sevindirici, qürurvericidir
ki, qarşıdan gələn növbədənkənar
prezident seçkilərində
Azərbaycan xalqı artıq dövlətinin ərazilərinin iyirmi faizi Ermənistanın işğalı altında
qalmış xalq kimi iştirak etməyəcək. Dövlətinin
ərazi bütövlüyü
tam bərpa edilmiş qalib xalq olaraq seçkilərə
gedəcək. Budəfəki
prezident seçkiləri
otuzillik işğalına
son qoyulmuş, azad günlərinə qovuşmuş, düşmənin
vurduğu yaraları sarınan, vandalların xarabalığa çevirdikləri
yaşayış məskənlərində
tikinti işləri aparılan, yeni yollar çəkilən, infrastrukturlar yaradılan Şuşada, Laçında,
Xocalıda, Zəngilanda,
Qubadlıda, Cəbrayılda,
Kəlbəcərdə, Füzulidə,
Xankəndidə və
digər rayonlarımızda
da keçiriləcək.
Fevralın 7-də keçiriləcək
növbədənkənar prezident
seçkilərində Azərbaycan
xalqı öz qalib ölkəsinin prezidentini seçəcək.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
12 yanvar, № 5.- S.4.