Azərbaycan
enerji sahəsində üzərinə götürdüyü
öhdəliklərə sadiqdir
Avropa Komissiyası ölkəmizi
etibarlı tərəfdaş,
Avropa İttifaqının
Enerji Komissiyası isə Pan-Avropa qaz təchizatçısı
adlandırıb
Artıq üç
ildən çoxdur Avropa yeni mənbədən
və yeni marşrutla - Azərbaycandan "Cənub
qaz dəhlizi" ilə mavi yanacaq
alır. Qoca qitənin Azərbaycan qazına tələbatı
getdikcə artır. Dövlətimiz də əlindən gələni
edir ki, istehlakçıların müraciətləri
cavabsız qalmasın.
Odur ki, indi Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Avropa Komissiyası ölkəmizi etibarlı tərəfdaş, Avropa İttifaqının Enerji
Komissiyası isə Pan-Avropa qaz təchizatçısı adlandırıb.
Azərbaycandan qaz
idxal edən Avropa ölkələrinin
sayı ildən-ilə
çoxalır. Buna müvafiq olaraq ixrac infrastrukturu da genişləndirilir, şaxələndirilir, "Cənub
qaz dəhlizi"nin yeni "qol"ları yaradılır. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın
paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan
Qaz İnterkonnektorunun açılışı
oldu. 2023-cü il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan
Qaz İnterkonnektoru işə başladı. Bununla da Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkə oldu. Bunlardan altısı Avropa ölkəsidir. Belə ki, həmin vaxta qədər ölkəmizin qaz sisteminə Gürcüstan
və Türkiyədən
başqa, Yunanıstan,
Bolqarıstan, İtaliya,
Rumıniya, Macarıstan
qoşulmuşdu. Gələcəkdə
də bu ölkələrin sayı
artacaq. Çünki hazırda bir neçə Avropa ölkəsi ilə danışıqlar aparılır
və onlar önəmli mərhələdədir.
Yeri gəlmişkən,
qeyd edək ki, ölkəmizin ümumi qaz ixracının yarısı
Avropanın payına düşür.
Prezident İlham
Əliyev cari il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində
bu məsələlərə
də ətraflı toxunmuşdur. Təbii ki, artan tələbatı
ödəmək üçün
ilk növbədə resurslar olmalıdır və onlar var.
Dövlət başçısı
bu barədə demişdir: "Şahdəniz"
qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən
il başlamışdır,
amma bu il
artıq 1,5 milyard kubmetr qaz "Abşeron" qaz yatağından çıxarılacaq.
Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna
- dekabr ayına qədər "Azəri-Çıraq-Günəşli"
yatağında "Dərin
qaz" adlandırılan
layihə çərçivəsində
də ilk qaz əldə olunacaq. Orada da potensial çox
böyükdür. Bizim
digər layihələrimiz
və "Abşeron"
qaz yatağının
ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, "Abşeron"da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək.
Yəni bu, çox əhəmiyyətli
rəqəmdir. Ondan başqa, "Şəfəq",
"Asiman", "Ümid",
"Babək", "Naxçıvan",
"Qarabağ" - bütün
bu yataqlarda bu gün hazırlığa
doğru işlər gedir və onların
da resurs bazası kifayət qədər böyükdür.
Yəni mən vaxtilə deyəndə ki, 100 il bundan
sonra da Azərbaycan tərəfdaşlar
üçün önəmli
tərəfdaş olacaq,
bunu nəzərdə
tuturdum və bu gün bu,
reallaşır".
Prezident onu da qeyd etmişdir
ki, "Cənub qaz dəhlizi" indi tam gücü
ilə işləyir və əgər bu dəhlizlə əlavə qaz həcmini göndərmək
istəsək, onda o, gərək genişləndirilsin:
"Oraya, əlbəttə,
əlavə vəsait
qoyulmalıdır. Amma
bu nasos stansiyaları vasitəsilə
genişləndirilə bilər
və tələbat da var. Prinsip
etibarilə Azərbaycanda
gələcəkdə yeni
qaz infrastrukturunun yaradılması məsələsinə
də baxıla bilər, bunu da biz nəzərdən
keçiririk. Avropa Azərbaycanın bu sahədəki fəaliyyətini
nəinki dəstəkləyir,
hətta bir çox hallarda bizə müraciətlər
də olmuşdur və bu müraciətlərə
biz müsbət cavab vermişik".
Bununla yanaşı,
ölkəmizdə uğurla
"yaşıl enerji"
layihələri həyata
keçirilir. Təsadüfi
deyil ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir. İşğaldan
azad edilmiş ərazilərimiz - Qarabağ
və Şərqi Zəngəzur, eləcə
də Naxçıvan
Muxtar Respublikası bu sahədəki potensialına görə xeyli vaxtdır Prezident
İlham Əliyev
tərəfindən "yaşıl
enerji" zonaları elan edilib. Dünya
Bankının bir qolu olan Beynəlxalq
Maliyyə Korporasiyası
Xəzər dənizindəki
potensialımızın 157 min meqavat həcmində
təsdiqləyib.
Keçən il
oktyabrın 26-da 230 MVt
gücündə "Qaradağ"
Günəş-Elektrik Stansiyası
artıq işə salındı. Bu, Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovatsaat
elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Hazırda Bakıda Səudiyyə Ərəbistanının
"ACWA Power" şirkəti ilə "Xızı-Abşeron"
Külək-Eletrik Stansiyasının
tikintisi davam edir. Cəbrayılda bp şirkəti ilə 240 MVt gücündə "Şəfəq"
Günəş-Elektrik Stansiyasının
tikintisi nəzərdə
tutulur. Bu və digər şirkətlərlə növbəti yeni layihələrin reallaşması üçün
bir sıra sənədlər imzalanıb,
danışıqlar gedir.
İmzalanmış kontraktlar və anlaşma memorandumları
10 min meqavat bu cür enerji
istehsalını nəzərdə
tutur. Prezident İlham Əliyev onların hamısının icra ediləcəyini bildirərək
demişdir: "Bu, bizim bütün daxili tələbatımızı
ödəyəcək. Təbii
ki, bunun iqlim dəyişikliyi məsələlərinə də
müsbət töhfəsi
olacaq və eyni zamanda bizə
imkan verəcək ki, təbii qazı daha böyük həcmdə ixrac edək. Hətta əgər 10 min meqavatın yarısı həll olunsa, bu, bizə
kifayət edəcək.
Ancaq mən hesab edirəm ki, bu 10 min
meqavatla bizim işimiz kifayətlənməyəcək,
çünki potensial
həddindən artıq
böyükdür. Həm
quruda, həm dənizdə yerlər təsdiq edildi və növbəti böyük günəş
və külək stansiyalarının gələn
il istifadəyə verilməsi nəzərdə
tutulur. Bax, əsas məsələ bundan ibarətdir və hesab edirəm
ki, bunun potensialı həm iş yerlərinin yaradılmasına, yeni texnologiyaların Azərbaycana
gətirilməsinə, həm
də bölgələrin
inkişafına böyük
təsiri olacaq. Çünki Xəzər
dənizindən kənarda
bizim bütün qalan potensial stansiyalarımız bölgələrdə
yerləşir, o cümlədən
Qarabağ bölgəsində".
Hazırda ölkənin
elektrik stansiyalarında
il ərzində təqribən 5 milyard kubmetr təbii qaz elektrik enerjisinin
istehsalına sərf edilir. Bərpaolunan enerji növləri o cümlədən imkan verəcək ki, elektrik enerjisinin istehsalına 5 milyard kubmetr deyil, təxminən 1-2 milyard kubmetr qaz işlədilsin,
qalan qaz isə ixraca yönəldilsin. Qeyd edildiyi kimi, Avropanın Azərbaycan qazına tələbatı getdikcə
artır.
Lakin əfsuslar
olsun ki, Avropada bəzi siyasətçilər sentyabr hadisələrindən sonra bəyan etmişdilər ki, Azərbaycanla Avropanın qaz əməkdaşlığı
dayandırılmalıdır. Dövlətimizin başçısı
sözügedən müsahibədə
bu məsələ ilə bağlı da fikirlərini səsləndirmişdir: "Belə
açıqlamalar, əlbəttə
ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür,
bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən
verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib
və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin
sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu
var. Amma onu bəri başdan
bildirməliyəm ki,
əgər hər hansı bir səbəbə görə
bu mövqe üstünlük təşkil
etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli
kontraktlar imzalayan şirkətlər 100 milyonlarla,
bəlkə də milyardlarla avro dəyərində cərimələr
ödəməli olacaqlar.
Ona görə belə cəfəng açıqlamalar verən
məsul şəxslər
daha diqqətli olmalıdırlar. Azərbaycan
qaz ixracından neft ixracı ilə müqayisədə
qat-qat az gəlir əldə edir. Prinsip etibarilə
əgər fərz etsək ki, bu gün bizim
qaz ixracımız yoxdur, adi vətəndaş
bunu heç vaxt hiss etməyəcək.
Əgər bizim qazımızın Avropaya
nəqli hansısa səbəbə görə
kəsilsə, onda bir çox ölkələr daha çətin vəziyyətə
düşəcək və
bunu Avropada hər kəs başa düşməlidir,
o cümlədən məsuliyyətsiz
bəyanatlar verən Avropa Parlamentinin sədri də bunu bilməlidir".
Flora SADIQLI,
Azərbaycan.-2024.-
12 yanvar, ¹ 5.- S.8.