"Məni
Şaiqdən ayırmayın
- Kamal Talıbzadə"
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
Muzey Mərkəzində
akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş "Məni Şaiqdən ayırmayın
- Kamal Talıbzadə"
adlı tədbir keçirilib.
Abdulla Şaiqin
Mənzil-Muzeyinin direktoru
akademik Kamal Talıbzadənin qızı
Ülkər Talıbzadə
qonaqları salamlayaraq
görkəmli ədəbiyyatşünas
alimin yaradıcı irsi, tədqiqatları haqqında danışdı.
Qeyd olundu ki, XX əsr Azərbaycan bədii fikrinin öyrənilməsinə
həsr edilmiş mötəbər tədqiqatların
müəllifi olan K.Talıbzadə milli ədəbiyyatşünaslıq elminə qiymətli töhfələr verib. Alim Azərbaycanın tanınmış ictimai və mədəniyyət
xadimi Abdulla Şaiqin və böyük qardaşı
Yusif Ziya Talıbzadənin yaradıcılığını
araşdırıb, həmçinin
Abdulla Şaiqin Mənzil-Muzeyinin yaradıcısı
olub.
Azərbaycan Milli
Elmlər Akademiyasının
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Kamal Talıbzadəni klassik bir ziyalı adlandırdı:
"Mənim Kamal müəllimdən öyrəndiklərim
30 ilə yaxın bir dövrü əhatə edir. Kamal müəllimi orta məktəbdən tanıyırdım və
bilirdim ki, Abdulla Şaiqin oğludur. Yaxından tanışlığımız, ünsiyyətimiz isə aspirantura imtahanı verdiyim gün olmuşdu". Akademik maraqlı xatirələrlə
böyük alimin xeyirxahlığı, tövsiyələri,
elmi irsi barədə söhbət
açdı.
Azərbaycan Aşıqlar
Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı sevinc hissi ilə vurğuladı ki, ona ilk xeyir-duanı
Abdulla Şaiq ocağının davamçısı
Kamal Talıbzadə verib: "Elm yolumdakı ilk işığı Kamal müəllim yandırıb
və mən bunu heç vaxt unutmaram. Onun səmimiyyəti, müdrikliyi yaddan çıxmır. Kamal müəllim 26 yaşında
olanda akademiyada şöbə müdiri işləyirdi. Bu yaşda şöbə müdiri olmaq sovet məkanında bəlkə də yeganə hadisə idi. Yaşını qabaqlayan müdriklik onu yaşıdlarından fərqləndirirdi. Ensiklopedik
biliyə malik olan Kamal müəllim
sözün böyük
mənasında Ədəbiyyat
İnstitutunun pasportu idi. O, A.Şaiq muzeyini də yaratdı. İndi bu muzey
ən dəyərli mədəniyyət ocaqlarından
biridir".
AMEA Memarlıq və
İncəsənət İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə dedi: "Kamal Talıbzadənin "Ədəbi
tənqidin tarixi" kitabını 1990-cı illərin
ortalarında oxudum. Baxmayaraq ki, artıq fəlsəfə
doktoru idim, bu kitabı bir tələbə kimi qeydlər apararaq oxudum. Kamal müəllimin bu kitabı mənim üçün bir metodoloji mənbə oldu. Böyük alimin bu əsəri baxmayaraq ki ədəbi
tənqidə həsr
olunub, ədəbiyyatşünaslığı
bir elm kimi
bütövlükdə əhatə
edir. Onun elmi fəaliyyəti ədəbiyyatın elmi uğurlarının sədlərini
çoxdan aşıb".
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrının aktyoru,
Əməkdar artist Şövqi Hüseynov Abdulla Şaiqin "Yad et məni!"
şeirini xüsusi ilhamla səsləndirdi.
Xəzər Universitetinin
təsisçisi, alim,
yazıçı, ictimai
xadim, professor Hamlet İsaxanlı dedi ki, tədbirə
dəvətnaməni alanda
çox sevindim. Hər şeydən əvvəl bu tədbirin adı məni cəlb etdi: - "Məni Şaiqdən ayırmayın".
Kamal müəllimi Şaiqdən ayırmaq mümkün deyil. Abdulla Şaiq ədəbiyyatımızda və
müəllimlik sənətində
əvəzsiz bir şəxsiyyətdir.
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professorları Knyaz Aslan, Vaqif Sultanlı
və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi Nəzakət
Qafqazlı da akademik Kamal Talıbzadə ilə bağlı xatirələrini
tədbir iştirakçıları
ilə bölüşdülər.
Qeyd etdilər ki, Kamal Talıbzadə
böyük və dəyanətli əqidələri
olan bir nəslin nümayəndəsidir.
Onun dərs dediyi tələbələr
sonralar Azərbaycan ədəbiyyatında və
mədəniyyətində xüsusi yer tutmuşlar. Abbas Səhhətin həyat və yaradıcılığı
ilə bağlı dissertasiyası dövrünün
ən populyar ədəbiyyatşünaslıq əsərlərindən biri
olub. O, kamilliyi ilə zirvələri fəth edən, yaddaşlarda səmimi, mehriban, sədaqətli bir insan kimi
qalacaq.
Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova bəstəkar
Zülfüqar Hacıbəyovun
Abdulla Şaiqin eyniadlı əsərinə bəstələdiyi
"Nüşabə" operasından
uvertüranı fortepianoda
ifa etdi.
Abdulla Şaiqin
sözlərinə bəstələnmiş
Səid Rüstəmovun
"Sevirəm səni",
Əşrəf Abbasovun
"Oxu, bülbülüm"
romanslarını respublika
və beynəlxalq müsabiqələr laureatları Nigar Əsgərova (vokal), Ayan Aslanova (fortepiano) ifa etdilər.
Tədbirdə Abdulla
Şaiqin Mənzil-Muzeyinin
hazırladığı "Kamal Talıbzadə -
100" adlı foto-sərgi
və alimin kitabları nümayiş etdirildi. Yubiley gecəsi boyu alimin həyatı və geniş elmi, ictimai-mədəni fəaliyyətini əks etdirən slayd-şou nümayiş olundu.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
12 yanvar, № 5.- S.11.