Yaşlılıq
xəstəliyi "cavan"laşır
Əqli qabiliyyətin
zəifləməsi ilə
müşayiət olunan
xəstəliklər arasında
ən geniş yayılanı alsheymerdir. Bu, adətən, 65 yaşdan yuxarı insanlarda rast gəlinən, yaddaş itkisi və ağır koqnitiv davranış pozuntuları
ilə müşayiət
olunan baş- beyin xəstəliyidir.
Alsheymerin səbəbi
beyin hüceyrələrinin
ölməsindən qaynaqlanır. Beyin hüceyrələrinin ölümü
yaşdan asılı
olaraq, hər insanda olur, lakin
proses bu xəstəlikdə daha sürətli və erkən baş verir. Yaş, irsilik, ekoloji amillər, həyat tərzi və ümumi sağlamlıq da daxil olmaqla
bir sıra faktorların buna səbəb olduğu ehtimal edilir.
Mütəxəssislər qarşıdakı illərdə
alsheymerin pandemiya halını alacağını
proqnozlaşdırırlar. Hazırda qeydiyyatda olan alsheymer xəstələrinin sayı
13 milyon olsa da, 2050-ci ildə bu göstəricinin dünyada 150 milyona çatacağı ehtimal
edilir.
Ən gənc alsheymer xəstəsi 19 yaşındadır
Mütəxəssisləri narahat edən məqamlardan biri də yaşlı xəstəliyi hesab edilən alsheymerin "cavan"laşmasıdır. Ötən
ilin əvvəlində
Çinin 19 yaşlı
vətəndaşında bu
xəstəlik aşkarlanıb.
Müvafiq testlər aparıldıqdan sonra o, rəsmi olaraq, dünyada alsheymer diaqnozu qoyulan ən gənc insan olub.
Gənc oğlan
hələ 17 yaşında
olanda ev tapşırıqlarını yerinə
yetirərkən diqqətini
cəmləyə bilməyib,
qısamüddətli yaddaş
itkisindən əziyyət
çəkməyə başlayıb.
O, tədricən bir gün öncə baş verənləri belə xatırlamayıb,
duyğularını ifadə
etməkdə çətinlik
çəkib. Həkimə
müraciət etdikdə
isə gənc nə vaxt yemək
yediyini belə unudub. Müayinə zamanı xəstədə
heç bir genetik mutasiya aşkar edilməyib.
Qeyd etmək lazımdır ki, bu hadisədən öncə diaqnozun qoyulduğu ən erkən yaş 21 idi. Lakin Çin
vətəndaşından fərqli
olaraq, o xəstədə
gen mutasiyası aşkarlanmışdı.
Xəstəliyin erkən
diaqnozu ilə bağlı araşdırma
aparılır
Alsheymerin klinik
simptomlarına daha çox yaşlı adamlarda rast gəlinsə də, xəstəlik, əslində,
40-50 yaşlarından başlayır.
Sadəcə olaraq, xəstəlik 10-15 ildən
sonra kliniki olaraq özünü göstərir. 40 yaşından
sonra orqanizmdə müəyyən dəyişikliklər
gedir. Baş-beyində
hüceyrələrdə toxumalar
arasında xüsusi patoloji zülal olan amilod zülalları
toplanır. Bu toksiki zülalların getdikcə miqdarı artır və onlar düyünlər əmələ gətirir.
Düyünlər nəticəsində
sinir ötürücüləri
arasında əlaqə
pozulur. Bu uzun prosesdən sonra xəstəlik formalaşır, simptomlar özünü göstərir.
Xəstəlik dərinləşdikcə
düyünlərin də
sayı artır.
Müasir tibb nə qədər inkişaf etsə də, təəssüf ki, alsheymer də
daxil olmaqla bəzi xəstəliklərin
hələ də çarəsi tapılmayıb.
Lakin xəstəliyin əlamətləri özünü
göstərməmişdən əvvəl diaqnoz qoyulsa, prosesin sürətini azaltmaq olar. Qazi Universiteti
Tibb Fakültəsi Xəstəxanasının mütəxəssisləri
2018-ci ildən etibarən
alsheymerin erkən diaqnozu ilə bağlı elmi araşdırmalar aparırlar.
Nəhayət, tədqiqatlar
öz nəticəsini
verib, "Amiloid Pozitron Emissiya Tomoqrafiyası" ("Amiloid
PET") ilə xəstəliyin
erkən mərhələdə,
simptomlar görünmədən
əvvəl müəyyən
edilə biləcəyi
aşkarlanıb.
Universitet alimləri
bəzi xəstələrdə yeni
metoddan istifadə edərək onlarda alsheymerin əsas zülalını təşkil
edən "amiloid lövhə"nin varlığını
müəyyən etməyə
nail olublar. Mütəxəssislər bildiriblər
ki, demans növlərində beyindəki
neyronlar bir müddət sonra "qlükoza"dan istifadə
edə bilmir və ölürlər:
"Ancaq bu vəziyyət xəstəlik
irəlilədikdən və
yaddaşın itməsi
kimi ciddi simptomlar ortaya çıxdıqdan 15-20 gün
sonra başlayır. Halbuki proses bir il əvvəl
başlayır. Xəstənin
gözəçarpan şikayətləri
olmadığı halda,
onun beynində arzuolunmaz amiloid zülalları yığılmağa
başlayır. Bunlar tədricən beyin hüceyrələrinin ölümünə
səbəb olur".
Nüvə təbabətində
yeni inkişaf etdirilən bir molekulun istifadə edildiyini və bu mövzuda müxtəlif ölkələrdə
araşdırmaların davam
etdiyini bildirən universitet alimləri bu molekuldan ilk
dəfə olaraq Türkiyədə istifadə
olunduğunu bildirirlər:
"Amiloid PET"dən
istifadə zamanı xəstələrimizə venadaxili
olaraq "amiloid" zülalına bağlanan radioaktiv marker veririk və beyindəki "amiloid"
yükünün ədədi
dəyərini ölçürük.
Tomoqrafiya zamanı xəstənin erkən mərhələdə alsheymer
olub-olmaması da müəyyən edilir. Ölçmə sistemi sayəsində bu, rəqəmlə də sübut edilir. Yeni üsul vasitəsilə xəstələrimizə
çox erkən mərhələdə, hətta
15-20 il öncə düzgün diaqnoz qoyulmasını və onların düzgün müalicəyə yönəldilməsini
təmin edirik", - deyə universitetin alimi bildirib.
Xəstəliyin riskini
azaldıb, gedişatı
ləngitmək mümkündür
Abşeron Rayon
Mərkəzi Xəstəxanasının
nevroloqu Elçin Rəhimli deyir ki, demensiyanın bir növü olan alsheymer yaddaş, düşüncə
və davranışa
təsir edərək
ən bəsit bacarıqları belə yerinə yetirməyi unutduran və səssiz irəliləyən
xəstəlikdir: "Demensiyanın
60-70 faizi alsheymer xəstələrinin payına
düşür. O, daha
çox yaşlılarda
göründüyü üçün
xəstəliyin erkən
dövrləri çox
vaxt gözdən qaçırılır. Alsheymer
xəstələrini MRT və
ya KT müayinəsi etsək, baş-beyində,
əsasən gicgah payında dəyişikliklər
görəcəyik. Elə
bu səbəbdən də xəstəlik özünü yaddaş pozulması ilə göstərir".
E.Rəhimli qeyd
edir ki, 3 mərhələli xəstəliyin
ilk etapında xəstələrdə ciddi
şikayət olmur. Azca unutqanlıq hiss etdiklərinə görə bunun xəstəlik olduğunun
fərqinə belə
varmırlar. Lakin xəstəliyin ikinci mərhələsində yaddaş
pozulması dərinləşir.
Ətrafdakı insanlardan
şübhələnir, hansısa
əşyalarını məhz
onların götürdüklərini
düşünürlər. Öncə əşyaların
yeri yaddan çıxırdısa, artıq
hər hansı bir əşyanın adını demək üçün bir neçə sözdən
istifadə edirlər.
Ən ağır olan sonuncu mərhələdə
isə xəstələr
bəsit gündəlik
tələbatlarını belə
ödəyə bilmirlər.
"Alsheymer xəstəliyində
əsasən yaşlılar
risk qrupundadırlar. Lakin irs faktoru da olduqca önəmlidir. Bu zaman xəstələrin ailə
hekayəsi analizi aparılır, birinci dərəcəli
qohumların xəstəlik daşıyıcısı
olub-olmadığı öyrənilir. Passiv həyat tərzi
keçirənlər, spirtli içki və tütün məmulatlarından
istifadə edənlər, artıq çəkidən, yüksək
təzyiq, xolesterin, diabet, insult və qan-damar xəstəliklərindən
əziyyət çəkənlər də risk
qrupundadırlar", - deyə nevroloq vurğulayır.
Xəstəliyin
riskini azaldıb, gedişatı ləngitmək
mümkündür. Bunun üçün beyin onurğa
mayesindən nümunə götürülərək testlər
edilir. Mütəxəssis bildirir ki, bahalı müayinə
üsulu olduğuna görə xəstələr bu prosedura
üstünlük vermirlər: "Ona görə də
anemnez, fiziki müayinə və neyro-psixoloji testlərə əsasən
diaqnoz qoyulur. Alsheymer xəstəliyinin tam müalicəsi
yoxdur. Prosesi yavaşlatmaq üçün fiziki aktivliyi
artırmaq, zərərli vərdişlərdən uzaq durmaq,
yeni dil öyrənmək, şahmat oynamaq, kitab oxumaq kimi zehni
fəaliyyətlərlə məşğul olmaq, bunlarla
birlikdə sosial aktivliyi də artırmaq tövsiyə
olunur".
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2024.-
12 yanvar, № 5.- S.11.