Azərbaycan:
ürəyi və imkanı geniş ev sahibi
Prezident İlham ƏLİYEV: "COP29 beynəlxalq konfransını
da biz yüksək
səviyyədə keçirəcəyik"
Qonaqpərvərlik xalqımızın
milli-mənəvi dəyərlərindən
qaynaqlanan əvəzsiz
xüsusiyyətidir. Qonağı
gülərüzlə, duz-çörəklə
qarşılamaq, onun öz evinə xoş təəssüratlarla
qayıtması üçün
əldən gələni
əsirgəməmək ənənəmiz
əsrlərdir davam edir. Qloballaşan müasir dünyada ən müxtəlif sahələrə aid mötəbər tədbirlərin
keçirilməsini layiqincə
təşkil etmək,
onların iştirakçısı
olan çoxsaylı qonağı qarşılayıb
yola salmaq xüsusi məna, məzmun və əhəmiyyət daşıyır,
qarşıya ciddi tələblər qoyur. Bir çox səbəblərdən bunu
heç də hər ölkə edə bilmir. Lakin Azərbaycan belələrinin sırasına
daxil deyil.
Ölkəmiz son
onilliklərdə bir çox beynəlxalq tədbirə evsahibliyi edib. Özü də yüksək səviyyədə! Həm
də ev sahibi təkcə paytaxtımız deyil, digər şəhərlərimiz,
hətta rayon mərkəzlərimiz olub.
Nə xoş ki, bu sıraya
30 illik erməni işğalından sonra yenidən tikilib-qurulan bölgələrimiz də
qoşulub. Elə sonunculardan başlayaq. Düşmən tapdağından
azad olunmuş Şuşamızda son iki-üç ildə keçirilən mühüm
beynəlxalq tədbirlərdən
tək birini xatırlayaq.
2022-ci il aprelin
22-23-də Şuşa şəhərində
Dünya Azərbaycanlılarının
V Qurultayı - Zəfər
qurultayı keçirildi.
Tədbirdə 65 ölkədən
400 nəfərə yaxın
diaspor nümayəndəsi
iştirak etdi. Söhbət təkcə həmin vaxtdan cəmi il yarım əvvəl
işğaldan azad edilmiş bir şəhərin bu sayda qonağı necə qəbul etməsindən getmir. Əsas məsələ odur ki, belə
mötəbər bir qurultayın mədəniyyətimizin
beşiyi sayılan Şuşada keçirilməsi
tədbirin tarixi önəmini göstərdi.
Prezident İlham Əliyevin dediyi kimi: "Biz bu gün azad
Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını
keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır
və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir
ki, dünya azərbaycanlıları toplaşır,
qurultay keçirir və ümumiyyətlə,
zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz,
qurultayın adı Zəfər qurultayıdır".
Təsadüfi deyil
ki, xarici KİV-də də Zəfər qurultayının
əhəmiyyəti xüsusilə
vurğulandı. Türkiyənin,
İtaliyanın, Misirin,
Birləşmiş Ərəb
Əmirliklərinin, Livanın,
Gürcüstanın, Moldovanın,
Rumıniyanın, Yaponiyanın
və digər ölkələrin qəzetləri,
telekanalları, xəbər
agentlikləri qurultayın
gedişini, Azərbaycanın
dövlət başçısı
İlham Əliyevin çıxışından əsas
məqamları işıqlandırdılar.
Keçən il
sentyabrın 29-da isə
BMT-nin Məskunlaşma
Proqramı və Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi "Şəhərsalma
Həftəsi 2023" tədbirləri
çərçivəsində Zəngilanda, təzəcə
istifadəyə verilmiş
Konqres Mərkəzində
2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirdilər. Həmin
gün qədim Azərbaycan diyarı Şərqi Zəngəzurun
53 ölkədən 200-ə yaxın xarici və ümumilikdə 400 qonağı vardı. Ondan əvvəlki ildə isə 1-ci Şəhərsalma
Forumu Ağdam şəhərində keçirilmişdi.
Həmin Ağdamda ki, erməni vandalları onu Qafqazın Xirosimasına çevirmişdilər... Bu
faktların özü
çox şeydən
xəbər verir. O cümlədən qalib Azərbaycanın iqtisadi qüdrətindən, 30 il
işğalda olan ərazilərində qısa
bir zamanda təkbaşına həyata
keçirdiyi geniş
quruculuqdan, hətta burada beynəlxalq tədbirlərin keçirilməsi
üçün müvafiq,
həm də ən müasir infrastruktur yaratdığından.
Əlbəttə, bunlar,
eləcə də ölkəmizin, ümumiyyətlə,
beynəlxalq tədbirlərə
evsahibliyi etmək təcrübəsinə əsaslanır.
Bir qədər
geriyə dönərək
2012-ci ili, mayın
22-26-da keçirilən "Eurovision" Mahnı Müsabiqəsini xatırlayaq.
Bu, sayca 57-ci "Eurovision" idi və Azərbaycan ilk dəfə idi bu tədbirə
evsahibliyi edirdi. Bizi gözügötürməyənlər
bu işi uğurla başa çatdıracağımızdan bədgüman idi, yaxud da məhz
tədbirin sönük
keçməsini istəyirdi.
Lakin ölkəmiz bu böyük müsabiqəyə evsahibliyi
etmək hüququ qazandıqdan dərhal sonra Prezident İlham Əliyev "Eurovision 2012"nin keçirilməsi
üzrə Təşkilat
Komitəsinin yaradılması
üçün sərəncam
imzaladı. Sərəncama
əsasən, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Təşkilat Komitəsinə sədrlik
etdi. Mehriban xanım Əliyeva özünəməxsus olan
bacarıq və səriştə, təşkilatçılıq
qabiliyyəti, dərin
bilgilər və geniş dünyagörüşü
sayəsində bu tədbirin yüksək səviyyədə keçməsinə
nail oldu.
Möhtəşəm mahnı müsabiqəsi
"Öz məşəlini
alovlandır" şüarı
altında keçirildi.
Bu onunla əlaqədardır ki, Azərbaycanı qədimdən
Odlar Yurdu adlandırırlar və indinin özündə
də ölkəmizdə
simvol kimi od və alovdan
geniş istifadə olunur. Bu səbəbdən
müsabiqənin loqotipi
kimi də alov-gül seçilmişdi.
Müsabiqənin vizual
dizayn ideyaları belə izah edilirdi: "Qədim zamanlardan insanlar hekayət danışmaq, mahnı oxumaq, rəqs etmək üçün od ətrafına toplaşmışlar.
"Eurovision" isə
insanların bayram etmək, mahnı və rəqs vasitəsilə ünsiyyət
qurmaq üçün
bir araya gəldiyi yerdir".
Beləliklə, dünya
Azərbaycanın həm
tarixi və adət-ənənələri, o cümlədən qonaqpərvərliyi,
həm də bugünkü iqtisadi qüdrəti, bir sözlə, nələrə
mənsub və qadir olduğunu gördü.
Bundan üç
il sonra - 2015-ci il iyunun 12-dən 28-nə qədər Azərbaycanın
paytaxtı tarixdə ilk dəfə keçirilən bir idman yarışına - Avropa Oyunlarına evsahibliyi etdi. Bu tədbirin miqyasını rəqəmlər
belə əks etdirir: yarışlarda Avropanın 50 ölkəsinin
10 min idmançısı
mübarizə apardı.
2015 Avropa Oyunlarının
təqviminə 30 idman
növü daxil edildi. İdmançılar
253 dəst medal uğrunda yarışdı.
Satışa 600 min bilet çıxarıldı.
15 min könüllü
səfərbər olundu.
Tədbir ərəfəsində
qısa bir zamanda Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası inşa edildi, Heydər Əliyev adına İdman-Konsert Kompleksində əsaslı
təmir işləri
aparıldı, digər
idman infrastrukturu yaradıldı.
Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Təşkilat
Komitəsi bu tədbirə də böyük səriştə ilə hazırlıq gördü
və onu yüksək səviyyədə
başa çatdırdı.
Vurğulayaq ki, həmin vaxta qədər dünyada bu adda oyunlar
keçirilməmişdi, yəni
bu istiqamətdə heç bir təcrübə yox idi. Bu təcrübəni
Azərbaycan yaratdı!
2017-ci ildə Bakıda
keçirilən IV İslam
Həmrəyliyi Oyunları
üçün platforma
da Avropa Oyunlarında toplanmış
təcrübə oldu.
Azərbaycanın evsahibliyi
etdiyi müxtəlif təyinatlı beynəlxalq
tədbirlərin siyahısını
xeyli uzatmaq mümkündür. Məsələn,
Beynəlxalq Xəzər
Neft-Qaz Sərgisi 30 ildir ünvanını dəyişmir. Dünyanın
bu sektorda çalışan ən görkəmli mütəxəssislərinin
görüş yeri, ən tanınmış şirkətlərinin öz
nailiyyətlərini nümayiş
etdirdiyi məkan yenə də Azərbaycandır. 2015-ci ildən
başlayaraq "Cənub
Qaz Dəhlizi" Məşvərət Şurasının
iclasları da dünyanın bir çox görkəmli enerji mütəxəssislərini
və layihədə iştirak edən ölkələrin rəhbərliyinin
nümayəndələrini Bakıda bir araya gətirir.
Azərbaycanda bu
il də bir sıra beynəlxalq
konfranslar, simpoziumlar, forumlar və digər toplantılar keçiriləcək. İlin
sonunda isə ölkəmiz
BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına - COP29-a evsahibliyi
edəcək. Bu, Azərbaycana növbəti
böyük etimad və hörmətin göstəricisidir. Bununla
bağlı keçən
il dekabrın 15-də
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. Dövlətimizin
başçısı müşavirədə
çıxış edərək
COP29-un miqyas və mahiyyətini qeyd etdi: "İrimiqyaslı
beynəlxalq tədbirlərin
keçirilməsi təbii
ki, üzərimizə
böyük məsuliyyət
qoyur. Ancaq biz bu günə
qədər bir çox beynəlxalq tədbirlər keçirmişik.
Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə
keçirmişik. Onu
da hər kəs bilir ki, bu mötəbər
beynəlxalq tədbir
ikinci dəfə Bakı şəhərində
keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının
paytaxtı olan Bakıda, bu il isə müstəqil
Azərbaycanın paytaxtı
olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər
keçirilmiş tədbirlərlə
müqayisəyə gəlmir.
Hətta Avropa Oyunlarını xatırlasaq,
o vaxt 5 min idmançı və onları müşayiət
edən təqribən
3 min qonaq gəlmişdir. Ancaq
COP29-da 10 minlərlə xarici
nümayəndə ölkəmizə
gələcək, iki
həftə ərzində
Bakı dünyanın
mərkəzi olacaq. Müəyyən ehtimallara
görə, təqribən
70-80 min xarici qonaq bu müddət
ərzində ölkəmizdə
olacaq. Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq
tədbirlərdən biridir.
Ölkələrin təmsilçiliyi
nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır".
Prezident vaxtın
o qədər də çox olmadığını,
tədbirə 11 aydan az qaldığını nəzərə çatdırdı.
Ona görə də dərhal bütün hazırlıq
işlərinə start
verməyin vacib olduğunu nəzərə
çatdırdı.
Azərbaycan bu
möhtəşəm və
əzəmətli tədbirin
yüksək səviyyədə
keçməsi üçün
ciddi hazırlıq işləri görəcək
və hər dəfə olduğu kimi, yenə də dünyanı öz təşkilatçılığı,
qonaqpərvərliyi, nizam-intizamı,
gücü və qüdrəti ilə valeh edəcək. Buna şübhə yoxdur. Dövlətimizin başçısı da məhz bunu vurğulamışdır: "COP29 beynəlxalq konfransını
da biz yüksək
səviyyədə keçirəcəyik,
bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq. Eyni zamanda
Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha
görəcək ki, bizim gündəliyimiz
"yaşıl enerji"
ilə bağlıdır.
"Yaşıl enerji"
növlərinin yaradılması
və "yaşıl
enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha
görəcək".
Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də
Prezident İlham Əliyev COP29-a hazırlıq
məsələlərinə toxunmuşdur. Qeyd etmişdir ki, Azərbaycan
COP29-un prezidenti kimi xüsusi rola malik olacaq: "Proseslərin gedişatı
bizim mövqeyimizdən
böyük dərəcədə
asılı olacaq. Biz artıq bir neçə ölkədən əməkdaşlıq
təklifi almışıq.
Bizimlə bu hazırlıq dövründə
əməkdaşlığın istiqamətləri müəyyən
edilsin və biz bütün ölkələrlə əməkdaşlığa
hazırıq, bu, bizim üçün də böyük bir təcrübə olacaq".
Flora SADIQLI,
Azərbaycan.-2024.-
13 yanvar, № 6.- S.1-11.