Azərbaycan Fransa müstəmləkəçiliyinin ifşasını davam etdirəcək

 

 

"Vaxtilə Fransa burjua inqilabının təbliği bütün dünyanı bu ölkənin guya demokratiyanın beşiyi olmasına inandırmağa xidmət edirdi.  Lakin elə həmin illərdə Fransa dünyanın ən böyük işğalçı kolonist dövlətlərindən biri idi. Afrikadan tutmuş Asiyaya qədər olan ərazilərdə işğal altında saxladığı kifayət qədər ölkələr var idi. Fransa həmin kolonist siyasətini bu gün davam etdirir. Paris bu azmış kimi Cənubi Qafqazda möhkəmlənmək üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermir".

Bu mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Anar İsgəndərov deyib ki, Fransa uzun illər boyu bizə tamam fərqli formada təqdim olunub: "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbin bəzi dairələrinin, o cümlədən Fransanın da ölkəmizə səmimi münasibəti olmayıb. Təbii ki, bu məsələnin kökündə həm Ermənistan faktoru durur. Belə demək mümkünsə, Fransa "kiçik bacı"sı Ermənistana görə heç vaxt Azərbaycana qarşı ədalətli mövqedə dayanmayıb. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi , Fransa Ermənistanın işğalçı siyasətini ermənilərdən daha çox müdafiə edirdi. İllərlə davam edən münaqişədə Paris bir dəfə olsun Azərbaycanın haqqını müdafiə etmədi. 44 günlük Vətən müharibəsi dövründə isə Fransanın üzü tamam aydın oldu. Azərbaycan Fransanın ədalətsiz siyasi gedişlərinə cavab verdi təhdidlərin heç birini qəbul etmədi. Bu, təbii ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti idi".

Deputat deyib ki, bu gün Azərbaycan dünyada qəbul olunan qüdrətli dövlətdir. Ölkəmiz Mərkəzi Asiyada özünün nüfuzu ilə diqqət cəlb edir: "Fransa Qərb üçün "demokratiya beşiyi" olsa da, əslində, ədalətsiz dövlətdir. Fransa təhdidlər yağdırsa da, bu, onun sərhədlərindən keçmir. Fransa onu dərk etməlidir ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan heç bir dövlətin işinə qarışmadığı kimi, digər ölkələr bizim daxili işlərimizə qarışa bilməzlər".

Anar İsgəndərov həmçinin söyləyib ki, bu gün Fransanın Afrikadakı koloniyaları da onu göstərir ki, bu ölkənin haqq-ədalətdən danışmağa haqqı yoxdur. Ona görə Azərbaycan fransız neokolonializminin ifşa olunmasını dəstəkləməyə davam edəcək. Azərbaycan həmçinin həmin ərazilərin fransız müstəmləkəçilərinin zülmündən azad olunması prosesinə öz dəstəyini nümayiş etdirəcək.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 13 yanvar, № 6.- S.1-10.