Fransada Natəvanın heykəlinə qarşı vandalizm mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir

 

Son illər Azərbaycan və Fransa arasında münasibətlər gərgindir və Azərbaycan Qarabağda suverenliyini bərpa etdikdən sonra bu gərginlik daha da artıb.

Bu fikirləri  beynəlxalq münasibətlər və geosiyasət üzrə tədqiqatçı və professor Sebastyən Busua müsahibəsində deyib.

Bildirib ki, Qarabağ azad edildikdən sonra Fransadakı erməni diasporunun, eləcə də ermənipərəst siyasi hakimiyyətin son dərəcə aqressiv hərəkətləri artıb. Xüsusilə də, bunu mediada daha çox görmək olur.

“Bu gün isə Fransa ərazisində olan Azərbaycan mədəni irsinə qarşı bu aqressiyanın yeni formasının şahidi oluruq. Xatırladaq ki, Azərbaycan özünün çox mədəniyyətli və çox dinli ənənəsinə uyğun olaraq Fransada bir çox kilsələrin bərpa edilməsinə böyük töhfələr verib. Bununla da Azərbaycan həm tarixi ənənəsini, həm də müxtəlif mədəniyyətlərə və dinlərə açıq olduğunu göstərib. Fransada olan ermənilər Evian şəhərində azərbaycanlı şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalızm aktı törədərək aqressiyalarının yeni formasını göstərirlər. Mədəni irsə qarşı vandalizm aktı qəbuledilməzdir. Qafqazda, Orta Şərqdə mədəniyyətə, ədəbiyyata böyük önəm verilir. Ədəbi irs böyük nüfuza malikdir. Mədəni irsin siyasətlə heç bir əlaqəsi yoxdur.

İncəsənət və mədəniyyət sahəsində böyük və tanınmış şəxsiyyətlər siyasi məqsədlər üçün alətə çevrilməməlidirlər. Evianda ermənilərin azərbaycanlı şairənin heykəlinə qarşı törətdikləri vandalizm mədəniyyətin siyasi alətə çevrildiyini əks etdirir”,- deyə S.Busua bildirib.

Professor Evian şəhərində şairə Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına təəssüfləndiyini bildirərək deyib ki, bu aktla Fransada ermənilər Azərbaycana qarşı təzyiq məngənəsini getdikcə daha da sıxmağa çalışırlar. Bunun nəticəsində isə Azərbaycan-Fransa münasibətləri getdikcə deqradasiyaya uğrayır. Həmçinin bu vəziyyət siyasətə də mənfi təsir edir. Belə ki, Fransa keçmiş ATƏT-in Minsk qrupunda olduğu üçün Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu düzgün oynamaq üçün neytral siyasət seçməli idi. Bununla da tərəflər arasında sülhün bərqərar olmasına töhfə verə bilərdi. Ancaq təəssüf olsun ki, Yelisey erməni lobbisinin təzyiqi altında neytral rolunu itirdi və ikitərəfli münasibətlər hər gün getdikcə daha da gərginləşir.

“Evianda şairənin heykəlinə qarşı olan vandalizm aktı ermənilərin törətdikləri digər aqressiv aktlardan biridir. Ermənilər öz tarixlərini, eləcə də Qarabağda baş verən hadisələri özləri istədikləri formada və öz versiyalarında məcburi yeritmək istəyirlər. Bununla da onlar separatçı qrupları müdafiə etmək və beynəlxalq səviyyədə heç bir ölkənin, hətta Ermənistanın özünün belə tanımadığı ərazini özlərininki kimi tanıtmağa çalışırlar, ancaq bu heç bir nəticə verməyəcək”, - deyə S.Busua qeyd edib.

 

Azərbaycan.-2024.- 13 yanvar, ¹ 6.- S.10.