Azərbaycanda
fəaliyyət göstərən
dini konfessiyaların rəhbərləri ABŞ Dövlət
Departamentinə müraciət
ünvanlayıblar
Azərbaycanda fəaliyyət
göstərən dini
konfessiyaların rəhbərləri
ABŞ dövlət departamentinə
müraciət ünvanlayıblar.
Bu barədə
AZƏRTAC-a Qafqaz Müsəlmanları
İdarəsindən məlumat
verilib.
Müraciətdə deyilir: “Biz – Azərbaycanda fəaliyyət
göstərən dini
konfessiya rəhbərləri
Məşvərət Şurasının
üzvləri ABŞ-ın
Beynəlxalq Din Azadlığı Komissiyasının
(USCIRF) hesabatına istinadən
Dövlət Departamentinin
ölkəmizi 2023-cü ildə
dini etiqad azadlığı üzrə
“xüsusi izləmə
siyahısı”na salmaq
barədə qərarını
qətiyyətlə pisləyir,
bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik. Etiraz bəyanatımızın məramı
Azərbaycan reallıqlarına
istinadən obyektiv mövqe ifadə etməkdir.
Hazırda Azərbaycanda
işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma
və bərpa işlərinə, məcburi
köçkünlərin öz
dədə-baba yurdlarına
qayıdışı prosesinə
beynəlxalq ictimaiyyətin
humanitar və mənəvi dəstəyini
gözlədiyimiz bir zamanda revanşist erməni dairələrinin
haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı
ədalətsizlik kimi
dəyərləndiririk.
Əfsuslar olsun
ki, beynəlxalq hüquq çərçivəsində
dünya birliyi tərəfindən tanınan
ərazi bütövlüyünü
bərpa etmiş Azərbaycana qarşı
ABŞ Konqresinin qərarı
ilə 907-ci maddənin
yenidən tətbiqinin
ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə
gəlmişdir. Burada
diqqətçəkən məqam
bundan ibarətdir ki, 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa
şübhəli izləmə
siyahısına salınması
nədən vacib sayıldı? Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət
bayrağımızın Xankəndidə
ucaldılması, ölkəmizin
müstəqil siyasəti
müəyyən dairələri
narahat edir.
Biz birmənalı
şəkildə bəyan
edirik ki, Azərbaycanın dini-mənəvi
həyatında, dövlət-din
münasibətləri müstəvisində
heç bir problem mövcud deyil. Hesabatdakı iddiaların əksinə,
Azərbaycan hüquqi-demokratik,
milli-mənəvi dəyərlərinə
ehtiram bəsləyən
dünyəvi dövlət
olaraq dini icmaların normal fəaliyyətinə hər
cür şərait yaradır.
Azərbaycanda multikulturalizm
dövlət siyasəti
olaraq həyata keçirilir, heç bir fərq qoyulmadan,
milli, dini, irqi ayrı-seçkilik edilmədən biz cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirik. Ölkədə fəaliyyət göstərən
bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər
il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst
icra olunur, dövlət başçımız
bayramlarımıza və
mərasimlərimizə özəl
diqqətlə yanaşır,
ölkədaxili və
beynəlxalq tədbirlərdə
nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət
məkanlarımıza gəlincə,
ölkəmizdə müstəqillik
dönəmində son
illər ərzində
tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş,
yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlıq ünvanı
– Azərbaycan” layihəsi
çərçivəsində ölkəmizin bölgələrində,
o cümlədən xaricdə
onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur.
Qeyd olunmalıdır
ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası
2022-ci il hesabatında
Ermənistan tərəfindən
vaxtilə işğal
altında olmuş ərazilərdə 403 tarixi
və dini abidənin olmasını və 67 məsciddən
63-nün tamamilə dağıdılması,
dördünün isə
qismən dağıdılmasını
və yararsız hala düşdüyünü
təsdiq etmişdir. Azərbaycanın 30 ilə
yaxın müddətdə
işğal olunmuş
ərazilərində məscidlərlə
bərabər xristian məbədləri və digər bölgələrdəki
qədim Qafqaz alban kilsələri qəsb edilmiş, onların mənşəyi
dəyişdirilərək qriqoryanlaşdırılmış, Xocavənd pravoslav kilsəsi isə dağıdılmışdır.
Təəccüblüdür ki, bu vandalizm
hallarını törətmiş
və 30 il ərzində əzəli
Azərbaycan torpaqlarını
işğal altında
saxlamış Ermənistana
qarşı Dövlət
Departamenti tərəfindən
hər hansı qınaq ifadə olunmamış, onu öz “qara siyahısı”na
daxil etməmişdir.
2022-ci il hesabatında
qeyd olunub ki, Azərbaycan dəfələrlə beynəlxalq
səviyyədə, o cümlədən
BMT Baş Assambleyasında
onilliklər ərzində
Ermənistanın Azərbaycanda
törətdiyi vandalizm
aktlarına hüquqi qiymət verilməsi,
UNESCO-nun regionda mədəni irsin qorunması məsələlərinin
qiymətləndirilməsi və
məsləhətləşməsi üzrə müstəqil,
şəffaf missiyasını
dəstəkləməyə çağırmış, lakin
nə UNESCO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası bu təkliflərə hələ
də cavab verməmişdir.
Bizi narahat edən daha bir məsələ
2023-cü il hesabatında
erməni dini abidələrinin qorunacağına
dair şübhələrin
ifadə olunmasıdır.
Halbuki ərazilərimiz
Ermənistanın işğalında
olan dövrdə, müharibə dönəmində
və bu gün də Bakının mərkəzi
meydanında erməni
kilsəsi dövlət
tərəfindən qorunmaqdadır,
hətta 2010-cu ildə
erməni katolikosu şəxsən ziyarət
edərək orada ibadət ayini həyata keçirmiş,
kilsə nəzdində
kitabxana ilə tanış olmuşdur.
ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus
dini abidələrin dağıdılması faktlarını
araşdırmağı məsləhət
görərdik. Sülh
müqaviləsi bağlanmasında
vasitəçi olmağa
iddialı dövlət
məsələlərə qərəzsiz yanaşmalıdır.
Hesabat tərtib
edənlərin diqqətinə
çatdırmaq istərdik
ki, Azərbaycanın dinlərarası mühitini,
dini vəziyyətini izləmək üçün
həyata keçirilən
gündəlik tədbirlərdə
iştirak etmək, dini konfessiyaların həyat və fəaliyyəti ilə yerində tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə səfərlər
etmək lazımdır.
Əminik ki, diplomatik korpus nümayəndələrinin azad
olunmuş Şuşaya
və s. şəhərlərinə
çoxsaylı səfərlərində
amerikalı diplomatlar da iştirak etsəydilər, orada məscidlərlə yanaşı
xristian və digər dinlərə məxsus məbədlərin
necə qayğı ilə bərpa olunduğunun canlı şahidi olardılar və ABŞ diplomatlarının
hesabatlarında bu faktlar öz əksini tapardı. Azərbaycanı peyklər
vasitəsilə deyil,
dost səfərləri
ilə öyrənmək
saxta, məkrli erməni qarayaxmalarının
təsirindən azad, obyektiv münasibət nümayiş etdirməni təmin edərdi.
ABŞ Dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan
salınmasında, beynəlxalq
siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında
maraqlı olan anti-Azərbaycan lobbiçilərin,
eləcə də erməni revanşist təbliğatının nəticəsidir
və bölgədə
sülhün əldə
olunması işinə
xələl gətirir.
Aşkar faktdır
ki, Azərbaycan 2020-ci
ildə əzəli torpaqlarını işğaldan
qurtardıqdan və
2023-cü ildə öz
qanuni əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra erməni kilsəsinin rəhbərləri revanşizmin
önündə gedir,
aktiv şəkildə
nifrət çağırışları
ilə etnik dözümsüzlüyü təşviq
edir, aqressiv separatizmi dəstəkləyirlər.
Erməni dini liderləri öz xalqını sülhə
dəvət etmək əvəzinə yeni müharibələrə, özgə
ərazilərini işğala
çağırırlar ki,
bu da fundamental
insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə
ziddir.
Hesabatda ölkəmizin
dini kəsimində məzhəb ayrı-seçkiliyi
ilə bağlı əsassız iddiaları,
o cümlədən həqiqəti
əks etdirməyən
uydurma “statistikanın”
müxtəlif xarici ölkə, beynəlxalq qurum hesabatlarına məkrli şəkildə
daxil olunmasını qeyri-etik və təxribat hesab edirik. Dinlərarası harmoniya mühiti, multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə
tanınan Azərbaycanın
son dövrlərdə
birtərəfli erməni
mövqeyindən çıxış
edən qüvvələr
və dini amildən fəal istifadə edən dairələr tərəfindən
hədəfə alınmasını
qətiyyətlə pisləyir,
bu manipulyasiya hallarına son qoymağa çağırırıq.
ABŞ Dövlət Departamentinin
Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr
qismində xüsusi izləmə siyahısına
salmaq barədə qərarını birmənalı
şəkildə rədd
edirik.
Şeyxülislam Allahşükür
Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin
sədri
Milix Yevdayev, Azərbaycandakı Dağ
Yəhudiləri İcmasının
rəhbəri
Arximandrit Aleksiy,
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi
Aleksandr Şarovski,
Bakıdakı Avropa Yəhudiləri İcmasının
rəhbəri
Robert Mobili, Azərbaycandakı
Alban-Udi Xristian Dini İcmasının
sədri”.
Azərbaycan.-2024.-
13 yanvar, ¹ 6.- S.10.