“Dövlət-sahibkar
tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın
əsası” mövzusunda
konfrans keçirilib
Bu gün müxtəlif biznes assosiasiyalarının
nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı,
logistika, İKT, səhiyyə,
sığorta, turizm, tekstil və digər sahələrdə
fəaliyyət göstərən
iş adamlarının,
startapçıların təşəbbüsü
ilə “Dövlət-sahibkar
tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın
əsası” mövzusunda
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Mərkəzində
baş tutan tədbirdə Azərbaycan
Respublikasının Dövlət
Himni səsləndirilib və
ölkəmizin ərazi
bütövlüyü uğrunda
canlarından keçmiş
şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Konfransda son
20 ildə Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi,
özəl sektorun inkişafı istiqamətində
həyata keçirilmiş
tədbirlərə və
əldə olunmuş
uğurlara həsr edilmiş film nümayiş
olunub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən
Azərbaycanda sahibkarlığın
formalaşdırılması istiqamətində əvəzsiz
işlər görülüb.
Hazırda bu sahə dövlət başçısı, cənab
İlham Əliyevin rəhbərliyi
ilə qlobal çağırışlara uyğun
şəkildə daha
da inkişaf edir. Aparılan islahatlar nəticəsində ölkəmizin
iqtisadi qüdrəti günbəgün güclənir,
etibarlı tərəfdaş
kimi dünya səviyyəsində nüfuzu
artır. Vətən
müharibəsində qazanılmış
Zəfərlə ərazi
bütövlüyünü tam bərpa etmiş Azərbaycanda, xüsusilə
Qarabağ və Şərqi Zəngəzurda
biznesin dirçəldilməsi
üçün geniş
imkanlar var. Sahibkarlar dövlətin dəstək
mexanizmləri, onlara verilən güzəştlər
və stimullardan yararlanırlar.
Konfransda çıxış
edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev qeyd edib ki, Prezident
İlham Əliyevin rəhbərliyi
ilə aparılan genişmiqyaslı işlər
nəticəsində özəl
sektorun inkişafında
yeni mərhələ başlayıb.
Artıq dövlət-sahibkar
münasibətləri daha
da genişlənir, iri
şəhərlərlə yanaşı regionlarda da sahibkarlıq güclənir.
Azərbaycan sahibkarları
xarici ölkələrdə
də bir sıra layihələr icra edir. Dövlət
dəstəyi tədbirləri,
qabaqcıl təcrübəyə
əsaslanan yeni qanunların
qəbulu özəl bölmənin iqtisadi inkişafa töhfəsini
artırır. Bu gün
dövlət-özəl sektor
tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələrin icrası iqtisadiyyatda səmərəliliyi yüksəldir.
Tikinti sahəsində
ixtisaslaşmış “Huner Group”un rəhbəri
Ehtiram Quliyev ölkəmizdəki
əlverişli və
şəffaf mühitin
şirkətin fəaliyyətinin
fərqli istiqamətlər
üzrə genişlənməsində
rolunu qeyd edib. Öz təcrübəsini
bölüşən sahibkar
rəhbərlik etdiyi şirkətin reallaşdırdığı
layihələr barədə
məlumat verib, fəaliyyətlərində sosial
məsuliyyət prinsiplərinə
əməl olunduğunu
bildirib. Vurğulayıb
ki, sahibkarlar hər şeyi dövlətdən
gözləməməlidirlər və xalqımızın
rifahı naminə dövlətin inkişafı
üçün əllərindən
gələni etməlidirlər.
Aqrar sektorda fəaliyyət göstərən
sahibkar Jalə Əmirbəyova
diqqətə çatdırıb
ki, sahibkarlığa dövlət
himayəsinin sistemli şəkildə həyata
keçirilməsi, dəstək
tədbirlərinin səmərəsinin
yüksəldilməsi bu
sahədə mühüm
nailiyyətlərin əldə
edilməsinə səbəb
olub. Xanım sahibkar qeyd edib
ki, demək olar ki, dövlətin fermerlərə
olan bütün dəstək mexanizmlərindən
istifadə edərək,
öz biznesini sıfırdan hazırkı
uğurlu vəziyyətə
çatdıra bilib.
Naxçıvan Muxtar Respublikasında
qida və qeyri-qida sənayesi sahəsində fəaliyyət
göstərən “Ləzzət
Qida Sənaye" MMC-nin rəhbəri Teymur
Rzayev qeyd edib ki, dövlət başçısının
rəhbərliyi ilə
ölkəmizdə həyata
keçirilən genişmiqyaslı
sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında
yeni mərhələnin başlanmasına
zəmin yaradıb. Respublikada yaradılmış
əlverişli biznes mühitindən bəhrələnərək
rəqabətqabiliyyətli və ixracyönümlü
yeni istehsal sahələri
yaradan MMC ayrı-ayrı
illərdə investisiya
təşviqi sənədindən
faydalanıb, xeyli vəsaitə qənaət
edib.
Astarada turizm sahəsində çalışan
“Okhatan” MMC-nin rəhbəri Samir Əlizadə
bildirib ki, Azərbaycanda
biznes üçün,
o cümlədən turizmin
inkişafı üçün
böyük potensial
var. Dövlət başçısı
bu potensialın reallaşdırılmasına xüsusi
diqqət göstərir.
Sahibkar bölgələrdə
turizm müəssisələrinin
yaradılmasının həm
biznesin inkişafı,
həm də məşğulluğun artırılması
baxımından əhəmiyyətinə
toxunub, təmsil etdiyi şirkətin fəaliyyəti barədə
məlumat verib.
Startapçı Taleh Kərimli
müəllifi olduğu
“Nextsale” və “Uvodo” startapları barədə məlumat verib. Qeyd edib
ki, dövlət qurumlarının
dəstəyi Azərbaycanda
startap ekosisteminin güclənməsini təşviq
edir. Elə bunun nəticəsidir ki, elektron ticarət saytlarında satışları
artırmaq üçün
nəzərdə tutulmuş
“Nextsale” tətbiqi bir sıra yerli
və beynəlxalq mükafatlar qazanıb və 2020-ci ildə ilin startapı seçilib. Hazırda “Uvodo” elektron ticarət platforması da genişləndirilir.
Əczaçılıq sənayesində
"Diamed Co" MMC-nin
təmsilçisi Samirə
Hüseynova bildirib ki, “Diamed”
Azərbaycanda və cənubi Qafqazda fəaliyyət göstərən
ilk tibbi plastik məhsul istehsal edən zavoddur. Zavodun dövlət başçısının iştirakı
ilə 2019-cu ildə Pirallahı Sənaye Parkında açılışı
olub. Müəssisədə
müasir texnologiyalar əsasında müxtəlif
tutumlu birdəfəlik
şprislərin istehsalı
həyata keçirilir.
Layihənin reallaşdırılması
üçün dövlətin
5 milyon manat güzəştli
krediti ayrılıb. Bildirilib ki, zavod yaxın zamanlarda müxtəlif növ vakuumlu qan tüpləri
də olmaqla daha bir neçə
adda yeni məhsulun istehsalına
başlamağı planlaşdırır.
Tikinti materiallarının
istehsalı sektorunda “Thermo Natural Azerbaijan" MMC-nin
baş direktoru Elman
Abbasov bildirib ki, rəhbərlik
etdiyi şirkət ölkəmizdə bir sıra irihəcmli layihələrin icraçısıdır.
Artıq dövlət-özəl
tərəfdaşlığı çərçivəsində Ağdam və Laçın rayonlarında
da bir sıra layihələr icra olunub. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, xaricə də ixrac olunur.
Vurğulanıb ki, dövlət
tərəfindən verilən
güzəştlər və
imtiyazlar şirkətin
həyata keçirdiyi
layihələrin uğurlu
olmasına zəmin yaradıb və gələcəkdə istehsalın
artırılması üçün
daha geniş imkanlar təqdim edir.
Beynəlxalq yükdaşımalar
sahəsində "Hellmann Vorldvide Logistics" MMC-nin
rəhbəri Kamran Həbibov MMC-nin əsas fəaliyyət
istiqamətlərini diqqətə
çatdırıb. Bildirilib
ki, beynəlxalq yük
daşınmalarını həyata
keçirən şirkət
14 illik fəaliyyəti
ərzində daim dövlətin dəstəyini
hiss edib, aparılan iqtisadi islahatlardan bəhrələniblər. Xüsusən
də, tənzimləmə
prosesində texnoloji yeniliklərin tətbiqi bu sahədə çalışan biznes subyektləri üçün
geniş imkanlar açır.
Xüsusi qoruyucu ayaqqabı istehsalı sahəsində fəaliyyət
göstərən "Bafco
Invest" MMC-nin təsisçisi
Emin Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi, Ordumuzun
əzmi ilə işğaldan azad edilmiş torpaqlarımızda
biznes üçün
yaradılmış şəraitdən
faydalandığını qeyd edib. Ağdam
Sənaye Parkının
rezidenti olan “Bafco Invest”, həmçinin
dövlətin güzəştli
kreditlərindən və
vergi güzəştlərindən
yararlanıb. İllik
500 min cüt ayaqqabı
istehsalı gücünə
malik olan müəssisənin
məhsulları yerli bazarla yanaşı, xarici bazarlara da ixrac ediləcək.
"Edtesk" MMC-nin təsisçisi Şahin Xəlilov bildirib ki, 7 il öncə
Sabah qrupunun məzunu olaraq Heydər Əliyev Mərkəzində çıxış
edib, gənclərə
göstərilən dəstəyə
görə dövlət
başçısına təşəkkür
edib. Sevindirici haldır ki, ölkəmizdə
startap ekosisteminin inkişafı, o cümlədən
gənclərin innovativ
ideyalarının reallaşması
üçün yaradılmış
əlverişli şərait
uğurlu startap təsisçisi kimi çıxış etməyə
imkan yaradıb. Hazırda rəhbərlik etdiyi şirkət yerli və xarici
bazarları əhatə
edən 4 fərqli startap məhsulu ilə tanınır. Texnofest Azərbaycanın qalibi olmuş şirkət dövlət
müəssisələri ilə
sıx tərəfdaşlıq
edir.
Tədbirin sonunda konfrans iştirakçıları
adından Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
rəhbərliyi ilə
həyata keçirilən
siyasət kursuna dəstək məqsədilə
bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, qlobal çağırışlar fonunda
ölkəmizdə makroiqtisadi
sabitlik qorunub saxlanılır, iqtisadiyyat
şaxələnir, özəl
bölmənin inkişafı
üçün daha əlverişli biznes və investisiya mühiti yaradılır. İş adamları bütün qüvvələrini
səfərbər edərək
Qarabağın tez bir zamanda yenidən
dirçəldilməsi və
Böyük Qayıdışa
töhfə verməkdən
qürur duyurlar. Konfrans iştirakçıları
bundan sonra da Azərbaycan iqtisadiyyatının
inkişafı üçün
üzərlərinə düşən
vəzifələri dönmədən
həyata keçirəcəklərini
bəyan ediblər.
Azərbaycan.-2024.-
13 yanvar, ¹ 6.- S.5.