Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi ərəb mediasının diqqət mərkəzində olub

 

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara geniş müsahibəsi ərəb ölkələrinin telekanalları və ən geniş oxucu kütləsinə malik olan qəzet və portallarının diqqət mərkəzində olub.

Qətərin rəsmi QNA informasiya agentliyi və “Əl Cəzirə”” telekanalı Azərbaycanın dövlət başçısının çıxışında Ermənistanla sülh sazişinin imzalanmasına hazırlıq prosesi və Fransanın Cənubi Qafqaz regionunda destruktiv siyasəti ilə bağlı yer almış fikirləri ön plana çıxarıb. Materiallarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İrəvanın tədricən sülh prosesinə hazırlandığını, Fransanın isə yeni müharibə üçün Ermənistanı silahlandırdığını söyləyib. Eyni zamanda, Azərbaycanın lideri iki ölkə arasında danışıqlar prosesində təminatçılara ehtiyac olmadığını vurğulayıb.

Azərbaycan Prezidentinin müsahibəsi BƏƏ-nin “Əl-Xalic”, Misirin “Əl Əhram” və “Nile” qəzetlərində, həmçinin “Əl Nəşrə”, “Əl Rəy”, “Əl Cumhuria”, Londonda ərəb dilində nəşr edilən “Independent Arabia” portallarında da işıqlandırılıb. Məqalə və xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib, Parisi erməni silahlı qüvvələrini silahlandırmaqda, regional sülhə əngəl törətməkdə ittiham edib. Dövlət başçısı vurğulayıb ki, ötən il sentyabrın 20-si Azərbaycanın müasir tarixində yeni eranın başlanğıcı oldu, ölkə uzun fasilədən sonra öz əraziləri üzərində tam suverenliyini bərpa etdi. Prezident İlham Əliyev qeyd edib ki, fevralın 7-də prezident seçkiləri ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək.

 

Azərbaycan.-2024.- 13 yanvar, ¹ 6.- S.9.