Baş plana əsasən, Bakıda hibrid dəhlizlər yaradılacaq,
ictimai parkların sahəsi artırılacaq
İqlim dəyişikliklərinə,
atmosfer havasının
çirklənməsinə təsir edən amillərdən biri dünyada yaşıllıq
sahələrinin getdikcə
azalmasıdır. Meşələrin
qırılması, qanunsuz
ağac kəsimləri,
yanğınların baş
verməsi də belə sahələrin azalmasına gətirib çıxarır.
Azərbaycanda isə
vəziyyət başqadır.
Ölkəmiz beynəlxalq
ictimaiyyətin etibarlı
və məsuliyyətli
üzvü kimi iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə daim
öz töhfəsini
verir.
Bu il ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının
- COP29-un keçirilməsi bu baxımdan böyük əhəmiyyətə
malikdir. Məhz buna görə Prezident İlham Əliyevin sərəncamına
əsasən, 2024-cü il
"Yaşıl dünya
naminə həmrəylik
ili" elan olunub.
Bakı şəhərinin
20 illik inkişaf dövrü ilə bağlı hazırlanan baş planda da şəhər ərazisində yaşıllıqlar
və açıq məkanlarla təminat səviyyəsinin artırılması
prioritet hədəflərdən
biridir.
Beynəlxalq meyarlara
əsasən, yaşıllıqlarla
təminat normaları
adambaşına 5-15 kvadratmetr
arasında dəyişir.
Bu isə Nazirlər Kabinetinin "Yaşayış məntəqələrinin
yaşıllıqla təmin
edilməsi Normaları"
ilə uyğunluq təşkil edir. Bakının baş planında perspektivdə şəhər səviyyəsində
yaşıllığın adambaşına 8 kvadratmetr
olması məqsədəuyğun
hesab olunub və bunun həyata
keçirilməsi mümkün
hədəf kimi görünür.
Paytaxtda ümumi
istifadədə olan yaşıllıqların 2020-ci ilə olan göstəricilərinə
əsasən, ictimai
parkların sahəsi
920 hektar, meşəliklər,
yenidən əkilmiş
ağaclıq ərazilərin
sahəsi 615 hektar olmaqla, cəmi 1 535 hektardır. 2040-cı ilə
qədər isə ümumi istifadədə olan yaşıllıqlar üzrə hədəf göstəricinin 2535 hektara
çatdırılması planlaşdırılır. Yaşayış
zonaları daxilindəki
ictimai parklar və meşə-parklardan
başqa, bu kateqoriyaya açıq sahil zonaları və ekoloji əhəmiyyətə malik
təbii landşaft əraziləri də daxildir. Hazırda ictimai parklar (oyun meydançaları, idman, istirahət sahələri), meşə-parklar
və yenidən əkilmiş ağaclıq
ərazilər, qəbiristanlıqlar,
turizm sahələri (ictimai çimərliklər)
və mühafizə olunan təbiət əraziləri daxil olmaqla təbii və açıq yaşıllıq ərazilər
təqribən 11 830 ha
ərazini əhatə
edir ki, bu, ümumi layihə ərazisinin 5,56 faizi deməkdir. Bakını gələcəyə
hazır olan bir şəhər kimi inkişaf etdirmək üçün
baş plan çərçivəsində bütün layihə ərazisində təbii yaşıllıqların və
açıq məkanların
ümumi ərazidəki
payının minimum
10 faizə çatdırılması
hədəflənib.
Dənizkənarı sahil parkının sahəsi böyüyəcək
Son illər Azərbaycanda, xüsusən
Bakıda yaşıllıqların
artırılması, təbii
landşaftın saxlanılaraq
qorunmasının, paytaxt
sakinlərinin asudə
vaxtlarını keçirmələri
üçün bir çox ərazidə müxtəlif tipli parkların salınmasının
şahidi oluruq.
Prezident İlham
Əliyevin tapşırığı
əsasında yaşayış
məhəllələrinə yaxın ərazilərdə
yaşıllıqların qorunmasına,
xüsusən meşə
tipli parkların salınmasına üstünlük
verilir.
Bütün bunlar
nəzərə alınaraq
baş planda ictimai parkların sahəsinin artırılması
hədəflənib. 2040-cı ilədək mövcud məskunlaşma və yeni inkişaf ərazilərində ictimai
parklar (2020-ci ilə olan göstərici 920 ha) üçün təqribən 1151,3 hektar əlavə torpaq sahəsi ayrılacaq. Buraya Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ətrafında təklif olunan yeni park
da daxildir. Bu park yaxınlıqda
yerləşən sıx
məskunlaşmış məhəllələrdən,
ictimai-işgüzar zonalardan
və elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi
ərazilərdən yüksəkkeyfiyyətli
ictimai yaşıllıqlara
və rekreasiya ərazilərinə çıxışı
təmin edəcək.
Qeyd olunan ərazi SOCAR tərəfindən
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun transformasiyası və modernləşdirilməsi
layihəsi tamamlandıqdan
sonra park kimi inkişaf etdiriləcək. Zavodun ətrafında təklif olunan hibrid "yaşıl dəhliz"lərlə
birlikdə bu park yaşıl mühafizə zolağı
funksiyasını daşıyaraq
davamlı, sağlam və yüksəkkeyfiyyətli
yaşayış mühiti
təmin edəcək.
2027-ci ilədək dənizkənarı
sahil parklarının
266,8 ha, 2040-cı ilə
qədər 985,9 ha, hibrid "yaşıl dəhliz"lərin 2027-ci ilə
kimi 303,9 ha, 2040-cı
ilə kimi isə 361,6 hektara çatdırılması planlaşdırılır.
Hibrid "yaşıl
dəhliz"lərin əhəmiyyəti
Ümumiyyətlə, Bakı şəhərinin
gələcək inkişaf
mənzərəsi geniş,
təbii və açıq yaşıl məkanları, mühəndis
kommunikasiya infrastrukturu
obyektlərini özündə
ehtiva edən çoxfunksiyalı hibrid
"yaşıl dəhliz"lər
vasitəsilə mərkəzlər
arasında qarşılıqlı
əlaqənin yaradılmasını
özündə ehtiva
edir. Bu baxımdan həm şəhərdaxili, həm
də şəhərxarici
hibrid dəhlizlərin
yaradılması nəzərdə
tutulur.
Hibrid "yaşıl
dəhliz"lər gəzinti
məsafəsində yerləşən
ictimai yaşıllıqların
sayını artırmaq
və yaşıllıqların
az olduğu ərazilərdə yaşıl
məkanların sahəsini
genişləndirmək üçün
tətbiq olunan vasitədir. Bu, eyni zamanda piyada
gəzinti, velosiped və digər aşağı sürətli
mobillik vasitələri
(məsələn, elektron
skuterlər) ilə hərəkəti təşviq
edən yaşıl zolaqlar şəbəkəsi
yaratmaqla şəhərdə
əlaqələndirmənin gücləndirilməsi üçün
tətbiq olunur. Bu dəhlizlər ictimai nəqliyyat - avtobuslar və tramvay xətləri ilə inteqrasiya olunaraq şəhər daxilində nəqliyyatın
əlçatanlığının artırılmasına da müsbət təsir göstərə bilər.
Hibrid "yaşıl
dəhliz"lər, həmçinin
hibrid parklar Bakını sosialyönümlü
bir şəhərə
çevirməyə imkan
verəcək.
Məsələn, 28 May dəhlizi layihəsinə əsasən,
istismardan çıxarılmış
dəmir yolu xətlərinin şəhərdaxili
hibrid "yaşıl
dəhliz" kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsilə "Gənclik"
metrostansiyasının ətrafını
Bakı limanı və Bakı bulvarı ilə birləşdirəcək və
burada tramvay xətləri, ictimai yaşıllıq marşrutları,
istirahət, əyləncə,
yaşayış (təqribən
15,1 ha) və hətta mədəniyyət,
yaradıcılıq sahələri
(təqribən 9,7 ha)
yaradılacaq. Ümumilikdə
28 May hibrid dəhlizinin xətti parkı təxminən
15,6 ha ərazini əhatə edəcək.
Bakının yaşıl
parkı
Paytaxtda uzun illər müəyyən
ərazilərdə kəskin,
pis qoxulara səbəb olan bataqlıqlara çevrilmiş
göllər ətrafında
da müxtəlif yaşıllaşdırma layihələri
nəzərdə tutulub.
Məsələn, Xocəsən
gölü və Xocəsən Nəbatat Parkının bərpası
təklifinin davamı
kimi Xocəsən-Lökbatan
hibrid "yaşıl
dəhliz"inin inkişafı
nəzərdə tutulur.
Eyni zamanda Bibiheybət ərazisi daxil olmaqla Bakı
bulvarının uzunmüddətli
perspektivdə uzadılması,
Böyükşor, Xocəsən,
Zığ və Bülbülə göllərinin
ətrafının yaşıl
istirahət zonalarına
çevrilməsi də
planlaşdırılır. Şəhərdə əlçatan
yaşıllıqların sayının
artırılması hədəfinə
və baş planın təkliflərinə
uyğun olaraq, Xocəsən gölü ətrafında təxminən
500 ha ərazidə geniş ictimai parkın salınması ətrafda sıx məskunlaşmış yaşayış
məntəqələrinə xidmət edəcək və gölün ekoloji təmizlənməsinə
təkan verəcək.
Uzunmüddətli perspektivdə
Lökbatan ilə Xəzər dənizi arasındakı bataqlıq
əraziləri daxil etməklə park cənuba doğru genişləndirilə bilər.
Keyfiyyətli ictimai
yaşıllıqların yaradılması
planlaşdırılır
Baş plan çərçivəsində nəzərdə tutulan xüsusi ehtiyat zonalar 2040-cı ildən sonrakı dövrdə Bakı şəhəri ərazisində keyfiyyətli
ictimai yaşıllıqların
yaradılmasını təmin
edəcək. Buna nümunə olaraq, Bakı hipodromunu misal gətirmək olar. Bakının mərkəzində yerləşən
bu ərazi aktiv istifadədən çıxdığı zaman
ictimai yaşıllığa
çevrilə bilər.
Ümumilikdə baş
plan çərçivəsində
ekoloji vəziyyətin
və ətraf mühitin sağlamlaşdırılması
ilə bağlı üçmərhələli
yanaşmanın tətbiqi
təklif olunur. Bunlar Bakı göllərinin yenidən
fəal istifadəsi, şəhər və region daxilində yaşıllıqların və
açıq məkanların,
əlaqələndirici "yaşıl dəhliz"lərin
artırılması, Abşeron
yarımadasının mədəni
landşaftının qorunması
və aktivləşdirilməsidir.
Bakının davam edən iqlim dəyişikliyinə qarşı
dayanıqlılığını artırmaq üçün
"Mədəni Landşaftların
Mühafizə Zonası"nın
yaradılması da təklif olunur.
Baş planda həmçinin Bakının
şəhər ərazisində
yaşıllıqların bərabər
paylanmasına da xüsusi diqqət yetirilib. Planda mümkün qədər çox əhalinin (əhalinin ən azı 80 faizi) 500 m piyada gəzinti məsafəsində ictimai
yaşıllıqlara çıxışının
olması hədəflənib.
Mövcud yaşıllıqların
qorunması ilə yanaşı, bu hədəfə nail olmaq üçün yaşayış məntəqələri
və yeni inkişaf əraziləri daxilində yeni yaşıllıqların müəyyən
edilməsi üçün
dördmərhələli yanaşmanın
tətbiqi tövsiyə
olunur.
Bakının baş
planında paytaxtda görüləcək yaşıllaşdırma
işləri çərçivəsində
müxtəlif tipli parkların salınması,
həmçinin yeni element olan hibrid
"yaşıl dəhliz"lərin
yaradılması böyük
əhəmiyyətə malikdir.
Hər şeydən öncə, sağlam həyat naminə bu faktorlar önəmlidir.
Bununla yanaşı, Bakıda qanunsuz ağac kəsilmələrinin
qarşısının alınması
ilə bağlı tədbirlərin gücləndirilməsi,
cəzaların sərtləşdirilməsi
də labüddür.
Ekspertlər də qeyd edirlər ki, ümumilikdə yaşıllıqların azalmasında
xüsusən antropogen
amillərin rolu böyükdür. Bu baxımdan meşələrin,
yaşıllıqların ətraf
mühiti sağlamlaşdırmaqla
insan orqanizminə müsbət təsirini unutmayaraq, aidiyyəti qurumlar Bakının baş planında nəzərdə tutulan layihələr çərçivəsində
üzərlərinə düşən
öhdəlikləri məsuliyyətlə
yerinə yetirərək,
Bakını yaşıl
şəhərə çevirməyi
məqsəd kimi qarşılarına qoymalıdırlar.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2024.-
14 yanvar, ¹ 7.- S.1;4.