Azərbaycan
iki həftə ərzində dünyanın
ekoloji mərkəzi olacaq
Danılmaz faktdır
ki, Azərbaycanın dünyada nüfuzu gündən-günə artır.
Bu həm də qlobal beynəlxalq tədbirlərin
ölkəmizdə keçirilməsi
ilə təsdiqlənir.
Fakt: respublikamız son 4 il ərzində
BMT-dən sonra ən böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla
sədrlik edib və qlobal xarakterli mötəbər
tədbirləri yüksək
səviyyədə təşkil
etmək bacarığını
göstərib.
Yüksək inkişaf
göstəricilərinə nail olan Azərbaycanın
belə nəhəng tədbirləri təşkil
etmək üçün
müasir infrastruktura malik olması və təhlükəsizlik
baxımından sabit ölkə kimi fərqlənməsi bütün
dünya ictimaiyyətinə
məlumdur. Ona görə də beynəlxalq tədbirlər
zaman-zaman ölkəmizin
paytaxtında, son üç ildə isə işğaldan azad edilmiş Şuşada, Zəngilanda,
digər rayonlarda və Naxçıvanda baş tutub. Bu il isə
ölkəmizdə daha
bir beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası
(COP29) keçiriləcək.
Xatırladaq ki,
2015-ci ilin dekabrında
COP-a üzv dövlətlərin
21-ci konfransında Paris Razılaşması
qəbul olunub. Sənədi 171 ölkənin
dövlət və hökumət rəhbərləri,
xarici işlər və ətraf mühit nazirləri imzalayıb. Azərbaycan isə bu razılaşmaya
2016-cı ilin aprelində
qoşulub. Sənəddə
qarşıya qoyulan tələb dünyada karbon qazının miqdarını sənayeləşmədən
əvvəlki dövrdə
olduğu kimi, 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq
üzrə irəliləyişə
nail olmaqdır. İqlim fəaliyyətini
sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail
olmaq baxımından
COP29 tarixi sessiya hesab edilir.
Qeyd edək ki, inkişaf etmiş ölkələr
inkişaf edən ölkələrə iqlim
dəyişikliyinin təsirini
azaltmaq üçün
maliyyə yardımı
göstərirlər. Bu,
çox böyük dəstəkdir. Həmin dəstək olmadan inkişaf edən ölkələr təmiz
enerji mənbələrinə
keçid edə və qlobal karbon qazı ifrazını azalda bilməzlər. Bu baxımdan da COP29 iştirakçı ölkələr
üçün yeni öhdəliklər götürmək
və iqlim böhranını aradan qaldırmaq üçün
konkret addımlar atmağa yönəlik bir fürsətdir.
Bu təsisatın
noyabrın 11-dən 24-dək Azərbaycanda keçirilməsi
qərara alınandan sonra Bakıda hazırlıq işlərinə
başlanılıb. Ötən
il dekabrın 15-də
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə də məhz bu tədbirə
həsr olunmuşdu. Müşavirədə çıxış
edən Prezident iştirakçıların diqqətinə
çatdıraraq demişdir:
"Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən
biridir. Ölkələrin
təmsilçiliyi nöqteyi-nəzərindən
BMT Baş Assambleyasından
geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq
işlərinə start
verməliyik. Bizim vaxtımız o qədər
də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə
mən hesab etdim ki, birinci
müşavirəni öz
sədrliyimlə keçirim,
bütün lazımi
tapşırıqları verim.
Bu tapşırıqların
yerinə yetirilməsi
barədə müntəzəm
olaraq mənə məlumat veriləcək.
Şübhə etmirəm
ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik.
Bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq. Eyni zamanda
Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha
görəcək ki, bizim gündəliyimiz
"yaşıl enerji"
ilə bağlıdır.
"Yaşıl enerji"
növlərinin yaradılması
və "yaşıl
enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha
görəcək".
Ötən il Dubayda keçirilən
COP28-də rəsmi rəqəmlərə
görə, 70 min nəfər iştirak etmişdir. Rəsmi olmayan rəqəmlərə
görə, tədbirdə
iştirak edənlərin
sayı 100 mini keçmiş və bu, qurumun 28 illik tarixində ən çox iştirakçının qatıldığı
tədbir olmuşdur. Azərbaycanda da COP29-a
70-80 min xarici qonağın qatılacağı
gözlənilir. Beləliklə,
iki həftə ərzində ölkəmiz
dünyanın ekoloji mərkəzinə çevriləcək.
Prezidentin sərəncamı
ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl
dünya naminə həmrəylik ili" elan olunması da bununla bağlıdır.
Bu gün "yaşıl iqtisadiyyat"a
keçid və "yaşıl enerji" təchizatçısına çevrilmək
Azərbaycanın ekoloji
siyasətinin prioritetlərindəndir.
İqtisadiyyatın "yaşıl"laşdırılması
cəmiyyətin yeni inkişaf mərhələsidir.
"Yaşıl təfəkkür"
təsdiq edir ki, "yaşıl iqtisadiyyat"ın formalaşmasında
təbii ehtiyatlardan səmərəli istifadə
məsələlərinə daha çox diqqət yetirilməlidir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimiz "yaşıl
enerji" zonası elan edilib. Çünki
Qarabağ və Şərqi Zəngəzurda
günəş, külək
və bioenerji ehtiyatları, hidroenerji mənbələri boldur və ondan səmərəli
istifadə etməklə
istənilən nəticəni
əldə etmək mümkündür.
Bəs COP29 kimi
qlobal beynəlxalq tədbir Azərbaycana nə verəcək?
COP29-un Bakıda keçirilməsi
ilə bağlı dünya ölkələri
tərəfindən qəbul
edilmiş qərar ilk növbədə beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutu kimi tarixə düşəcək,
ölkəmizin qlobal problemlərinin həllində
məsuliyyətli və
etibarlı tərəfdaş
statusunu bir daha təsdiqləyəcək.
Siyasi mənada isə Azərbaycan həqiqətləri, illərlə
apardığı haqq
davası bir daha dünya ictimaiyyətinin diqqətinə
çatdırılacaq. Dünyanın
çoxsaylı dövlət
və hökumət başçıları, ekoloqları
30 illik erməni işğalında qalmış
minalanmış ərazilərimizi,
yerlə yeksan edilmiş yurdlarımızı,
dağıdılmış yollarımızı və
s.-ni öz gözləri ilə görəcəklər. Və
nəhayət, Qarabağ
və Şərqi Zəngəzurdakı bərpa
və quruculuq işlərinin aparıldığını
izləyəcək, erməni
vandallarının əl
izlərinin silinərək
yerində salınmış
"ağıllı yaşayış
məntəqələri"nə dönmüş keçmiş
köçkünlərin sevincinə
şahid olacaqlar. COP29
həm də Azərbaycanın turizm potensialını nümayiş
etdirəcək.
Bundan başqa,
bu tədbirə evsahibliyi etməklə Azərbaycan ətraf mühitə verdiyi önəmi və gələcək nəsillərə
sağlam mühitin ötürülməsinə biganə
qalmadığını göstərəcək.
Göstərəcək ki,
ölkəmiz 1990-cı illə
müqayisədə 2030-cu ilə
qədər istixana qazlarının miqdarını
35 faiz azaldılmasını
hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı
hədəf müəyyən
edilib - 2050-ci ilə qədər istixana qazlarının miqdarını
40 faiz azaltmaq. Ermənilərin işğal
zamanı viran qoyduqları ərazilərimiz
də bu hədəflərdən kənarda
qalmayıb. İşğaldan
azad edilmiş ərazilərin 2050-ci ilədək
"Netto sıfır
emissiya" zonasına
çevrilməsi nəzərdə
tutulur.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
14 yanvar, № 7.- S.4.