Azərbaycan
XİN Avropa Şurası
komissarının hesabatını
şərh edib
Avropa Şurasının
insan hüquqları üzrə komissarının
2023-cü il oktyabrın
16-23-də Ermənistana və
Azərbaycana səfəri
ilə bağlı hesabatını - müşahidələrini
qeydə aldıq.
Komissarın müşahidələrində
vurğulandığı kimi,
Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən
işğalı səbəbindən
son 30 ildə qarşısı alınmış
bu səfər Azərbaycanın Qarabağ
bölgəsinə insan
hüquqları üzrə
onilliklər ərzində
ilk missiya idi. Eyni zamanda,
Azərbaycan hökumətinin
dəvəti və razılığı ilə
həyata keçirilmiş
sözügedən səfər
Azərbaycan hökumətinin
beynəlxalq insan hüquqları institutlarına
münasibətdə şəffaflığının
və əməkdaşlığının
göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Avropa Şurasının insan hüquqları üzrə
komissarının Ermənistana
və Azərbaycana səfərindən sonra hazırlanmış hesabatına
- müşahidələrinə dair Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində
yer alıb.
Şərhdə qeyd
olunub ki, bütövlükdə, hesabatda
2023-cü il sentyabrın
19-20-də Azərbaycanın suveren ərazilərində
mülki ərazilərə
münasibətdə ciddi
ehtiyat tədbirləri
görülməklə silahlı
qüvvələr tərəfindən
həyata keçirilmiş
lokal antiterror tədbirləri nəticəsində
qondarma “etnik təmizləmə” və
ya “məcburi köçkünlük” ilə
bağlı əsassız
iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri
və apardığı
müşahidələr onu
göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç
bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ
bölgəsini tərk
etmək yerli ermənilərin öz könüllü qərarları
olub.
Hesabatda xüsusən
terrorla mübarizə
tədbirlərindən sonra
geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin
edilməsi məqsədilə
Azərbaycan hökumətinin
atdığı bir sıra konkret addımlar göstərilir.
Burada yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə
və bu proses çərçivəsində
nəzərdə tutulan
tədbirlərə Azərbaycanın
müsbət niyyəti
və yanaşması
vurğulanır.
Komissarın hesabatında
münaqişənin və
Ermənistan tərəfindən
işğalın xarabalığa
çevrilmiş mülki
infrastruktura uzunmüddətli
təsirləri, azərbaycanlı
məcburi köçkünlərin
azad edilmiş rayonlara təhlükəsiz
və ləyaqətlə
qayıtmaq hüququnun
təmin edilməsi məqsədilə aparılan
minatəmizləmə və
yenidənqurma işləri
öz əksini tapıb.
Bundan əlavə,
Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində kütləvi
şəkildə minalarla
çirklənmə üzrə
kəskin problem və bunun ərazilərin
reabilitasiyasına, eləcə
də keçmiş məcburi köçkünlərin
təhlükəsiz və
ləyaqətlə öz
evlərinə qayıtma
prosesinə qarşı
yaratdığı əngəllər,
habelə onların sağlamlığı və
həyatı üçün
ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə, komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün
atdığı addımları
alqışlayır. Bu
kontekstdə, Ermənistanın
indiyədək təqdim
etdiyi minalanmış
ərazilər üzrə
xəritələrin dəqiqlik
dərəcəsinin (cəmi
25 faiz) hesabatda göstərilməsi xüsusilə
qeyd olunmalıdır.
Əslində, Ermənistan
regionda təcavüzkar
siyasətini həyata
keçirmək və
Azərbaycan ərazilərinin
işğalını davam
etdirmək məqsədilə
Azərbaycanın suveren
ərazilərində qəsdən
kütləvi şəkildə
minaların yerləşdirilməsi
ilə məşğul
olub.
Buna baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın
başlatdığı və
Azərbaycan ərazilərinin
30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin
təsirinə məruz
qalmış bütün
insanların ümumi insan hüquqlarının
vəziyyəti ilə
bağlı fundamental
reallıqları həqiqi
mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzü sistemli şəkildə etnik təmizləmə aktlarına,
hərbi cinayətlərə
və yüz minlərlə azərbaycanlının,
o cümlədən həssas
vəziyyətdə olan
uşaqların, qocaların
və qadınların
məcburi köçkünə
çevrilməsinə səbəb
olduğu məlumdur. Ermənistanın təcavüzü
on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq,
təhsil, təhlükəsizlik,
müdafiə və sağlamlıq hüququndan
ciddi şəkildə
məhrum edib. Regionda iki xalq
arasında düşmənçiliyə
səbəb olan belə dəlillərin komissarın müşahidələrində
layiqincə işıqlandırılacağına
ümid bəsləyirdik.
Hesabatda reallıqdan
tamamilə uzaq olan və Beynəlxalq
Ədalət Məhkəməsi
tərəfindən də
tanınmayan Laçın
yolunun qondarma “blokada”sına istinadların yer alması təəssüf
doğurur. Müşahidələr
Laçın-Xankəndi yolunda
mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində
sərhəd-keçid məntəqəsinin
yaradılmasına səbəb
olan faktları göstərməyib. Azərbaycan
tərəfi, Ermənistanın
son üç il ərzində 2020-ci il 10 noyabr tarixli
üçtərəfli Bəyanatı
və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində
on min nəfərdən
çox qeyri-qanuni silahlı birləşmələrin
saxlanılması və
dövriyyəsi, minaların
qanunsuz ötürülməsi
daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün
geniş və sistematik şəkildə
sui-istifadə olunması
ilə bağlı dəfələrlə əsaslandırılmış
sübutlar təqdim edib. Bu hərəkətlər
Azərbaycan tərəfinin
çoxsaylı mülki
və hərbi itkilər verməsi ilə nəticələnib.
Sözügedən qanunsuz
hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə
yetirməməsinə cavab
olaraq 2023-cü il aprelin 23-də Azərbaycan
tərəfindən sərhəd-buraxılış
məntəqəsinin yaradılmasına
gəlincə, Azərbaycan
beynəlxalq hüquqa
əsaslanaraq Laçın
yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın
iddialarının yekdilliklə
rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli
qərarında öz
əksini tapıb. Bundan əlavə, komissar Beynəlxalq Ədalət Məhkəməsinin
2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin
qızışdırılmasının və təşviqinin qarşısının alınması
istiqamətində Ermənistandan
tələb olunan müvəqqəti tədbirin
göstərilməsi faktını
nəzərdən qaçırır.
Azərbaycan tərəfi
təəssüf edir
ki, komissarın Ermənistan tərəfindən
törədilmiş Xocalı
soyqırımından sağ
çıxan şəxslərlə,
o cümlədən müasir
Ermənistanda öz yurd-yuvalarından qovulmuş
Qərbi Azərbaycan İcmasının üzvləri
ilə keçirdiyi görüşlər hesabatda
öz əksini tapmayıb. Bu, komissarın səfərinin
dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı
insan hüquqları,
o cümlədən geri
qayıtmaq hüququ məsələlərinə daha
əhatəli yanaşmanı
təmin edərdi. Bu, uzunsürən münaqişə nəticəsində
ölkə daxilində
və ya sərhəd aşmasından
asılı olmayaraq köçkün düşmüş
bütün şəxslərin
öz evlərinə və ya daimi
yaşayış yerlərinə
qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd olunduğu nəzərə alınaraq
xüsusi əhəmiyyət
kəsb edir.
Nəhayət xüsusilə
qeyd etmək lazımdır ki, Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə,
bərabərliyə və
bütün insan hüquqlarının universallığına
əsaslanan müşahidələr
aparacağını gözləyərək
onu ölkəmizə
səfərə dəvət
edib. Səfərin nəticələrinə baxdıqda,
komissarın müşahidələrində
tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan
vurğulayır. Komissar
məsələləri situasiyaya
hərtərəfli baxışı
nəzərdən qaçıran
dar və yeganə perspektivə yönəldir. Bununla əlaqədar, Azərbaycan
hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil,
ilk növbədə,
digər natamam və qərəzli mənbələrdən əldə
edilən məlumatlara
əsaslanır.
Azərbaycan.-2024.-
14 yanvar, ¹ 7.- S.6.