Balet əfsanələrimizdən biri - Leyla Vəkilova

 

 

Hələ teatrın, səhnənin, ad-sanın, şöhrətin olduğunu bilmədiyi yaşlarında sevmişdi rəqs etməyi. O zamanlar musiqi sədalarına qoşulub pərvazlanırdı. Ancaq ağlına da gətirmirdi ki, vaxt gələcək, Azərbaycan milli balet sənətinin əfsanələrindən biri olacaq...

1927-ci ilin yanvarında Bakıda dünyaya gələn Leyla Vəkilova əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslindəndi. Leyla xanım rəqsə kiçik yaşlarından böyük həvəs göstərirdi. Onu məşhurlaşdıracaq, adını Azərbaycan incəsənəti tarixinə yazacaq balet sənətinin incəliklərini isə səkkiz yaşında daxil olduğu Bakı Xoreoqrafiya Məktəbində öyrənməyə başladı. Ədilə Almaszadədən, son siniflərdə isə Azərbaycanın ilk balerinası, görkəmli balet ustası pedaqoq, Xalq artisti Qəmər Almaszadədən dərs aldı. Məktəbi 1943-cü ildə bitirdi. Azərbaycan Dövlət Opera Balet Teatrının balet truppasında solist kimi işə başladı.

1945-1946-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçərək ixtisasını təkmilləşdirdi. Bakıya döndü. Opera Balet Teatrının aparıcı balet aktrisası kimi fəaliyyətini davam etdirdi.

Onun səhnədə debütü R.M.Qlierin "Qırmızı lalə" baletində Tao Xoa rolu oldu. Tamaşadan sonra onun uğurlu gələcəyinin olacağı barədə inamla xoş sözlər söyləyənlər az deyildi. Amma Leyla Vəkilova üçün ən böyük dəyər sənət müəllimi Qəmər Almaszadənin sevinclə, fərəhlə dediyi bu sözlər idi: "Əhsən, sən məndən irəli gedəcəksən".

Çox keçmədi ki, tamaşaçılar Leyla Vəkilovanı səhnədə bir-birindən fərqli, maraqlı rollarda gördülər bəyənərək alqışladılar. Repertuarı ildən-ilə zənginləşdi. Leyla Vəkilova "Qız qalası", "Qu gölü", "Yatmış gözəl", "Şelkunçik", "Qırmızı lalə", "Don Kixot", "Laurensiya", "Bağçasaray fəvvarəsi", "Gülşən", "Yeddi gözəl", "İldırımlı yollarla", "Məhəbbət əfsanəsi", "Jizel", "Qızıl açar", "Qaraca qız" baletlərində əsas partiyaları uğurla ifa etdi.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı İncəsənəti Ongünlüyünün iştirakçılarından biri oldu.

O, 1976-1982-ci illərdə Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri oldu.

Leyla Vəkilova ifaçı baletmeyster kimi Polşada, Suriyada, Çexoslovakiyada, Hindistanda, Bolqarıstanda, Fransada, Macarıstanda, İtaliyada, Türkiyədə, Almaniyada, Nepalda, Tiflisdə uzunmüddətli qastrol səfərlərində oldu.

İstedadı əməyi yüksək qiymətləndirildi. Leyla Vəkilova 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1958-ci ildə Xalq artisti, 1967-ci ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görüldü. 1997-ci ildə "Şöhrət" ordeni ilə təltif edildi.

Leyla Vəkilova bacarıqlı pedaqoq kimi incəsənətimizin inkişafına xidmət göstərdi. O, 1953-cü ildən ömrünün sonunadək Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs dedi. 1996-cı il sentyabrın 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru vəzifəsində çalışırdı.

O, 1999-cu il fevralın 20-də vəfat etdi. Fəxri xiyabanda dəfn olundu. Görkəmli balet ustası Leyla Vəkilovanın sənət yolunu bu gün yetirmələri uğurla davam etdirirlər.

 

Z.FƏRƏCOVA,

Azərbaycan.-2024.- 14 yanvar, № 7.- S.8.