Ustad
sənətkar- Əhməd
Ağdamski
Sənətin bir
çox sahəsində
öz istedadı ilə parlayan, silinməz izlər qoyan adamlar azdır.
Azərbaycan incəsənəti
və mədəniyyəti
tarixində belə tanınmış simalardan
biri də opera müğənnisi Əhməd Bəşir oğlu Bədəlbəyli
(Ağdamski) idi.
Xalqın qəlbində
teatra, peşəkar musiqiyə maraq oyatmaq, bu musiqinin
yayılması və
inkişafı yollarını
tapmaq onu və o dövrün ziyalılarını mütəmadi
düşündürən vacib məsələlərdən
ən başlıcası
idi. Bu il
Əməkdar incəsənət
xadimi Əhməd
Ağdamskinin 100 illik yübileyi tamam olur.
Əhməd Ağdamski
kimi tanınan Əhməd Bədəlbəyli
1884-cü ilin soyuq qış günü - yanvar ayında Ağdamda ziyalı ailəsində doğulub.
Məşhur Bədəlbəyli
nəslindən olan Əhməd bəy eyni zamanda dahi
bəstəkarımız Üzeyir
bəy Hacıbəylinin
doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak
edən Ə.Ağdamskinin
sənətə olan böyük marağı onu teatra gətirib
çıxarıb. O, səhnə
fəaliyyətinə "Nicat"
Xeyriyyə Cəmiyyətinin
teatr truppasında başlasa da, sonralar həm də "Səfa" Mədəni-Maarif Cəmiyyətinin
truppasında, Hüseynqulu
Sarabskinin "Müsəlman
opera dəstəsi"ndə
və "Zülfüqar
bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının
müdiriyyəti"ndə aktyorluq edib. Lirik tenor səsə,
məlahətli və
geniş diapazonlu ifa bacarığına malik olduğundan milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət
qazanıb.
XIX əsrin sonu
XX əsrin əvvəllərində
ölkəmizdə cəhalətin
hökm sürdüyü
bir dövrdə müsəlman qadınların
səhnəyə çıxması
qadağan idi. Qeyri millətlərdən
olan qadın aktrisalar isə ana dilimizi səlis
bilmirdilər və hər saatda inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən də kişi aktyorlarımız
qadın rollarında səhnəyə çıxmaq
məcburiyyətində qalırdılar.
İlk müsəlman
operası olan "Leyli və Məcnun"da da belə bir hal
baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi
Əbdürrəhman Fərəcov, ardınca isə sonralar
opera tariximizdə adı əbədiləşən
Ə.Ağdamski çıxış etdi. Xurafatın,
nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli
təhqirlərə məruz qalmamaq üçün
tanınmasın deyə bütün sənədlərdə
adını "Miri" yazdırırdı. Sonralar isə səhnə
təxəllüsü olaraq özünə Ağdamski
familiyasını götürdü. Aktyorun
çıxışı Üzeyir bəyin o qədər
xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində
baş rolların ifaçısına çevrilir.
Ə.Ağdamskinin
oynadığı rollar xarakter etibarilə bir-birindən fərqlənirdi.
O, bu obrazların hər birini tamam ayrı səpkidə
canlandırır, tək oyun tərzini deyil, hətta səsini
belə dəyişdirirdi.
Aktyor XX əsrin
20-ci illərinin əvvəllərində doğma vətəninə
- Qarabağa qayıdır və Ağdamda teatr truppası
yaradır. O, bir çox tamaşanın rejissoru olmaqla
yanaşı, həm musiqili, həm də dram əsərlərində
bir xanəndə-aktyor kimi çıxış edirdi.
1934-cü ildə
Ağdaşa köçür və burada ömrünün
sonunadək pedaqoji fəaliyyətlə məşğul olur.
O, Ağdaş rayonunun musiqi məktəbində tardan dərs
verir. Ağdaşa gəldiyi gündən rayon
ziyalıları arasında böyük hörmət
qazanır və el məclislərində yaxından iştirak
edir.
Ə.Ağdamski
orijinal siması olan sənətkarlardandır. Onda hümanizm
ruhu çox güclü idi. Oynadığı bütün
rollar tamaşaçıları tərəfindən müsbət
qiymətləndirilirdi. O, fədakar əməyinin bəhrəsi
olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar
incəsənət xadimi fəxri adına layiq
görülüb.
Əhməd
Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat
edib.
İ.ƏLİYEVA,
Azərbaycan.-2024.-
14 yanvar, № 7.- S.8.