Azərbaycan
elminin şərəf
rəmzi
Arif
Paşayev - 90
Dəyərli alimləri,
böyük şəxsiyyətləri,
yüksək mənəviyyatlı
ziyalıları ilə
tanınmış Azərbaycan
elminin keçən əsrin 60-cı illərindən
süni, qərəzli
qadağaları qırıb
dünya səviyyəsinə
yüksəlməsi, beynəlxalq
aləmdə hörmət
və ehtiramla qarşılanması xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin 1969-cu
ildə Azərbaycanda
siyasi hakimiyyətə
gəlişi, onun milli kadrlara qayğısı, millətinə
sonsuz sevgisi ilə bağlı idi.
Ümummilli Liderin
"Xalqımızın dünya
elminə bəxş etdiyi töhfələrlə
öyünməyə haqqı
var" deyimi tədqiqatçı-alimlərimizin ədəbiyyat
və incəsənətin,
fəlsəfə və
dəqiq elmlərin inkişafında yeniliklər
və elmi kəşflər etmələrinə
stimul verdi. Onlar daha böyük
əminliklə yazıb-yaradır,
dünya elmini zənginləşdirirdilər. Bu dövrdə mötəbər jurnallarda
"Yüksək tezlikdə
yarımkeçirici müqavimətinin
təmassız ölçülməsi",
"Silisiumun xüsusi
müqavimətinin təmassız
üsulla yüksək
tezlikdə ölçülməsi",
"Yarımkeçiricilərin fiziki xüsusiyyətlərinin
ifratyüksək tezlikli
metodlarla tədqiqinə
dair" nəzəri
və təcrübi əhəmiyyətli məqalələr
beynəlxalq aləmdə
əks-səda doğurdu.
Bu elmi yeniliklərin
məntiqi nəticəsi
olaraq uğurla müdafiə edilmiş
"Yüksək və
ifratyüksək tezliklərdə
yarımkeçiricilərin parametrlərini ölçmək
üçün kontaktsız
üsul və cihazların işlənməsi"
namizədlik dissertasiyasının
müəllifi Arif Mir Cəlal oğlu Paşayev elmin səmasında yüksək intellektin və mənəviyyatın
vəhdətini özündə
birləşdirmiş nur
mənbəyi kimi parladı.
Arif Paşayev
1934-cü il fevralın
15-də görkəmli ədəbiyyatşünas
və yazıçı,
Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ailəsində
dünyaya gəlmişdir.
Bu unudulmaz ziyalının adı hər bir azərbaycanlı,
ədəbiyyatımızın nuruna sığınmış
hər kəs üçün əzizdir,
doğmadır. Mir Cəlal Paşayev böyük pedaqoq, ədəbiyyatımızın tədqiqatçısı, habelə
ədəbiyyatımızın özü idi. Onun elmə, təhsilə verdiyi töhfə bir neçə ali məktəbin, universitetin
töhfəsinə bərabər,
şəxsiyyəti, incə
qəlbi, dərin zəkası və yüksək əxlaqi-mədəni
keyfiyyətləri milli
mənəviyyatımızın təcəssümü sayılır.
Bu gün hər birimizin ehtiramla yad etdiyi,
adından riqqətə
gəldiyimiz ədəbiyyatşünaslar,
şair və yazıçılar, bəstəkar
və incəsənət
ustadları Arif Paşayevin böyüyüb
ərsəyə gəldiyi
ailənin qonaqları
olaraq Mir Cəlal müəllimin nuruna toplaşırdılar:
Səməd Vurğun,
Həmid Araslı, Mirzə İbrahimov, Sabit Rəhman və digər nəhəng söz sahibləri Paşayevlərin
səmimi ocağında
öz ədəbi-bədii
fikirlərini bölüşür,
əsərlərindən parçalar
söyləyirdilər.
Belə bir şəxsiyyətin ailəsində
yüksəksəviyyəli tərbiyə almış
Arif Paşayev kitaba, elmə, elm adamlarına sevgi ilə böyümüşdür. Gənclik
illərindən alimlik
yolunun nə qədər məşəqqətli,
eyni zamanda şərəfli bir yol olduğunu anlayaraq öz zəhməti, yuxusuz gecələri, kitabxanalarda
davamlı mütaliəsi,
sonradan isə xüsusi ixtisaslaşdırılmış
laboratoriyalarda, müxtəlif
sənaye və təsərrüfat sahələrində
dəyərli tədqiqatları
hesabına istəyinə
nail olacağını
qarşısına məqsəd
qoymuşdu.
Arif Paşayevin
dəqiq elmlərin tərkib hissəsi olan fizikanı və riyaziyyatı ixtisas seçməsi texnika əsrində azərbaycanlı alimin bu sahələri də incəsənətə
çevirməsinə səbəb
oldu. Çünki akademik Arif Paşayevin
hər bir kitabı, hər bir məqaləsi, rəhbərliyi altında
müdafiə olunan hər bir dissertasiya
sənət nümunəsi,
incəsənətin, poeziyanın,
nəsrin texniki dildə ifadəsidir. Bu məqamda "Müasir analizin atası" dahi Karl Veyerştrassın:
"Müəyyən mənada
şair olmayan riyaziyyatçı heç
zaman həqiqi riyaziyyatçı olmayacaqdır"
deyimi yada düşür.
Şərəfli həyat
yolunun peşəkar hissəsini gənc Arif Paşayev
1951-1954-cü illərdə Moskva Elektrotexnika Rabitə İnstitutunun tələbəsi olaraq başlamış, 1954-1957-ci illərdə
təhsilini Odessa Elektrotexnika Rabitə İnstitutunda uğurla davam etdirərək "Rabitə və radioyayım" ixtisasına
yiyələnməklə yüksək
ixtisaslı mütəxəssis
kimi fəaliyyətə
başlamışdır.
Gənc mütəxəssisin
ilk əmək fəaliyyəti illərindən
- Azərbaycan Dövlət
Universitetində (indi
BDU), Azərbaycan Milli
Elmlər Akademiyasının
Astrofizika bölməsində,
AMEA-nın Fizika və Riyaziyyat İnstitutunda fitri istedad, xalqına məhəbbətdən irəli
gələn bilik və bacarığını
Vətənimizin inkişafı
üçün tətbiq
etmək istəyi həmişə güclü
olmuşdur. Bu elmə bağlılıq,
Vətən sevgisi onu Rusiyanın ən nüfuzlu elm ocaqlarından biri olan Moskva
Dövlət Nadir Metallar İnstitutuna gətirdi və burada elmi mətinliyi,
iradəsi ən qısa müddətdə
tamamlanmış namizədlik
dissertasiyasında öz
əksini tapdı. Gənc alimin Azərbaycan SSR Elmlər Akademiyası fizika-riyaziyyat
və texnika elmləri bölməsinin
elmi katibi olması onun fitri istedadına, ona olan inamın
və etimadın göstəricisi idi. Bunun ardınca Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda Zədəsiz
ölçmə və
nəzarətin fiziki üsulları laboratoriyasına
rəhbərlik, doktorluq
dissertasiyasının uğurlu
müdafiəsi gəldi.
Görkəmli alim, akademik Arif Paşayev
yüksək və ifratyüksək tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının
fiziki əsaslarını
yaradaraq yeni, perspektivli bir sahəyə həyat bəxş etmişdir.
Xalqına və
Vətəninə xidmət
nümunəsi olan Əməkdar elm xadimi, akademik Arif Paşayev fizika və riyaziyyatın bütün
sahələrində öz
nüfuzlu sözünü
söyləmişdir. Əsərləri
dünya kitabxanalarının
qızıl fondlarında
saxlanılan alim, görkəmli ictimai xadim, əvəzolunmaz təhsil təşkilatçısı
yüksək mənəviyyat
təcəssümüdür. Onun kitabları və məqalələri
xaricdə dəfələrlə
çap olunmuş, habelə adı dünya fizika və riyaziyyat elminin salnaməsinə qızıl hərflərlə
yazılmışdır. Akademik
Arif Paşayev Beynəlxalq Mühəndislik,
Beynəlxalq Elmlər,
Beynəlxalq Nəqliyyat,
Beynəlxalq Ekoenergetika
və Beynəlxalq İnformatizasiya akademiyalarının
və digər akademiyaların həqiqi üzvüdür. Həmçinin
Rusiya Elmlər Akademiyasının fəxri
üzvüdür və
P.L.Kapitsa adına Qızıl medala layiq görülmüşdür.
Görkəmli akademikimiz
Vyana Beynəlxalq Universitetinin fəxri professoru, Ukrayna Milli Aviasiya Universitetinin, Gürcüstan
Aviasiya Universitetinin, A.S.Popov adına Odessa Milli Rabitə
Akademiyasının fəxri
doktoru və bir çox nüfuzlu akademiyaların,
universitetlərin fəxri
doktoru və professoru adını daşıyır.
Əməkdar elm
xadimi, akademik Arif Paşayev müstəqil dövlətimizin
təkcə regionda deyil, dünya miqyasında nüfuzunun yüksəlməsi uğrunda
bir alim-vətənpərvər
kimi çalışır.
Bu baxımdan onun alim və
təşkilatçı kimi
zəngin həyat yolunda yaratdığı ən gözəl əsərlərdən biri
bütün ölkəmiz
üçün strateji
əhəmiyyətli, elmi
bazada yüksək inkişaf edərək dünya birinciləri arasında inamla öz yerini tutmuş, qətiyyətlə
irəliləyən Milli
Aviasiya Akademiyasıdır.
Müstəqilliyini yeni
əldə etmiş, aviasiya kimi mühüm
sahəyə, bu sahənin istər elmi, istərsə də praktik istiqamətdə inkişaf
etməsinə, yüksəkixtisaslı
mütəxəssislərə böyük ehtiyac duyulan Vətənimizdə
akademik Arif Paşayev rektoru olduğu bu elm ocağında qarşıda duran hədəfləri görmüş,
çətinliklərin və
problemlərin olacağını
duyaraq məqsədyönlü
surətdə bütün
vəzifələrin öhdəsindən
özünəməxsus inam
və alim şücaəti ilə gəlmişdir.
Milli Aviasiya Akademiyasının rektoru kimi onun yüksək
təşkilatçılığı sayəsində akademiyanın
fəaliyyəti dünya
səviyyəsində tanınmış,
elmi-metodiki işlər
və yüksəkixtisaslı
kadrların hazırlanması
digər ali təhsil ocaqları üçün nümunəyə
çevrilmişdir. Akademiyanın
infrastrukturu ilə tanışlıq bu ali təhsil ocağının elm və texnikanın, nəzəriyyə və təcrübənin üzvi
inteqrasiyanın etalonu
olduğunu anlamağa
imkan verir. Akademiya əsl "aviasiya məbədidir",
6 fakültəni, 23 kafedranı,
Pilotların Hazırlığı
Mərkəzini, Texniki
Xidmət Məktəbini,
Aviasiya Təhlükəsizliyi
Mərkəzini və
digər ümdə əhəmiyyətli bölmələri
özündə birləşdirmiş
akademiya Arif Paşayev şəxsiyyətinin,
elmi-pedaqoji istedadının
bəhrəsidir. Onun təşəbbüsü və
təşkilatçılığı akademiyada "İqtisadiyyat
və hüquq",
"Avianəqliyyat istehsalatı",
"İxtisasartırma" kafedraları açılmış,
müasir standartlara uyğun korpuslar, yataqxana və idman meydançaları inşa edilmişdir.
Görkəmli akademikin
böyük təşkilatçılıq
fəaliyyəti eləcə
də akademiyanın müasir avadanlıqlarla təmin olunmasında və Dövlətlərarası
Aviasiya Komitəsinin qərarı ilə "Mülki Aviasiya ali təhsil müəssisəsi" sertifikatına
layiq görülməsində,
həmçinin Beynəlxalq
Mülki Aviasiya Təşkilatının ali
təhsil müəssisələrinin
siyahısına daxil edilməsində təcəssüm
etmişdir. Böyük
alimimizin yaradıcı
fəaliyyətinin nəticəsidir
ki, Milli Aviasiya Akademiyası dünya ali təhsil sisteminə nəinki uğurla inteqrasiya etmiş, həmçinin bir çox dövlətlərin
analoji təhsil müəssisələri üçün
etalon kimi qəbul olunmuşdur.
Əməkdar elm
xadimi, akademik Arif Paşayev gözəl ailə başçısı, xoşbəxt
ata və babadır. Həyat yoldaşı tanınmış
şərqşünas və
ədəbiyyatşünas, professor Aida xanım İmanquliyeva olmuşdur. Bu ailədə hər bir azərbaycanlının
fəxr və qürur mənbəyi, milyonlarla insanın səmimi məhəbbətini
qazanmış Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünyaya gəlmişdir.
Əməkdar elm
xadimi, akademik Arif Paşayev Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə
"Şöhrət", "Şərəf" və
"İstiqlal" ordenləri
ilə təltif olunmuşdur.
Görkəmli alim,
ictimai xadim, akademik, Əməkdar elm xadimi Arif
Mir Cəlal oğlu Paşayev anadan olmasının 90, elmi fəaliyyətinin 65 illiyi ərəfəsində
də öz zəngin təcrübəsini
gənc alimlərə
və tələbələrə
həvəslə öyrədir,
ölkəmizin elmi və iqtisadi potensialının yüksəlməsi
uğrunda yorulmadan çalışır.
Vaqif ŞADLİNSKİ,
Əməkdar elm xadimi,
Professor
Azərbaycan.-2024.-
16 yanvar, № 8.- S.9.