Azərbaycan
- yaxın gələcəyin
"yaşıl" ölkəsi
Son illər qlobal əhəmiyyətli
bir çox tədbirlərin təşkilini
uğurla həyata keçirən Azərbaycan
bu il də
möhtəşəm bir
beynəlxalq tədbirə
evsahibliyi edəcək.
Məlum olduğu kimi, BMT-nin İqlim
Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə
keçirilməsi ilə
bağlı qərar qəbul olunub. Hazırda bu mühüm əhəmiyyətli
tədbirə hazırlıq
işləri görülməkdədir.
Bununla bağlı
15 dekabr 2023-cü il tarixində keçirilən
müşavirədə Prezident
İlham Əliyev
COP29 beynəlxalq konfransının
Azərbaycanda keçirilməsi
qərarını ölkəmizin
növbəti böyük
uğura imza atması kimi dəyərləndirdi: "...Azərbaycana
növbəti dəfə
böyük etimad və böyük hörmət göstərilmişdir.
Biz buna layiqik, biz apardığımız
siyasət nəticəsində
dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır
və biz bu hörməti öz əməlimizlə,
işimizlə, siyasətimizlə
qazanmışıq. Bizim
müstəqil siyasətimiz,
prinsipial mövqeyimiz,
beynəlxalq hüquqa
bağlılığımız, sədaqətimiz və eyni zamanda ölkə
ərazisində suverenliyin
bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
Beynəlxalq aləmin
Azərbaycana dəstəyi
Nəzərə alsaq
ki, bu cür
qlobal miqyaslı tədbirlərə hansı
ölkənin evsahibliyi
etməsi ilə bağlı qərarlar beynəlxalq birliyin hər bir üzvünün
rəyi, rəsmi razılığı nəzərə
alınmaqla qəbul edilir, o zaman COP29-un Azərbaycanda keçirilməsi
qərarının yeni
reallıqlar dövründə
nə qədər böyük tarixi mahiyyət daşıdığını
təsəvvür edə
bilərik.
Beynəlxalq birliyin
bu mühüm qərarının Azərbaycan
Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən, ərazi
bütövlüyümüzün tam bərpasından cəmi iki ay
yarım sonraya təsadüf etməsi bütün dünya ictimaiyyətinin vətənimizin
haqq mübarizəsinin
tarixi nəticəsinə,
dövlət suverenliyimizin
bərpasına yekdil dəstəyinin ifadəsidir.
Bu, başqa ölkələrin daxili işlərinə qarışmaq
siyasətindən əl
çəkmək istəməyən,
riyakarcasına ikili standartları davam etdirən, Ermənistanda revanşistləri yenidən
diriltməyə çalışan
bəzi Qərb ölkələrinə də
tutarlı cavabdır.
COP29-un ölkəmizdə keçirilməsi qərarı
xüsusilə Fransanın
son zamanlar Azərbaycana qarşı səsləndirdiyi əsassız
ittihamların mənasızlığını
göstərir. Əslində,
başqa cür ola da bilməz.
Bu məsələdə
beynəlxalq hüquq normaları, haqq-ədalət
meyarları məhz Azərbaycanın tərəfindədir.
Dövlətimiz öz
suveren ərazisində
separatçılara, torpaqlarımızı
30 il işğal altında saxlayanlara qarşı antiterror əməliyyatı keçirərək
beynəlxalq hüququn
aliliyini özü bir daha təmin
edib. Bütün
humanitar normalara riayət etməklə öz suverenliyinin bərpasına
nail olub. Amma bəzi Qərb ölkələri, xüsusən
Fransa bununla barışmaq fikrində deyil. "Halbuki artıq
beynəlxalq birlik də görür ki, hətta Ermənistan
bu vəziyyətlə barışıb və COP29
konfransının Azərbaycanda keçirilməsi bunu bir daha
göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən
daha çox erməni olmağa çalışırlar. Ancaq
onlar da bu vəziyyətlə barışmağa məcbur
olacaqlar", - deyə Azərbaycan Prezidenti sözügedən
müşavirədə bildirib.
COP29 da yüksək
səviyyədə keçiriləcək
Ölkəmiz indiyə
kimi bir çox belə tədbirləri uğurla təşkil edib, bu sahədə mükəmməl nümunələr,
üstün meyarlar yaradıb və təbii ki, zəngin təcrübə
toplayıb. Ötən
il Beynəlxalq Astronavtika Konqresi Bakıda böyük müvəffəqiyyətlə keçirildi. Bu mötəbər beynəlxalq
tədbirin 50 ildən
sonra ikinci dəfə Azərbaycan paytaxtında təşkil
olunması ona xüsusilə böyük
tarixi dəyər qatırdı. 50 il əvvəl sovet, bu gün isə
müstəqil Azərbaycanın
paytaxtı olan Bakı bu mötəbər
tədbirə uğurla
evsahibliyi etdi və konqres bütün dünyada böyük maraq doğurdu.
COP29-a gəlincə isə bu, indiyə
qədər keçirilmiş
tədbirlərin ən
genişmiqyaslısı olacaq.
Bununla bağlı müşavirədəki çıxışı
zamanı dövlətimizin
başçısı tədbirin
əhatə dairəsi
barədə əyani
təsəvvür yaratmaq
üçün maraqlı
bir müqayisə aparıb: "Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən
təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə
xarici nümayəndə
ölkəmizə gələcək,
iki həftə ərzində Bakı dünyanın mərkəzi
olacaq. Müəyyən
ehtimallara görə,
təqribən 70-80 min
xarici qonaq bu müddət ərzində ölkəmizdə
olacaq".
Prezident İlham
Əliyev onu da vurğulayıb ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən
biridir. Ölkələrin
təmsilçiliyi baxımından
BMT Baş Assambleyasından
geri qalmır. "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını
da biz yüksək
səviyyədə keçirəcəyik,
bu, ölkəmizin, xalqımızın növbəti
böyük uğuru olacaq. Eyni zamanda
Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və
dünyada hər kəs bir daha
görəcək ki, bizim gündəliyimiz
"yaşıl enerji"
ilə bağlıdır.
"Yaşıl enerji"
növlərinin yaradılması
və "yaşıl
enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha
görəcək", - deyə
Azərbaycan Prezidenti vurğulayıb.
COP29-un məhz Azərbaycanda
keçirilməsi beynəlxalq
ictimaiyyətin etibarlı
və məsuliyyətli
üzvü kimi iqlim dəyişmələrinin
fəsadlarına qarşı
mübarizəyə öz
töhfəsini verən
ölkəmizin bununla
bağlı strateji hədəflərinə uyğundur.
Məlumdur ki, Azərbaycanın 2030-cu ilə
qədər sosial-iqtisadi
inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"
olmaqdır. Müvafiq
prioritetə uyğun şəkildə, ətraf
mühitin sağlamlaşdırılması,
yaşıllıqların bərpası
və artırılması,
su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən
səmərəli istifadənin
təmin edilməsi istiqamətində işlər
aparılır.
Azərbaycan baza
ili kimi götürülmüş 1990-cı illə müqayisədə
2030-cu ilə qədər
istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə
qədər isə 40
faiz azaltmağı qarşısına məqsəd
qoyub. İşğaldan
azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,
eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl
enerji" zonası elan olunub. Azad
edilmiş ərazilərdə
həyata keçirilən
genişmiqyaslı bərpa
və yenidənqurma prosesi də ətraf mühitin qorunması prioriteti nəzərə alınmaqla
həyata keçirilir.
Həmin ərazilərdə
"ağıllı şəhər",
"ağıllı kənd"
kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Dövlətimiz "yaşıl enerji" növlərinin yaradılmasına
və onların dünya bazarlarına nəqlinə enerji siyasətində xüsusi
əhmiyyət verir, o
cümlədən elektrik
enerjisi istehsalının
qoyuluş gücündə
bərpa olunan enerji mənbələrinin
payının 2030-cu ilə
qədər 30 faizə
çatdırılmasını hədəfləyir. Azərbaycan
Prezidentinin sərəncamı
ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl
Dünya Naminə Həmrəylik İli"
elan edilməsi də ölkəmizin bu sahədə qarşıya qoyduğu hədəflərə sadiqliyini
göstərir.
Dövlətimiz bütün
hədəflərinə çatacaq
29 sentyabr 2023-cü ildə
Zəngilanda keçirilmiş
2-ci Azərbaycan Milli Şəhərsalma Forumundakı
çıxışı zamanı
Prezident İlham Əliyev Böyük Qayıdış Proqramının
icrası zamanı da müasir texnologiyalardan, modern şəhərsalma nümunələrindən
geniş istifadə edildiyini, "ağıllı
şəhər" və
"ağıllı kənd"lərin
inşa olunduğunu diqqətə çatdırdı.
Zəngilan şəhərinin
baş planının
artıq təsdiq edildiyini, infrastruktura böyük vəsait ayrıldığını, bir
neçə yaşayış
layihəsinin icra edildiyini bildirdi: "Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində
yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından
mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin
edəcəkdir. Gələcəkdə
isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki
bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir.
Meşələri, çayları,
gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük
sərvətimizdən biridir.
Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən
çox sevilən bölgə olacaq".
Azərbaycan Prezidenti
onu da vurğuladı
ki, Zəngilan Beynəlxalq Hava Limanı azad olunmuş ərazilərdə
inşa edilmiş ikinci hava limanıdır.
Üçüncüsü isə Laçında inşa edilir və iki il
ərzində o hava limanı da istifadəyə veriləcək.
Forumda Prezident İlham Əliyev hazırda Zəngilanda təkcə pilot yaşayış layihəsinin
deyil, həmçinin
pilot kənd təsərrüfatı layihəsinin
də həyata keçirildiyinə nəzər
yetirdi. Ümid etdiyini bildirdi ki, Zəngilan gələcəkdə Azərbaycanın
qida təhlükəsizliyinə
sanballı töhfə
verəcək.
Enerji potensialı,
nəqliyyat, yaşayış
layihələri - bunların
hamısı Azərbaycan
dövlətinin yaxın
illər üzrə müəyyən etdiyi gündəliyin tərkib hissəsidir. Dövlətimizin
başçısının qətiyyəti, effektiv siyasəti, xalqın bu siyasətə fəal dəstəyi sayəsində dövlətimiz
qarşıya qoyduğu
bütün vəzifələrə
və hədəflərə
nail olacaq.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
16 yanvar, № 8.- S.9.