“Lenk Fruit” MMC-nin sitrus bağında
yaradılan şəraitlə tanışlıq
Regionların davamlı inkişafı
dövlət siyasətinin prioritet istiqamətidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da
Lənkəran rayonuna səfər edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı “Lenk Fruit” Məhdud
Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran
rayonunun Separadi kəndində yeni salınmış sitrus
bağında yaradılan şəraitlə tanış olub.
“Lenk Fruit”
MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə
yeni sitrus bağı haqqında məlumat verdi. Bildirildi ki,
bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən
Türkiyədən gətirilmiş 141 min ədəd sitrus
meyvələri, şaftalı və nektarin ağacı əkilib.
Ümumi dəyəri 10,7 milyon manat olan layihə
üçün Sahibkarlığın İnkişafı
Fondu tərəfindən müəssisəyə 1 milyon manat
güzəştli kredit və Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən
148 min manat faizsiz kredit verilib.
Ən
müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda
damcı üsulu ilə müasir suvarma şəbəkəsindən
istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada
ilk dəfə olaraq qış aylarında şaxtanın
temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2
milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq
quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini
şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd
belə avadanlığın quraşdırılması nəzərdə
tutulub.
Bildirildi ki,
hazırda təsərrüfatda 110 hektar sahədə naringi və
limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və
7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin
sahələrinin məhsuldarlığı hər hektardan
35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə
müqayisədə 2-3 dəfə çoxdur.
Qeyd olundu ki,
2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul
yığılıb və hazırda yığım davam
etdirilir. İstehsal olunan meyvələr ölkə
bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə
təsərrüfatın daha da genişləndirilməsi, o
cümlədən dağətəyi ərazilərdə
terras əkin sxemləri ilə sitrus sahələrinin
yaradılması üçün hazırlıq işləri
aparılır.
Hazırda təsərrüfatda
140 nəfər işlə təmin olunub.
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.2.