Prezident İlham Əliyev Lənkəran
regional “ASAN xidmət” mərkəzinin
açılışını edib
Regionların
davamlı inkişafı dövlət siyasətinin prioritet
istiqamətidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da
Lənkəran regional “ASAN xidmət” mərkəzinin
açılışını edib.
AZƏRTAC xəbər
verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin
başçısına məlumat verdi.
Bildirildi ki,
Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun
Qurumba kəndində inşa edilib. Mərkəz
üçün ayrılmış iki hektar ərazidə
üçmərtəbəli inzibati bina, fəvvarə,
yerüstü avtomobil dayanacağı, istirahət və
uşaq əyləncə meydançası, “ASAN Kafe”
yaradılıb.
Dövlətimizin
başçısı Lənkəran regional “ASAN xidmət” mərkəzini
işə saldı.
Məlumat
verildi ki, Lənkəran, Astara, Lerik və Yardımlı
rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə
yaxın vətəndaşa xidmət edəcək mərkəz
ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
Burada 214 əməkdaş və 40 könüllü
çalışacaq.
Mərkəz
videomüşahidə kameraları, yanğınsöndürmə,
mərkəzləşdirilmiş havalandırma sistemləri,
“ASAN ödəniş” terminalları, elektron şikayət,
elektron rəy sorğusu və Çağrı mərkəzinə
zəng köşkləri və müasir avadanlıqlarla təchiz
edilib.
Regionda
startapların inkişafını təmin etmək məqsədilə
burada “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də
fəaliyyət göstərəcək.
Burada, həmçinin
ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət
göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini,
innovativ və yeni təlim metodlarını tətbiq
etməklə ölkəmizdə
müxtəlif özəl
və dövlət qurumlarında çalışan
kadrların peşəkarlıq
səviyyəsinin təkmilləşdirilməsinə
müsbət töhfələr
verməkdir.
Qeyd olundu ki, fevralın 7-də keçiriləcək prezident
seçkiləri ilə
əlaqədar “ASAN xidmət”
mərkəzlərində innovativ
həll təmin edilib. Belə ki, mərkəzlərdə
olan “ASAN növbə”
terminallarına “Seçici
statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar
şəxsiyyət vəsiqələrini
qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində
səs verməli olduqlarını öyrənə
bilərlər. Həmçinin
qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi,
səs veriləcək
seçki məntəqəsinin
ünvanı haqqında
məlumatları əldə
etmək mümkündür.
Bu yeni layihə
Mərkəzi Seçki
Komissiyası və
“ASAN xidmət”in birgə
layihəsi çərçivəsində
reallaşdırılıb. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
“ASAN xidmət” tərəfindən
həyata keçiriləcək
tədbirlərlə bağlı
da konseptual plan hazırlanıb. Plana əsasən,
bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq.
Dövlətimizin başçısına
Lənkəran “ASAN xidmət”
mərkəzində tətbiq
olunacaq innovativ yeniliklər - İntellektual
məhsul ixracı,
Etimad Fondu, Dövlət Xidmətlərinin
Akselerasiya Mərkəzi,
Universal operator, Süni intellekt
əsaslı xidmətlər
və smart qolbaq barədə məlumat verildi. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar
bildirildi ki, mərkəzlərin
qurulması üçün
Dövlət Agentliyi tərəfindən 7 rayonda
təhlillər aparılıb.
Təhlillər nəticəsində
proqnozlaşdırılan müraciət
sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında
“ASAN xidmət” mərkəzlərinin
qurulmasının məqsədəuyğunluğu
müəyyənləşdirilib. Eyni zamanda, hazırda
Şuşa şəhərində
də “ASAN xidmət”in
binasının inşası
davam etdirilir.
Qeyd edək
ki, hazırda ölkəmizdə
26 “ASAN xidmət” mərkəzi
fəaliyyət göstərir.
Lənkəran “ASAN xidmət”
mərkəzi sayca
27-cidir.
“ASAN xidmət” mərkəzlərində
müxtəlif dövlət
orqanları, həmçinin
özəl şirkət
və müəssisələr
tərəfindən vətəndaşlara
ümumilikdə 400-ə yaxın,
“ASAN kommunal” mərkəzlərində
isə “Azərişıq”
ASC, “Azərsu” ASC və
“Azəriqaz” İB tərəfindən
55 xidmət göstərilir.
Bu il yanvarın 8-dək “ASAN xidmət”
mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş
tərəfindən 70 milyona
yaxın müraciət
daxil olub. Keçirilən rəy sorğularına əsasən,
vətəndaşların xidmətlərdən
məmnunluq əmsalı
99,8 faiz təşkil edir.
Dövlət Agentliyi
“ASAN xidmət” modelinin
ixracı ilə bağlı 20-dən çox
ölkə və beynəlxalq təşkilatla
müqavilə imzalayıb.
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.2.