Lənkəranda
müasir penitensiar kompleks istifadəyə verilib
Regionların
davamlı inkişafı dövlət siyasətinin prioritet
istiqamətidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da
Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş
müasir penitensiar kompleksində yaradılan şəraitlə
tanış olub.
AZƏRTAC xəbər
verir ki, ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin
başçısına yeni penitensiar müəssisə barədə
məlumat verdi.
Bildirildi ki, ümumi
saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir.
Burada istintaq təcridxanasında barəsində
həbs qətimkan tədbiri seçilmiş
şəxslərin, cəzaçəkmə
müəssisəsində isə
məhkumların məhkəmə
hökmünə əsasən
müxtəlif rejimlərdə
saxlanılması nəzərdə
tutulur. Müəssisədə
əsasən cənub
zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan
şəxslər saxlanılacaq
ki, bununla onlar öz ailələri ilə daha asan
və rahat görüşə biləcəklər.
Kompleksdə kamera tipli 7 korpus inşa olunub və burada hər cür şərait yaradılıb.
Məhkumların hüquqlarının
etibarlı təmin olunması məqsədilə
onların ailələri
ilə uzunmüddətli
görüş üçün
zəruri məişət
avadanlığı ilə
təchiz edilmiş 19
studio mənzil tipli otaqlar, habelə qısamüddətli görüşlər
üçün kabinələr
istifadəyə verilib.
Burada məhkumların
asudə vaxtlarını
səmərəli keçirmələri
üçün kitabxana,
televizor otağı, idman meydançası var.
Müəssisədə istehsalat
sahələri yaradılıb,
bərbərxana, dərzi
xidmətləri təşkil
edilib.
Diqqətə çatdırıldı
ki, saxlanılan şəxslərə
yüksəkkeyfiyyətli tibbi
xidmətin göstərilməsi
üçün kompleksin
müasir avadanlıqla
və geniş dərman çeşidləri
ilə təchiz olunmuş Tibb-sanitar bölməsi fəaliyyət
göstərir. Bölmədə
kardioloq, stomatoloq, fizioterapevt, rentgen, ultrasəs müayinəsi,
cərrahiyyə, manipulyasiya,
ambulator və stasionar
şəraitdə müayinə
və müalicə otaqları, laboratoriya, intensiv terapiya çarpayıları olan
kamera-palatalar mövcuddur.
Kompleksdə saxlanılan
şəxslər üçün,
həmçinin psixoloq
və ibadət otaqları ayrılıb. Eyni zamanda, məhbusların
keyfiyyətli qidalanmasını
təmin etmək üçün müasir
avadanlıqla təchiz
edilmiş mətbəx,
yeməkxana, habelə
sənaye tipli qurğuları olan camaşırxana yaradılıb.
Mühafizəni təmin
edən əsgərlər
üçün ərazidə
kazarma, təlim otaqları, qarovul binası, kinoloji mərkəz, avtopark inşa olunub.
Bundan əlavə,
məhbusların məhkəmə
iclaslarında məsafədən
- videokonfrans vasitəsilə
iştirakı, habelə
telefon danışıqları
və videogörüş
üçün lazımi
avadanlıqla təchiz
olunmuş xüsusi otaqlar qurulub, istintaq hərəkətlərinin
aparılması, vəkilləri
ilə görüşləri
üçün zəruri
şərait yaradılıb.
Komplekslə tanışlıq
zamanı dövlətimizin
başçısına müəssisədə
quraşdırılmış “ƏN TEZ”
(Ədliyyə Nazirliyinə
Təcili Elektron Zəng) Xidmət platforması nümayiş
etdirilib.
Ədliyyə Nazirliyinin
innovativ məhsulu olan “ƏN TEZ” Xidməti əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən
yerdə virtual platforma
əsasında vətəndaşlara
nazirliyə videozəng
vasitəsilə müraciət
edərək məsafədən
müxtəlif ədliyyə
xidmətlərindən (notariat,
vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatı, məhkəməyə
müraciət və məhkəmə qərarlarının
icrası və s.) eyni vaxtda yararlanmaq
imkanı verir. Həmçinin əhaliyə
xidmət sahəsində
ölkədə ilk dəfə
bu platformada tətbiq edilən “süni intellekt” insanın davranışını
vizuallaşdıraraq xidmət
üçün müraciət
etmiş şəxslə
ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını
və təqdim olunmasını təmin edir.
Smart konsepsiyaya əsaslanan
“ƏN TEZ” Xidmətində vətəndaşın şəxsiyyəti
“Üztanıma” sistemi
əsasında avtomatlaşdırılmış
qaydada eyniləşdirilir,
xidmət üzrə sənədlər isə
ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur.
Bu yeni platforma Birinci vitse-prezident
Mehriban Əliyevanın təşəbbüsü
olan DOST, habelə
“ASAN xidmət” mərkəzlərində,
Heydər Əliyev Beynəlxalq
Aeroportunda artıq tətbiq edilir.
“ƏN TEZ” Xidmətin Lənkəran penitensiar kompleksində istifadəyə verilməsi
məhkumlara, onlarla görüşə gələn
vətəndaşlara, eləcə
də müəssisənin
əməkdaşlarına ədliyyə
xidmətlərindən yerində
bəhrələnmək imkanı
verəcək.
Kompleksin yerləşdiyi
ərazidə əməkdaşlar
üçün altımərtəbəli
30 mənzilli xidməti
yaşayış binası
inşa edilib.
Prezident İlham Əliyevə
Bakının Umbakı
qəsəbəsində yeni istifadəyə verilmiş
penitensiar kompleks barədə də məlumat verildi. Bildirildi ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi də qarışıq rejimli olmaqla iki zonadan
– istintaq təcridxanasından
və cəzaçəkmə
müəssisəsindən ibarətdir. Təcridxanada
təqsirləndirilən şəxslər,
müəssisədə isə
ağır və digər cinayət törətməyə görə
azadlıqdan məhrum
edilmiş məhkumlar
saxlanılırlar. Kompleksdə
19 müxtəlif rejimli
kamera tipli korpus mövcuddur. Burada məhkumların hüquqlarının daha etibarlı təmin olunması, yüksəkkeyfiyyətli
tibbi xidmətin göstərilməsi, asudə
vaxtın səmərəli
təşkili üçün
hər cür şərait yaradılıb.
Qeyd edək
ki, paytaxtda və bölgələrdə yeni penitensiar
müəssisələrin tikilməsi
ölkəmizdə aparılan
köklü islahatların
tərkib hissəsidir.
Bu müəssisələrdə yaradılan müasir şərait məhkumların
hüquqlarının təminatına,
onların öz ailələrinə yaxın
ərazilərdə cəza
çəkmələrinə və cəmiyyətə reinteqrasiyasına xidmət
edir.
Azərbaycan.-
2024.- 17 yanvar, ¹ 9.- S.3.