Prezident
İlham Əliyev Neftçala şəhərinin içməli
su təchizatı sistemlərinin istismara verilməsi mərasimində
iştirak edib
Regionların
davamlı inkişafı dövlət siyasətinin prioritet
istiqamətidir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da
Neftçala şəhərinin içməli su təchizatı
sistemlərinin istismara verilməsi tədbirində iştirak
edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov dövlətimizin başçısına
görülən işlər barədə məlumat verdi.
Bildirildi ki,
Neftçala şəhərinin içməli su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi
dövlət büdcəsi hesabına həyata keçirilir.
Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv
inkişaf nəzərə alınmaqla 89 min nəfərin
içməli su təchizatının
yaxşılaşdırılmasına hesablanıb.
Prezident
İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər
üçün Tədbirlər Planı”na uyğun olaraq
qısa müddət ərzində Şirvan-Muğan qrup su kəmərindən
Neftçala şəhərinə qədər diametri 560
millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri
çəkilib və Salyan şəhəri
yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı
inşa edilib. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə
suyun verilməsi təmin olunub. 2023-cü ildə Neftçala
rayonunun qəsəbə və kəndlərinin su təchizatına
xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu
36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri
yekunlaşıb.
Bununla paralel
olaraq, Neftçala şəhərində ümumi uzunluğu
150 kilometr içməli su təchizatı şəbəkəsi
inşa edilib və 5060 sayğac quraşdırılaraq şəhərin
su təchizatı sisteminin yenidən qurulması işləri
tam yekunlaşıb. Eyni zamanda, layihə çərçivəsində
şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı
su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru, 9 nasos
stansiyası və məhsuldarlığı gündə 4 min
kubmetr olan tullantı sutəmizləyici qurğunun
inşası planlaşdırılır. Ötən dövr ərzində
uzunluğu 9,6 kilometr kanalizasiya kollektoru və 1 nasos
stansiyası inşa edilib.
Yeni
yaradılmış infrastrukturun imkanları hesabına ötən
müddətdə Neftçala şəhəri ilə
yanaşı, rayonun içməli sudan əziyyət çəkən
39 yaşayış məntəqəsinin problemi həll
edilib. Neftçala rayonunun qalan 11 yaşayış məntəqəsi
və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə
17 yaşayış məntəqəsinin su təminatının
yaxşılaşdırılması məqsədilə 76
kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su
anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilib.
Qeyd olunub ki,
indiyədək su xəttinin 64 kilometrlik hissəsi çəkilib,
anbarların və nasos stansiyasının tikintisi davam
etdirilir.
Prezident İlham
Əliyev Neftçala
şəhərinin içməli
su təchizatı sistemlərini işə saldı.
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.5.