Fransa Azərbaycanla körpüləri yandırıb

 

Ölkəmizə qarşı düşməncəsinə davranışlarından ən çox uduzan Parisdir

 

"Fransanın regionda oynadığı destruktiv rolu dövlətimizə qarşı düşməncəsinə davranışları diqqətimi çəkdi. Bundan belə bir nəticə çıxardım ki, Azərbaycanla Fransa arasında ikinci tərəfin təşəbbüsü ilə körpülər yandırılıb. Bu körpülərin yandırılmasının əsas səbəbini cənab Prezident Fransada, bütövlükdə Qərbdə fundamental əsasların nəsil dəyişikliyi ilə izah edir".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki, həmin ölkələrin başında duran liderləri indi populist, demaqoq, multikultural dəyərlərin özünü doğrultmadığını açıq şəkildə dilə gətirən islamofoblar əvəzləyiblər. Fransanın Cənubi Qafqazla bağlı siyasətində bu, özünü  açıq-aydın göstərir. Rəsmi Paris Azərbaycanla körpüləri yandırıb, amma bu, iki ölkə arasında əlaqələrin bərpa olunmayacağı anlamına gəlmir.

Deputat düşünür ki, Azərbaycan Fransa arasında əlaqələr düzələcək, amma körpü yandıranlarla deyil: "Onlar qısa zamanda tarixin harasında olmalıdırlarsa, orada da olacaqlar. Məncə, Fransada regiondakı bu siyasətlərinin onlara yaxşı heç vermədiyini anlayanlar az deyil. Dövlət başçımızın da vurğuladığı kimi, biz Fransaya öz meydançasında belə həddini göstərdik. Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında, Avropa Birliyində, Frankofoniya zirvəsində fransızlar planlaşdırdıqlarını həyata keçirə bildilər. Bunun üçün yetərincə tərəfdaş tapmadılar".

S.Alıyev vurğulayıb ki, bu rüsvayçılığın əsas səbəbkarı Afrikadan qovulan Fransa rəhbərliyidir. Bu rəhbərlik dönəmində Fransa mənəvi deqradasiyanın necə dibinə enibsə, bu ölkədə Xurşidbanu Natəvanın heykəli hədəf alınır. Hətta heykəlin qoyulduğu yerdən götürülməsinə çalışılır. Bunu qadın azadlığı ilə bağlı özünün bu mübarizədə guya öndə olduğunu göstərməyə çalışan ölkə edir. Natəvan şair olmaqla yanaşı, müsəlman dünyasında qadın azadlığı məsələsini ilk qaldıran xanımlardan biri idi.

Deputat qeyd edib ki, Makronun baş nazir xarici işlər naziri təyinatından da Fransada dəyərlərin necə dəyişdiyi hiss olunur. "İndi qadın azadlığı, mədəniyyət məsələləri arxa plandadır. Azərbaycana qarşı düşməncəsinə davranışlarından istənilən halda ən çox uduzan tərəf Fransa özüdür. Gələcəkdə bu, daha aydın görünəcək", - deyə o əlavə edib.

Fransanın haypərəstliyinin onun Ermənistanda möhkəmlənməsinə kömək etməyəcəyini deyən S.Alıyev bildirib ki, Qərbdəki dövlətlərdən hansısa bu ölkədə, eləcə Avropa Birliyində möhkəmlənə bilər, amma bu, Fransa olmayacaq. Son zamanlar Almaniya rəsmilərinin Ermənistanla sıx təmasları da bu sözlərin əsassız olmadığını göstərir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 17 yanvar, № 9.- S.10.