Həyata bağlı
insan idi. İşini, peşəsini,
ətrafındakıları, həyatı, bir sözlə, dünyanın
bütün gözəlliklərini
sevərdi. "Sevgisiz
yaşaya bilən insan varsa, mən
ona həsəd aparıram" deyərdi.
Bəlkə də onu rejissorluğa həyata bağlılığı,
"əbədiyaşarlıq" arzusu gətirmişdi. Anadan olduğu gün, 80 yaşında infarkt keçirib yatağa düşdü...
Bir müddət müalicə alsa da, amansız xəstəliklə cəmi
3 ay mübarizə apara bildi. 16 aprel 2021-ci ildə bu dünya ilə
əbədi olaraq vidalaşdı...
Onun keçdiyi
ömür yolundan danışarkən soyuqqanlıqla
"gəldi, yaşadı,
getdi" ifadəsini işlətmək mümkün
deyil. İstər-istəməz
düşünürsən ki, gəldi, çalışdı, yaratdı,
adını xalqının
mədəniyyət tarixinə
əbədi olaraq yazdırdı, əbədiyaşarlıq
ömrü qazanan fərqli insanlardan oldu.
Söhbət Azərbaycan
kinematoqrafiyasına əvəzsiz töhfələr
verən kinorejissor, ssenarist, Azərbaycan SSR Xalq artisti, Azərbaycan
SSR Dövlət mükafatı
laureatı, "Debüt"
studiyasının bədii
rəhbəri (1987-ci ildən),
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
Kino kafedrasının
professoru Eldar Quliyevdən gedir...
O, 18 yanvar 1941-ci
ildə Bakıda musiqiçi ailəsində anadan olub.
Gözünü açandan evdə musiqi səsi eşidib, sənət
haqqında söhbətləri dinləyib.
Görkəmli sənətkar
rejissorluğa gəlişini belə ifadə edib: "Mixail Kolotzovun "Durnalar
uçur" filminə baxdıqdan sonra rejissor olmağa qərar
verdim".
1960-1966-cı illərdə
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
Rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil
alan Eldar Quliyev 1967-ci ildən
"Azərbaycanfilm" kinostudiyasında "Biri vardı, biri yoxdu…"
adlı ilk qısametrajlı filmlə rejissorluq fəaliyyətinə başlayır. 1969-cu ildə ilk
böyük ekran əsəri olan "Bir cənub şəhərində"
filmini çəkir. Bu film Azərbaycan kinosunda yeni bir mərhələnin
başlanğıcı olur. 1979-cu ildə isə
professionallıq səviyyəsinə, kütləvi və
batal səhnələrin miqyasına görə seçilən
"Babək" filminə ekran həyatı verir. Dünya sənət
nümunəsinin nadir incilərindən hesab edilən "Babək"
filmi o illərdə 52 ölkə
tərəfindən satın alınıb. "Ən vacib
müsahibə", "Var olun, qızlar…", "Ürək…
Ürək…", "Nizami", "Nə gözəldir bu
dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin
qeydləri" filmləri də Eldar Quliyevin ekran həyatı
verdiyi filmlər sırasında yer alır.
Eldar Quliyev həm
də bir neçə filmin ssenari müəllifi olub. Onun
çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda
priz və mükafatlara layiq görülmüşdür.
Onlarca filmə
ekran həyatı verən Xalq artisti, kinorejissor Eldar Quliyev
"İstiqlal", "Şərəf",
"Şöhrət" ordenləri, Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu, "Qızıl
çinar" beynəlxalq mükafatı və digər orden
və mükafatlarla təltif edilib.
İllər, əsrlər
keçəcək, Azərbaycan kino sənətinə
"Sevinc buxtası", "Babək",
"Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat"
, "Girov", "Heydər
Əliyev. Dünyaya pəncərə", "İstanbul
reysi" kimi sənət əsərləri bəxş
etmiş böyük sənətkarın adı hörmətlə
anılacaq. Sənət dünyasına yeni qədəm qoyan gənc
kino yaradıcıları böyük sənətkar Eldar
Quliyevə oxşamağa çalışacaqlar.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.11.