Azərbaycanın
ilk peşəkar dirijorlarından biri
Bakıda 1908-ci il
yanvarın 12-də ilk
milli operamız olan "Leyli və Məcnun" tamaşaya qoyulanda Azərbaycanda peşəkar
dirijorlar yetişməmişdi.
Ogünkü tamaşada
dirijor pultunda dramaturq, teatr xadimi Əbdürrəhman
bəy Haqverdiyev durmuşdu. Sonralar Üzeyir bəy Hacıbəyli, Müslüm
Maqomayev, David Slavinski tamaşada orkestrə dirijorluq etmişdilər.
Gələcəyin peşəkar
dirijoru Əşrəf
Həsənov o zaman hələ uşaq idi. O, 1909-cu il yanvarın 24-də Nuxada (indiki Şəki şəhərində) dünyaya
gəlmişdi. 1927-1932-ci illərdə
Azərbaycan Dövlət
Konservatoriyasının (indiki
Bakı Musiqi Akademiyası) orkestr sinfində təhsil almış, Azərbaycan Dövlət Opera və Balet Teatrında (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı)
dirijor işləmişdi.
Təhsilini Moskvada
davam etdirən Əşrəf Həsənov
1933-1938-ci illərdə Moskva
Dövlət Konservatoriyasının
dirijorluq sinfində oxumuşdu.
1938-ci ildə Moskvada
Azərbaycan mədəniyyəti
və incəsənəti
ongünlüyü keçiriləndə
Əşrəf Həsənov
tələbə idi. Həmin möhtəşəm
tədbirdə Üzeyir
bəy Hacıbəylinin
"Koroğlu" operası
onun dirijorluğu ilə Böyük Teatrın səhnəsində
təqdim edildi. Həyatının o unudulmaz
günlərini sonralar
belə yada saldı: "Ongünlüyə
hazırlıqla əlaqədar,
Üzeyir Hacıbəyov,
incəsənət işləri
idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən
Moskva Konservatoriyasının
son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş
zamanı Üzeyir bəy mənə dedi ki, "Əşrəf, ongünlüklə
əlaqədar yaxşı
olar ki, Bakıya gələsən
və "Koroğlu"
operasını yenidən
hazırlayasan. Operanın
ongünlükdə dirijorluğunu
sənə tapşırıram".
Mən Bakıya gəldim və böyük həvəslə
məşqlərə başladım.
Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində
çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu".
Təhsilini tamamlayıb
Vətəninə qayıtdıqdan
sonra böyük həvəslə işə
başladı. 1938-1950-ci illərdə
Azərbaycan Radio Komitəsinin
nəzdindəki simfonik
orkestrin rəhbəri
oldu. Əşrəf Həsənov dirijor kimi 1938-1979-cu illərdə
Azərbaycan Dövlət
Opera və Balet Teatrında da çalışdı. Bu
teatrda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının
bir sıra opera və baletlərinə
dirijorluq etdi. Həmin tamaşaların
- "Leyli və Məcnun", "Koroğlu",
"Aşıq Qərib",
"Şahsənəm", "İvan Susanin", "Knyaz İqor", "Qaratoxmaq qadın",
"Yevgeni Onegin",
"İolanta", "Qar
qızı", "Su
pərisi", "Aleko",
"Traviata", "Aida",
"Karmen" və digər tamaşaların uğur qazanmasında dirijor Əşrəf Həsənovun da böyük əməyi vardı.
Əşrəf Həsənov
həm də bacarıqlı pedaqoq idi. O, 1949-1962-ci illərdə
Azərbaycan Dövlət
Konservatoriyasında Opera hazırlığı
şöbəsinə rəhbərlik
edirdi.
Görkəmli sənətkar
1940-cı ildə "Azərbaycan
SSR Əməkdar incəsənət
xadimi", 1959-cu ildə
"Azərbaycan SSR Xalq
artisti" fəxri adları, 1938-ci ildə
"Şərəf nişanı"
ordeni, 1979-cu ildə isə Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
Əşrəf Həsənov
1983-cü il avqustun
9-da vəfat edib. Azərbaycanın ilk peşəkar dirijorları
sırasında onun adı hər zaman hörmətlə, minnətdarlıqla anılır.
Z.FƏRƏCOVA,
Azərbaycan.-2024.-
17 yanvar, № 9.- S.11.