Parisin maskası yırtılıb

 

Neokolonist siyasətini davam etdirən Fransa indi açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparır

 

 

"Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində, sülhyaratma prosesində yer almağa cəhdlər göstərən Fransa, əslində, birtərəfli qərəzli yanaşma ortaya qoyur. Son zamanlar Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin şahidi olmuşuq".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə, Fransa tərəfindən Ermənistan yeni müharibəyə təhrik edilərək silahlandırılır. Bütün bunlar rəsmi Parisin Azərbaycana qarşı yönəlmiş siyasətinin nümunələridir.

Azərbaycanın Fransaya münasibətdə hər hansı bir qərəzi olmadığını deyən Sevinc Fətəliyeva qeyd edib ki, dövlətimiz çoxvektorlu xarici siyasət kursuna sadiq qalaraq bu ölkə ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində hər hansı bir problem görmür. "Problem yalnız Fransanın, xüsusilə bu ölkənin hazırkı iqtidarının ölkəmizə qərəzli münasibət bəsləməsindədir. Münasibətlərin gərginləşməsi İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa prezidenti dəfələrlə Azərbaycanın dövlət başçısına telefon açaraq müharibənin dayandırılmasını istəyirdi. Ancaq onun istəyi baş tutmadı Azərbaycan öz qətiyyətini ortaya qoydu. Müharibə yalnız ölkəmizin şərtləri təmin olunmaqla dayandırıldı", - deyə o əlavə edib.

Komitə sədrinin müavini vurğulayıb ki, müharibənin bitməsindən sonra da rəsmi Paris qərəzli mövqeyini davam etdirir. Fransa başda E.Makron olmaqla, Ermənistanı birtərəfli qaydada dəstəkləməkdə davam edir: "İkinci Qarabağ müharibəsindən sonra Fransa ilə münasibətlər gərgin olsa da, əlaqələr mövcud idi. Təsadüfi deyil ki, Azərbaycan Fransa prezidenti Makronun Praqadakı görüşdə iştirakına razılıq verdi başqa səviyyələrdə təmaslar oldu - Fransa xarici işlər nazirinin Azərbaycana səfəri baş tutdu. Antiterror tədbirlərindən sonra isə münasibətlər mahiyyətcə dayandırıldı ki, bu da ölkəmizin deyil, məhz Fransanın günahı ucbatından baş verdi. Bu ölkə artıq heç bir beynəlxalq normalara əməl etməyərək açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı".

Sevinc Fətəliyeva qeyd edib ki, postmüharibə dövründə məğlub Ermənistanda müəyyən revanşist qüvvələr baş qaldırıb. Belələri həm hakimiyyət komandasında, həm müxalifətdə var. Sülh danışıqlarından danışan Ermənistan eyni zamanda silahlanmaya rəvac verir. Fransa bunda da müəyyən rol oynayır. Bu gün demokratiyadan danışan Fransanın, əslində, tarixboyu müstəmləkəçi siyasət yürütdüyü, Afrikada soyqırımlar törətdiyi bütün dünyaya məlumdur. Rəsmi Paris bu gün neokolonist siyasətini davam etdirir, Afrikanın bir sıra xalqlarını müstəmləkə altında saxlamağa çalışır. Azərbaycan isə sülhü tərənnüm edən bir ölkə kimi müstəmləkəçilikdən azad olmaq uğrunda mübarizəni həmişə müdafiə edib, bu istiqamətdə dəstəyini əsirgəməyib. Qoşulmama Hərəkatının sədri qismində müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platforma kimi yeni müstəmləkəçi neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyini ortaya qoyub. Ölkəmizin müstəmləkəçiliyə qarşı barışmaz münasibəti bundan sonra da birmənalı olaraq davam edəcək.

Sevinc Fətəliyeva deyib ki, bu baxımdan ötən il yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti əhəmiyyətlidir. Bu, Fransanın müstəmləkə siyasətinə qarşı mübarizədə mühüm platformadır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 18 yanvar, № 10.- S.15.