Simon Kopadze: Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır

 

 

Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır. Paris və İrəvan əlbir olub oyun qurub, amma onlar heç nə əldə edə bilməyəcəklər.

Bu sözləri müsahibəsində gürcü politoloq Simon Kopadze söyləyib. O bildirib ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli şəkildə cərəyan edən bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını təklif edib. Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlib. Rəsmi Bakı həmişə şərait yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar. Bu, onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq. Ermənistan tərəfi hansısa irəliləyiş istəyirsə, bu zaman ən azı ilkin mərhələdə ekspertlər səviyyəsində Tbilisidə görüşlər keçirməyə razılıq verməlidir. Çünki Cənubi Qafqazda sülh istəyiriksə, burada olan 3 ölkə bunu etməlidir. Amma Ermənistanın atdığı addımlar onu dünyadan təcrid etdi, bütün iqtisadi layihələrdən uzaqlaşdırdı.

“Düşünürəm ki, Ermənistanın etdikləri onun xeyrinə olmadı. Ermənistan öz səhvlərinin qurbanı oldu. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə qarşı işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib. Azərbaycan hər şeyi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində edib”, – deyə S.Kopadze vurğulayıb.

Gürcü politoloq deyib: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh olarsa, həyat inkişaf edəcək, iqtisadiyyat güclənəcək və region xalqları gözəl şəraitdə yaşayacaqlar. Amma bu proses bir çox ölkələri narahat edir. Azərbaycan isə bütün ölkələrlə gözəl əlaqələr qurmağı bacarıb, dünyanın investisiya yatırdığı dövlətlərdən birinə çevrilib. Artıq demək olar ki, hər kəs Azərbaycan ilə yaxşı münasibətlər qurmağa çalışır. Bunu etmək istəməyənlər isə uduzacaq. Azərbaycan çox sürətlə inkişaf edir və bu inkişafı heç kim saxlaya bilməyəcək”. Onun sözlərinə görə, nəinki Azərbaycanın, dünyanın istənilən dövlətinin ərazi bütövlüyünün bərpa olunması, həmin ərazilərin yenidən qurulması müsbət haldır.

İşğaldan azad olunmuş Zəngilan və Ağdama səfər edən S.Kopadze həmin ərazilərdə yenidənqurma prosesi ilə yaxından tanış olduğunu və gördüklərindən təəccübləndiyini gizlətməyib: “İşlərin hansı sürətlə getdiyini sadəcə görmək lazımdır. Hələ mən hansısa bir ölkənin işğaldan azad olunmuş ərazilərində belə sürətli yenidənqurmanın şahidi olmamışdım. Qətiyyətlə deyə bilərəm ki, həmin ərazilər tezliklə abad, gözəl və yaşayış üçün ən yaxşı məkanlardan birinə çevriləcək”.

 

Azərbaycan.-2024.- 18 yanvar, ¹ 10.- S.15.