Bayden
Trampa məğlub olacağını anlayır
"Deyəsən, Donald
Tramp Ayova ştatında qalib gəlib. Hazırda
o, müxalifətin aşkar favoritidir. Ancaq burada bir şey var:
bu seçkilərdə həmişə siz və mən ifrat
respublikaçıların əleyhinə olmuşuq. Bu
mövqe dünən də doğru idi, sabah da doğru
olacaq."
ABŞ Prezidenti
Co Bayden Ağ Evin sabiq rəhbəri Donald Trampın
Ayovadakı qələbəsindən sonra "X" sosial
şəbəkəsində bu paylaşımı edərək
onu respublikaçılar arasında aşkar favorit
adlandırıb.
Xatırladaq ki,
ABŞ-nin keçmiş prezidenti Donald Tramp
respublikaçıların Ayova ştatında keçirilən
kokusunda səslərin çoxunu qazanıb. Bu,
Respublikaçılar Partiyasından prezidentliyə namizəd
seçmək üçün ilk səsvermə idi.
Səslər
hesablandıqdan sonra Tramp onların 51 faizini, Florida
ştatının qubernatoru Ron Desantis 21,2 faizini, ABŞ-nin
BMT-dəki keçmiş səfiri Nikki Heyli 19,1 faizini
toplayıb. Səslərin təxminən 7 faizini Vivek Ramasvami
qazanıb və bundan sonra yarışı tərk etdiyini
açıqlayıb. Prezident seçkilərində
respublikaçıları təmsil etmək üçün
mübarizə aparan digər üç namizədin hər
biri 1 faizdən az səs toplayıb.
Tramp Ayova
ştatında səsvermənin nəticələri ilə fəxr
etdiyini bildirib: "Layiqli rəqiblərə qalib gəlməyim
böyük şərəfdir". Tramp həmçinin
prezidentlik yarışından çəkildiyini elan edən
iş adamı Vivek Ramasvami ilə işləmək niyyətində
olduğunu bildirib. Nyu-Hempşirdə tərəfdarları
qarşısında çıxışı zamanı o,
Ramasvamini fantastik və "çox ağıllı
oğlan" adlandırıb: "Onun böyük
ideyaları var və parlaq gələcəyi olan gəncdir. O,
bizimlə işləyəcək".
Ramasvami də
çıxış edərək tərəfdarlarını
Trampa səs verməyə çağırıb. O, digər
namizədləri - Ron Desantisi və Nikki Heylini də
seçkidən imtina etməyə və Donald Trampın vahid
namizədliyini dəstəkləməyə
çağırıb.
Sabiq prezident
Nyu-Hempşirdə tərəfdarlarına deyib ki, ABŞ-ni
axmaqlar idarə edir. Bundan əvvəl Tramp Rusiya və
Çin liderləri Vladimir Putini və Si Cinpini çox
ağıllı insanlar adlandırıb. O, həmçinin
bildirib ki, Co Bayden prezident seçkilərindən əvvəl
ABŞ-ni məhv edə bilər.
Tramp Rusiya
Prezidenti Vladimir Putinlə yaxşı yola getdiyini və Ağ
Evə rəhbərlik edəcəyi təqdirdə
Ukraynadakı münaqişənin tezliklə həllinə
çalışacağını bildirib.
O, Putinlə
anlaşdığını və Ukraynadakı münaqişəyə
son qoya biləcəyini deyib: "Biz Putinlə yaxşı
anlaşırıq, bu pis deyil, yaxşıdır. Rusiya
hücum etməzdi, İsrailə hücum olmazdı. Ukraynada vəziyyət
dəhşətlidir, İsraildə baş verənlər dəhşətlidir...
Mən Putini yaxşı tanıyıram, Zelenskini də
yaxşı tanıyıram. Onları əlaqələndirəcəyik.
Biz bunu çox tez həll edəcəyik. Bu, baş verməməli
idi və olmayacaqdı, amma indi insanların
düşündüyündən də böyük miqyasda
baş verib. Biz müharibəni dayandıracağıq,
çünki bu, kədərlidir, heç başlamamalı
idi".
Siyasətçi
Ayovada çıxışı zamanı ABŞ-dəki
problemlərə də toxunub və onların 90 faizinə
görə ölkədə saxta xəbərləri
yayanları günahlandırıb.
Bu arada,
almaniyalı siyasətçi Fridrix Merts Almaniyanı və digər
Aİ ölkələrini Donald Trampın yenidən ABŞ
prezidenti seçilməsi ehtimalına diqqətsiz və
hazırlıqsız olduqlarına görə tənqid edib.
N-TV telekanalı Fridrix Mertsdən sitat gətirib:
"Aİ-nin və xüsusilə onun ən böyük
üzv dövlətinin bu potensial problemə nə qədər
diqqətsiz yanaşmasından narahatam".
Onun fikrincə,
avropalıların mümkün qədər qısa bir zamanda
Amerika ilə A, Amerikasız B planı hazır
olmalıdır. Merts öz ölkəsindən və Aİ-dən
təhlükəsizlik siyasəti haqqında yenidən strateji
düşünməyi tələb edir.
Son məlumara
görə, ABŞ-nin keçmiş prezidenti Donald Tramp
Manhettendə məhkəmə qarşısına
çıxmaq üçün seçki kampaniyasına
qısa fasilə verib. Orada ona qarşı böhtan
ittihamı ilə bağlı işə baxılır.
Mülki iddia, Trampın keçən il zorlama cəhdinə
görə məhkəməyə verildiyi yazıçı
və jurnalist Cin Kerroll tərəfindən
açılıb.
Bu, 1996-cı ildə
baş verən hadisələrə əsaslanan ikinci məhkəmədir.
Kerrollun sözlərinə görə, o, həmin il Trampla
Nyu-York univermağında tanış olub. İddialara əsasən,
Tramp ondan başqa qadına hədiyyə olaraq seçdiyi
paltarı geyinməyi xahiş edib. Qadın
razılaşıb və bundan sonra, dediyinə görə,
Tramp paltardəyişmə otağında ona hücum edib.
2023-cü ilin mayında münsiflər heyəti Trampı
yazıçıya təcavüz cəhdində təqsirli
bilib. Daha sonra andlılar heyəti Trampın Kerrolla cinsi təcavüz
etdiyi, lakin onu zorlamadığı barədə qərar
çıxarıb və məhkəmə Trampı
yazıçıya 5 milyon dollar təzminat ödəməyə
məcbur edən hökm çıxarıb.
Eks-prezident
bunları yalan, hökmü isə biabırçılıq
və ən böyük "əcinnə ovu"
adlandırıb. O, apellyasiya şikayətində bu
hökmü ləğv etdirəcəyinə ümid edir.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
18 yanvar, № 10.- S.15.