Azərbaycan
neokolonializmə qarşı mübarizəni prioritet istiqamətlərdən
biri kimi müəyyənləşdirib
Azərbaycan
Prezidenti İlham Əliyev Syerra-Leonenin ölkəmizdə yeni
təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də
Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər
verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Dövlətimizin
başçısı səfirlə söhbət etdi.
Səfir ilk
növbədə Syerra-Leone Prezidentinin salamlarını
dövlətimizin başçısına
çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Syerra-Leonenin dövlət
başçısına çatdırmağı xahiş
etdi.
Görüşdə
ikitərəfli əməkdaşlığın inkişaf
perspektivləri, Qoşulmama Hərəkatı və digər
beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycanın
yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin
başa çatacağını deyən dövlətimizin
başçısı Hərəkat çərçivəsində
Syerra-Leoneyə üzv ölkə olaraq göstərdiyi dəstəyə
görə təşəkkürünü bildirdi. Prezident
İlham Əliyev ölkəmizin Hərəkata sədrliyinin
başa çatmasından sonrakı dövrdə də bu təşkilat
çərçivəsində Azərbaycan ilə
Syerra-Leonenin əməkdaşlıq edəcəyinə
ümidvar olduğunu dedi.
Ölkəsinin
Azərbaycanla əlaqələrin inkişafında çox
maraqlı olduğunu deyən səfir Syerra-Leonenin eboladan əziyyət
çəkən zaman Azərbaycanın göstərdiyi dəstəyin
yüksək qiymətləndirildiyini bildirdi. O, həmçinin
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi
münasibətilə təbriklərini çatdırdı. Səfir
Azərbaycan və Syerra-Leonenin beynəlxalq təşkilatlarda
bir-birinə verdiyi dəstəyi yüksək dəyərləndirdi.
Alie Badara
Kamara Azərbaycan rəsmiləri ilə görüşlər
keçirməyi planlaşdırdığını bildirdi, əlaqələrin
genişləndirilməsi məqsədilə yeni istiqamətlərin
və yolların müəyyənləşdirilməsi
üçün səylərini əsirgəməyəcəyini
vurğuladı.
Azərbaycan
Prezidenti ölkələrimiz və xalqlarımız
arasında təmasların artırılmasının
vacibliyinə toxundu.
Dövlətimizin
başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının
sədri olaraq təsisat çərçivəsində
parlament, gənclər və qadınlar platformalarının
yaradılması təşəbbüsləri ilə
çıxış edib.
Prezident
İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının
yaradılmasının müstəmləkəçiliyə
qarşı mübarizənin təməl prinsiplərindən
və fəaliyyət istiqamətlərindən biri olduğunu
nəzərə alaraq Azərbaycan neokolonializmə
qarşı mübarizəni də prioritet istiqamətlərdən
biri kimi müəyyənləşdirib və bu prosesə
öz dəstəyini verib. Bakı Təşəbbüs
Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin
Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər
keçirdiyini qeyd edən Azərbaycan Prezidenti
vurğuladı ki, müstəmləkəçi ölkələr
Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə
altında saxladığı xalqlardan və dövlətlərdən
ən azı üzr istəməlidirlər. Dövlətimizin
başçısı onu da əlavə etdi ki, müstəmləkəçiliyin
forması dəyişsə də, mahiyyəti dəyişməyib
və onu müxtəlif formalarda saxlayıb.
Beynəlxalq
institutlara üzv olduqlarından sui-istifadə edərək
müstəmləkəçi imperiyaların müstəmləkə
altına saldıqları ölkələrdə törətdikləri
cinayətləri ört-basdır etməyə
çalışdıqlarını deyən dövlətimizin
başçısı bu cinayətlərin dünya ictimaiyyətinə
daha geniş çatdırılmasının zəruriliyini
vurğuladı.
Prezident
İlham Əliyev Syerra-Leone Prezidentini bu il Bakıda
keçiriləcək COP29 tədbirinə dəvət etdi.
Görüşdə
iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan
kapitalının inkişafı, mədəniyyət, elm və
təhsil sahələrində əməkdaşlıq və
qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi aparıldı, yaxşı
idarəçilik sahəsində təcrübə mübadiləsi,
bu xüsusda “ASAN xidmət” təcrübəsi qeyd edildi, Azərbaycanın
bu sahədə təcrübəsini bölüşməyə
hazır olduğu bildirildi.
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.1.