Milli
Məclisin sədri Sahibə Qafarova Qazaxıstan və
Tacikistanın ölkəmizdəki səfirləri ilə
görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Alim Bayellə
görüşüb.
Görüşdə
xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin
böyük tarixə malik olduğu, əlaqələrimizin
ümumi dəyərlər, ortaq tarix, din, dil əsasında
uğurla inkişaf etdiyi diqqətə
çatdırılıb. Spiker Sahibə Qafarova deyib ki, həm
Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə
kimi zəngin dövlətçilik ənənələri
üzərində qurulub və bu gün həmin ənənələrə
əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.
Milli Məclisin
sədri qeyd edib ki, ölkə başçılarımız
arasında əlaqələr münasibətlərimizin
inkişafında böyük rol oynayır. Görüşdə
qarşılıqlı səfərlərin, keçirilən
görüşlərin və tərəflər arasında
imzalanan sənədlərin əməkdaşlığın
daha da genişlənməsinə töhfələri
vurğulanıb. Söhbət zamanı Azərbaycanla
Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən
Türk Dövlətləri Təşkilatı çərçivəsində
səmərəli əməkdaşlıq etdiyi
vurğulanıb.
Milli Məclisin
sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfərini
xatırladaraq, səfər çərçivəsində
keçirilən görüşlərdən, parlamentlərimiz
arasında əlaqələrin inkişaf səviyyəsindən
məmnunluğunu bildirib. Spiker, həmçinin Qazaxıstan
Parlament Məclisinin sədri Yerlan Koşanovun ötən il Azərbaycan
Respublikası Milli Məclisinin Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş növbədənkənar
iclasında iştirak etmək üçün Azərbaycana səfərini
məmnunluqla xatırlayıb. Sahibə Qafarova Azərbaycan
dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu siyasətin və onun
ölməz ideyalarının bu gün möhtərəm
Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini,
Azərbaycanın bu siyasi kursa uyğun olaraq uğurla
inkişaf etdiyini diqqətə çatdırıb.
Milli Məclisin
sədri parlamentarilərin öz xalqlarını təmsil
etdiklərini, bu baxımdan qanunverici orqanlar arasında əlaqələrin
daha da dərinləşməsinin ölkələrimiz və
xalqlarımız arasında münasibətlərin daha da
genişlənməsinə töhfə verdiyini qeyd edib.
Bildirilib ki, Azərbaycan Milli Məclisinin Qazaxıstan
Respublikasının Parlament Məclisi və Senatı ilə
yüksək səviyyəli münasibətləri var. Tərəflər
həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq edirlər.
Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti
də qeyd edilib.
Milli Məclisin
sədri Sahibə Qafarova görüşdə Azərbaycanın
öz ərazilərini işğaldan azad etməsi,
suverenliyimizin bərpası məsələlərindən
danışıb. O, təəssüflə dünyada ikili
standartların mövcud olduğunu bildirərək, qeyd edib
ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri
həzm edə bilməyən bəzi dövlətlər
ölkəmizə qarşı qərəzli, ədalətsiz
mövqedən çıxış edirlər. Biz Fransanın
son dövrlərdə Azərbaycana qarşı mütəmadi
hal alan davranışlarında bunu aydın şəkildə
görürük. Spiker Fransa Senatının bir neçə
gün öncə qəbul etdiyi sonuncu qətnaməsini
ikiüzlülüyün bariz nümunəsi adlandıraraq,
deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq
hüququn normalarına və prinsiplərinə də
açıq hörmətsizlik nümayiş etdirir.
Qazaxıstan
Respublikasının ölkəmizdəki səfiri Alim Bayel də
ölkələrimiz arasında münasibətlərin dinamik
inkişafından məmnunluğunu bildirərək, dövlət
başçılarımızın uğurlu fəaliyyətinin
və qarşılıqlı səfərlərinin bu əlaqələrə
töhfə verdiyini deyib. O, səfir kimi fəaliyyətində
ikitərəfli münasibətlərin daha da inkişaf
etdirilməsində səylərini əsirgəməyəcəyini
diqqətə çatdırıb.
Görüşdə
ölkələrimizin birgə icra etdiyi layihələrdən
də danışılaraq, Transxəzər beynəlxalq nəqliyyat
dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin
dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi,
Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql
olunması qeyd edilib.
Söhbətdə
Azərbaycan və Qazaxıstan arasında humanitar sahədə
də əməkdaşlığın inkişaf etdiyi bildirilərək,
vurğulanıb ki, bu istiqamətdə keçirilən tədbirlər
xalqlarımızın bir-birinə daha da
yaxınlaşmasına töhfə verir. Qeyd olunub ki, ötən
il Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri
keçirilib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin
sədri Sahibə Qafarova yanvarın 18-də Tacikistan
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri İlxom Abduraxmonla da
görüşüb.
Spiker Sahibə
Qafarova Azərbaycan və Tacikistan arasında münasibətlərin
qardaşlıq və dostluq xarakteri
daşıdığını bildirib. Ölkələrimiz
arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, logistika və
digər sahələrdə ikitərəfli əməkdaşlığın
daha da genişləndirilməsi üçün görülən
işlər qeyd edilib. Görüşdə münasibətlərin
inkişafında dövlət başçılarının
qarşılıqlı səfərlərinin, keçirilən
görüşlərin və imzalanan sənədlərin
mühüm əhəmiyyəti vurğulanıb. O cümlədən,
Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar
çərçivəsində də əməkdaşlıq
etdiyi bildirilib.
Söhbətdə
ölkələrimiz arasında yüksək səviyyəli
münasibətlərin parlamentlər çərçivəsində
də uğurla davam etdirildiyi qeyd olunub. Milli Məclisin sədri
özünün Tacikistana, Tacikistan Ali Məclisi Milli Məclisinin
sədri Rüstəm Emoməlinin, Tacikistan Respublikası Ali Məclisinin
Nümayəndələr Palatasının sədri Mahmadtoir
Zokirzodanin ölkəmizə səfərlərini, keçirilən
görüşləri məmnunluqla xatırladaraq, qeyd edib ki,
Azərbaycan Respublikasının Milli Məclisi ilə
Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq
haqqında Saziş imzalanıb. O, bildirib ki, bu sənədin
imzalanması əməkdaşlığımızın daha
da genişlənməsinə əsaslar yaradıb. İkitərəfli
əlaqələrin daha da inkişafı baxımından
dostluq qrupları ilə yanaşı, parlament komitələri
arasında da əməkdaşlığın əhəmiyyəti
diqqətə çatdırılıb. Spiker qeyd edib ki,
qanunverici orqanlarımız bir sıra beynəlxalq parlament təşkilatlarında
da uğurla əməkdaşlıq edirlər.
Tacikistan
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri İlxom Abduraxmon ölkəsinin
dost Azərbaycanla münasibətlərə böyük
önəm verdiyini və bu əlaqələri yüksək
qiymətləndirdiyini bildirib. O, deyib ki, iki ölkə
arasında əlaqələrin inkişafında müxtəlif
səviyyəli qarşılıqlı səfərlərin
böyük rolu var.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
haqqında da fikir mübadiləsi aparılıb.
Cəfərli,
Rəşad,
Azərbaycan.-2024.-
19 yanvar, № 11.- S.4.