Fransa Senatının qətnaməsi
ilə əlaqədar
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
Bəyanatı
Milli Məclisin
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsi
Fransa Senatının qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib.
AZƏRTAC Bəyanatı təqdim edir:
“Fransada fəaliyyət
göstərən erməni lobbisi rəhbərlərinin və
onların təsiri altında olan Fransa rəsmilərinin və
siyasətçilərinin təhriki ilə Fransa
Respublikası Senatının 2024-cü il yanvarın 17-də
qəbul etdiyi qərəzli, birtərəfli və əsassız
qətnamə ilə əlaqədar Azərbaycan Respublikası
Milli Məclisinin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsi
aşağıdakıları bəyan edir:
- Son illərdə
Fransa Respublikasının siyasi dairələri, o cümlədən
Senatı və Milli Assambleyası birbaşa Yelisey
Sarayından alınmış təlimat əsasında
açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini
daha da intensivləşdirmişdir və beynəlxalq
hüququn normalarına və prinsiplərinə açıq
hörmətsizlik nümayiş etdirərək Azərbaycanın
ərazi bütövlüyünə və suverenliyinə
qarşı ədalətsiz addımlar atmaqda davam edir;
- Fransa
hökumətinin apardığı anti-Azərbaycan siyasəti,
o cümlədən Fransa parlamentinin hər iki palatasında
ölkəmiz əleyhinə indiyədək qəbul
edilmiş qətnamələr ucbatından iki ölkə
arasında münasibətlər tarixinin ən
aşağı səviyyəsindədir və mahiyyətcə
dayandırılmış hesab edilə bilər;
- Azərbaycan
Respublikasının beynəlxalq səviyyədə
tanınmış sərhədləri çərçivəsində
ərazi bütövlüyünə hörmət edilməsi
Fransa tərəfinin həm çoxtərəfli, həm də
ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər
ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda
təşəbbüsçüsü olduğu qətnamə
layihələrində ölkəmizin ərazi
bütövlüyünü və suverenliyini sual altına
qoymuşdur;
- BMT Təhlükəsizlik
Şurası və Avropa İttifaqı çərçivəsində
Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə
çoxsaylı qərar və qətnamə layihələrinin
qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu
xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin
bu təşkilatlarda haqlı olaraq qərəzli və
qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə
bağlıdır;
-
Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətinin
bir istiqamətini də uğursuz kəşfiyyat işi təşkil
etmişdir. Bu ölkənin
Bakıdakı səfirliyinin
iki əməkdaşı
diplomatik statuslarına
uyğun olmayan, “Diplomatik əlaqələr
haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası
ilə ziddiyyət təşkil edən fəaliyyətə görə
Azərbaycan hökuməti
tərəfindən “persona
non grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkə
ərazisindən çıxarılmışdır;
- Fransa hökumətinin,
eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları
Azərbaycanla Ermənistan
arasında sülh gündəliyinin həyata
keçirilməsinin qarşısını
almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir;
- Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində
tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür,
Fransa tərəfini narahat edir. Fransa
müxtəlif vasitələrə
əl ataraq Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin bağlanması
istiqamətində görülən
işlərə maneçilik
törətməyə çalışır;
- Fransa Ermənistana
silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşdırılmasına
zərbə vurur, Ermənistandakı revanşist
qüvvələri yeni
müharibəyə həvəsləndirir;
- Cənubi Qafqaz
regionunun və bütövlükdə Avropanın
təhlükəsizliyi üçün
təhdid törətmiş,
Azərbaycanın qətiyyətli
səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan–Azərbaycan münaqişəsinin
30 ilə yaxın müddətdə həll
edilməməsinin əsas
səbəblərindən biri
də danışıqlar
prosesində beynəlxalq
vasitəçi rolunu
oynamış bəzi
dövlətlərin, xüsusən
Fransanın Azərbaycan
torpaqlarının Ermənistan
tərəfindən işğalına
əsaslanan status-kvonu
qoruyub saxlamağa çalışması olmuşdur;
- “Silahlı münaqişə
zamanı mədəni
sərvətlərin qorunması
haqqında” 1954-cü il
tarixli Haaqa Konvensiyasını və onun iki protokolunu,
UNESCO-nun “Ümumdünya
mədəni və təbii irsin qorunması haqqında”
1972-ci il 16 noyabr tarixli Konvensiyasını və “Mədəni irsin qəsdən dağıdılması haqqında”
2003-cü il 17 oktyabr tarixli Bəyannaməsini xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə
yaxın işğal altında saxlamış Ermənistanın həmin
konvensiyaları və
Bəyannaməni kobudcasına
pozduğunu bilə-bilə
heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə
əməl etməyə
çağırmamışdır;
- İndiki Ermənistan
ərazisində yaşamış
yüz minlərlə
azərbaycanlının ata-baba
yurdlarından zorla kütləvi surətdə
qovulmasına səssiz
qalan və onların geri qayıdış hüququnun
bərpasına çağırış
etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində
yerləşdirilməsi üçün
hər fürsətdə
canfəşanlıq edir;
- Mədəni irsin
qorunmasından dəm
vuran Fransa qadın azadlığının
və hüquqlarının
tərənnümçüsü kimi tanınan görkəmli şairə,
rəssam, maarifçi
və xeyriyyəçi
Xurşidbanu Natəvanın
Evian-le-Bən şəhərində heykəlinin
təhqir olunmasının
qarşısını almamış,
bu rəzaləti törədənləri hələ
də tapıb cəzalandırmamışdır;
- Fransa “İrqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında”
Beynəlxalq Konvensiyanın
tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin
müvəqqəti tədbirlər
barədə qərarlarını
məqsədli şəkildə
təhrif edir. Fransanın iddialarının
əksinə olaraq, Məhkəmə Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü
bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın
Qarabağ üzərində
beynəlxalq səviyyədə
tanınmış suverenliyini
şübhə altına
alan tələbini rədd edən qərar qəbul etmiş, Azərbaycanın
bütün hərbi və hüquq mühafizə orqanlarının
şəxsi heyətinin
Qarabağ bölgəsindən
çıxarılması ilə
bağlı əsassız
tələbini rədd
etmişdir. Həmçinin
Beynəlxalq Ədalət
Məhkəməsi Laçın
nəzarət-buraxılış məntəqəsinin Laçın
yolu boyunca hərəkətə mane
olduğuna dair Ermənistanın iddiasını
qəbul etməmişdir;
- Fransa Senatının
qətnaməsində və
Fransa rəsmilərinin
mütəmadi açıqlamalarında
iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan
hüquqları üzrə
komissarının Ermənistana
və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda
da qeyd edilir
ki, Azərbaycan hakimiyyəti tərəfindən
heç bir güc tətbiq olunmadan, Azərbaycanın
Qarabağ bölgəsini
tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur;
- Azərbaycana qarşı
açıq düşmənçilik
siyasəti yürüdən
Fransadan fərqli olaraq, dünyanın əksər ölkələri,
eləcə də müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın
qarşılaşdığı “mina terroru”nu pisləyən açıqlamalar
yaymışlar. Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində
minalarla kütləvi
çirklənmə ilə
bağlı kəskin
problem və bunun ərazilərin reabilitasiyası, eləcə
də keçmiş məcburi köçkünlərin
öz evlərinə təhlükəsiz və
ləyaqətli şəkildə
qayıtması prosesi
üçün yaratdığı
əngəllər, habelə
onların sağlamlığı
və həyatı üçün törətdiyi
ciddi təhlükələr
beynəlxalq hesabatlarda
tanınmışdır;
- Dünyanın müxtəlif
bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini
talamış, xalqlarını
uzun illər əsarətdə saxlamış
Fransanın törətdiyi
vəhşiliklər, habelə
insanlıq əleyhinə
cinayətlər, eləcə
də müharibə cinayətləri bəşər
tarixinin qara səhifələridir. Müstəmləkə
illərində Fransa silahlı qüvvələri
etnik və dini mənsubiyyətinə
görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə
yetirmişdir. Törədilmiş
soyqırımı cinayətləri
Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir;
- 1960–1966-cı illərdə Əlcəzairin Böyük
Səhrada payına düşən Reggan və İn Ecker adlı ərazilərində
Fransa tərəfindən
17 nüvə sınağı
gerçəkləşdirilmişdir ki, onlardan da
11-i yeraltı sınaqlar
olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş
tullantıların yerləşdiyi
ərazilərə dair
topoqrafik xəritələri
indiyədək Əlcəzair
tərəfinə təqdim
etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin
qiymətləndirilməsi və
müvafiq kompensasiyanın
verilməsi məsələsindən
də boyun qaçırır;
- İşğal etdiyi
Əlcəzair ərazisində
5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini
Əlcəzair tərəfinə
verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən
çox əziyyət
çəkən ölkələrin
sırasında ön
yerlərdən birini tutur;
- Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan
artıq insan fransızlar tərəfindən
qətlə yetirildiyindən
bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır;
- 1832-ci ildə El-Uffia
qəbiləsi gecə
yatdığı yerdə
qılıncdan keçirilmiş,
qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür;
- 1945-ci ildə Setif
şəhərində 45 min
əlcəzairli öldürülmüş,
5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir;
- 1961-ci il oktyabrın
17-də on minlərlə
əlcəzairli Fransa
işğalını pisləmək
üçün Parisdə
nümayişə çıxmışdır.
Fransa polisinin açdığı atəş
və etirazçıların
Sena çayına atılması nəticəsində
1500-ə qədər əlcəzairli
qətlə yetirilmiş,
mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olmuşdur;
- Fransanın işğal
etdiyi Cibuti, Niger və Çadda
xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı.
Müsəlman alimləri
həbs edilmiş, müqavimət göstərən
on minlərlə müsəlman qətlə
yetirilmişdi. Tarixə
“elm adamlarının soyqırımı” kimi həkk olunan hadisəni də fransızlar törətmişlər.
Fransızlar 1917-ci ildə
Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək
tədbirə qatılan
400-ə yaxın müsəlman
elm adamının hamısını güllələmişlər;
- XIX əsrdə müstəmləkə
müharibələrində öldürülən döyüşçülərin
18 min ədəd kəllə sümüyü
Parisin İnsan Muzeyində saxlanılır
və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin
500-dən çoxu əlcəzairli
döyüşçülərə aiddir. Əlcəzairin həmin sümükləri
geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür
mağara təfəkkürünə
hazırda Fransadan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür;
- Fransanın işğal
etdiyi Mərakeşdə
1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində
2 gün ərzində
3 minə yaxın mərakeşli qətlə
yetirilmişdir;
- Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa
işğalına rəsmən
son qoyulsa da, Fransa tərəfi
ölkənin suverenliyinə
hörmət etməyərək,
bu ölkədə hərbi mövcudluğunu
qoruyub saxlamağa cəhd göstərmişdir.
1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız
hərbçilər qətllərlə
cavab vermişlər.
“Bizert böhranı” nəticəsində 5 minə
yaxın tunislinin öldürüldüyü bu
ölkənin Qızıl
Aypara Cəmiyyəti tərəfindən qeydə
alınmışdır;
- Fransa işğal
etdiyi ölkələrdə
Cenevrə Konvensiyası
ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdir. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri
bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət
çəkirlər;
- Vyetnamda 1947-ci il
noyabrın 29-da törədilmiş,
“Mıy Ça” adlandırılan qətliam
nəticəsində fransızlar
170-i qadın və
157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını
vəhşicəsinə öldürmüşlər.
400-ə yaxın evin yandırıldığı bu
qətliamlar zamanı
vyetnamlı qadınlar
güllələnməzdən əvvəl Fransa əsgərləri tərəfindən
zorlanmışlar;
- 1994-cü ildə Fransa
Ruandada “təhlükəsiz
zona yaratmaq” adı altında hərbi əməliyyat keçirmişdir. Nəticədə
Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin
iştirakı ilə
bu ölkədə tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə
yetirmişlər. “Ruandada
tutsi qəbiləsinin
soyqırımında Fransanın
roluna dair hesabata məsul komissiya” tərəfindən
2021-ci il martın
26-da Fransa dövlətinin
başçısına təqdim
edilmiş sənəddə
Fransanın qətliamda
məsuliyyəti qeyd olunmuşdur;
- 2021-ci il martın
30-da Birləşmiş Millətlər
Təşkilatının Malidə
sabitləşmə üzrə
çoxölçülü kompleks missiyasının
(MİNUSMA) Müdafiə və
insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin
Malinin Bounti kəndi yaxınlığında
həyata keçirdiyi
hava hücumu nəticəsində 19 mülki
şəxsin həlak
olduğu qeyd edilmişdir;
- Fransa işğal
altında saxladığı
dənizaşırı ərazilərdə
mədəni hegemonluq,
“kultursid” həyata keçirir, yerli mədəniyyətin inkişafını
əngəlləyir, yoxa
çıxmaq təhlükəsi
altında olan yerli dilləri unutduran və aborigenlərin tarixinə,
coğrafiyasına uyğun
gəlməyən fransız
məktəb proqramlarını
tətbiq edən assimilyasiya siyasəti yürüdür;
- Fransa Maohi Nuidə (Fransa Polineziyası) çay suyunun civə ilə kütləvi çirklənməsi, Martinik
və Qvadelupanın torpaqlarının pestisidlərlə
zəhərlənməsi kimi
ağır cinayətlər
törətmişdir;
- Fransa parlamentarilərini
ilk öncə öz hökumətini müstəmləkəçilik siyasətindən əl çəkməyə və
artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda
mübarizə aparan Kanaky (Yeni Kaledoniya)
və Maohi Nuinin (Fransa Polineziyası) azadlığını
təmin etməyə
çağıran qətnamə
qəbul etməyə
dəvət edirik;
- Qəmər Adaları
İttifaqının ərazisi
olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il
6 dekabr tarixli,
A/Res/49/18 nömrəli qətnaməsində
Baş Assambleya Qəmər Federativ İslam Respublikasının
Mayot adası üzərində suverenliyini
bir daha təsdiq etmiş, Fransa hökumətini Qəmər arxipelaqının
1974-cü il dekabrın
22-də öz müqəddəratını
təyinetmə referendumu
ərəfəsində Qəmər
adalarının ərazi
bütövlüyünə hörmət edəcəyinə
dair götürdüyü
öhdəlikləri yerinə
yetirməyə çağırmışdır.
BMT-nin əlaqədar qətnamələrinə məhəl
qoymayan və beynəlxalq hüquqa hörmət etməyən
Fransanı sözügedən
qətnamələri icra
etməyə çağırırıq;
- Fransanı törətdiyi
insanlığa qarşı
cinayətləri və
müharibə cinayətlərini
tanımağa, vəhşiliklər
törətdiyi xalqlardan
üzr istəməyə,
həmçinin təbii
sərvətlərini talan
etdiyi dövlətlərə
kompensasiya ödəməyə
çağırırıq;
- Fransa parlamentarilərini
öz hökumətini
ölkədə artmaqda
davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin
qarşısını almaq
üçün siyasi
iradə nümayiş
etdirməyə və
bu halların qarşısını almağa
yönələn qətnamə
qəbul etməyə
dəvət edirik.
Azərbaycan Respublikası
Milli Məclisinin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsi
yuxarıda şərh
olunanları, xüsusən
Fransanın davamlı
anti-Azərbaycan fəaliyyətini
nəzərə alaraq,
Azərbaycan Respublikası
Hökumətinə aşağıdakı
tədbirlərin görülməsi
ilə bağlı çağırış edir:
1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin.
2. Fransa rəsmilərinin Azərbaycanda
hər hansı aktivləri aşkar edildikdə dondurulsun.
3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.
4. “Total Energies”
da daxil olmaqla, bütün Fransa şirkətləri
Azərbaycandan çıxarılsın.
5. Fransa şirkətlərinin Azərbaycan
dövlətinin sifarişi
ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.
6. Xarici İşlər Nazirliyinə tapşırılsın
ki, Kanaky, Maohi Nui və
Korsikanın müstəqilliyinin
tanınması istiqamətində
addımlar atsın”.
Azərbaycan.-2024.-
19 yanvar, ¹ 11.- S.7.