"Fransaya sanksiya tətbiq olunsun, şirkətləri Azərbaycandan çıxarılsın"

 

 

Rəsmi Bakı Fransaya həddini bildirməkdə qərarlıdır

 

 

 

2024-cü il yanvarın 17-də Fransa Senatının qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə Parisin növbəti iftira və yalanlarla dolu kağız parçasıdır və xalqımız, dövlətimiz tərəfindən qətiyyətlə rədd edilir.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də yanvarın 18-də Fransa Senatının Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə qəbul etdiyi qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq tədbirlərin görülməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edilib.

 

 

 

Bütün platformalarda acı məğlubiyyət

 

 

 

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 illik dövr ərzində Fransa həm erməni lobbisinə yalan vədlər verməklə onlardan xeyli pul qoparıb, həm də Qarabağ və Şərqi Zəngəzurda sərvətlərimizin qanunsuz istismarı ilə məşğul olub. Buna görə düz 25 il vasitəçi kimi danışıqların sonsuzadək sürməsi və ya dondurulması yönündə fəaliyyət göstərib.

Lakin müstəmləkəçi Fransanın bu mənfur siyasəti Vətən müharibəsində Azərbaycanın Zəfər çalması ilə iflasa uğradı. Eyni zamanda ölkəmizin 2023-cü ildə suverenliyini təmin etməsi ilə həm Parisin separatizmə uzanan dəstək əli kəsildi, həm də ümumilikdə Fransanın Cənubi Qafqaza yerləşmək siyasəti ömürlük iflasa uğradıldı.

Buna görədir ki, Fransa Azərbaycana qarşı xüsusilə son üç ildir ki, daha aqressiv və qərəzli siyasət yürüdür, hətta bunu təkcə siyasi, diplomatik sahədə yox, mədəniyyət sahəsində də açıq nümayiş etdirir. Görkəmli şairimiz Xurşidbanu Natəvanın Fransadakı heykəlinə qarşı edilən vandallıq hərəkətləri də buna bariz nümunədir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatında da bildirilir ki, son illərdə Fransanın siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmiş və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edirlər: "Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər". 

Komitənin bəyanatında o da bildirilir ki, Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və  Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir.

Ümumiyyətlə, son ayların analizi də göstərir ki, Fransa heç cür Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəmir və bu istiqamətdə görülən işlərə maneçilik törətməyə çalışır. Fransanın Ermənistana silah-sursat satması da onun bölgəni yenidən müharibə ocağına çevirmək kimi murdar niyyətindən xəbər verir.

 

 

 

Fransanın utancverici qanlı tarixi 

 

 

 

Azərbaycan mötəbər beynəlxalq tribunalarda XXI əsrdə də neokolonialist siyasət yürüdən Fransanı ifşa edir. Müstəmləkəçi ölkənin qlobal səviyyədə siyasətdə yer almasının, beynəlxalq təşkilatlarda təmsil olunmasının mümkünsüzlüyünü faktlarla ortaya qoyur.

Komitənin bəyanatında da vurğulanır ki, dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişdir. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.

Fransa bu gün də neokolonialist siyasət həyata keçirir, xalqları əsarətdə saxlayır, onların azadlıq istəklərini boğur, qətllər törədir.

"Fransa parlamentarilərini ilk öncə öz hökumətini müstəmləkəçilik siyasətindən əl çəkməyə və artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda mübarizə aparan Kanaky (Yeni Kaledoniya) və Maohi Nuinin (Fransa Polineziyası)  azadlığını təmin etməyə çağıran qətnamə qəbul etməyə dəvət edirik", - deyə komitənin bəyanatında deyilir.

 

 

 

Fransaya qarşı sanksiyalar tətbiq edilməlidir

 

 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin qəbul etdiyi bəyanatda Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edildiyi də öz əksini tapıb.

Sözügedən bəyanatda bununla bağlı bildirilir: Fransaya qarşı sanksiyalar tətbiq olunsun, Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun, Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın, "Total" da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.

Bəyanatda o da vurğulanıb ki, Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın.

Göründüyü kimi, tarixi müstəmləkəçilik, xalqların kütləvi qırğını üzərində qurulan Fransa Ermənistanın timsalında qətliamlar, soyqırımlar, terrorlar törədən bir ölkəyə hamilik edərək bu gün də qanlı, islamofob, türkofob, irqçi siyasət yürütdüyünü açıq ortaya qoyur. Üstəlik, Fransanın çox yaxın tarixdə Əlcəzairdə və dünyanın bir çox başqa yerlərində törətdiyi qanlı əməllərinin üstünü ört-basdır edərək, onilliklərboyu erməni qəddarlığı ilə üz-üzə qalan Azərbaycana qarşı xüsusi kin və nifrətlə qərəzli siyasət yürütməsi, yalan ittihamlar səsləndirməsi, qətnamələr qəbul etməsi, yumşaq ifadə etsək, həyasızlıqdan başqa bir şey deyil.

Ancaq müstəmləkəçi Fransanın beynəlxalq hüquqa zidd bütün əməlləri Bakı tərəfindən ifşa olunur, erməni lobbisinin oyuncağına çevrilən Makron hakimiyyətinə layiqli cavab verilərək yerinə otuzdurulur.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.8.