Bütün namizədlər üçün bərabər imkanlar təmin edilib

 

7 fevral Prezident seçkiləri günüdür

 

 

Fevralın 7-nə təyin olunmuş prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi başlayıb. Yeddi namizədin mübarizə apardığı bu seçkidə hər bir siyasi partiyaya, namizədə, seçiciyə və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər imkanlar yaradılıb.

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, 2023-cü il dekabrın 7-də müvafiq sərəncamla ölkədə növbədənkənar prezident seçkiləri elan edildi və proses 2024-cü il fevralın 7-nə təyin olundu. Müharibədə qələbəmiz və suveren haqlarımızın tam bərpası qarşıya qoyulan missiyaların ləyaqətlə tamamlandığını göstərdi. Eyni zamanda hazırkı reallıq məhz bu uğurlara əsaslanan nəticələrin davamlılığını diktə edən yeni şərtləri meydana çıxardı. Bu mənada fevralın 7-də prezident seçkilərinin keçirilməsi inkişafın yeni hədəflərə uyğun tempdə davamlılığını təmin etmək üçün tarixi zərurətdir.

Deputatın sözlərinə görə, artıq Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, prezidentliyə namizədin irəli sürülməsi, onun müdafiəsi üçün imza toplanması və qeydə alınma prosesləri uğurla realizə olunub: "Proseslərin gedişi bir daha sübut edir ki, Azərbaycanda qanun çərçivəsində namizədlərə bərabər münasibət təmin edilir. Həmçinin qanun əsasında seçicilərə, seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün hər bir şərait yaradılıb, birmənalı və aydın anlaşılmaqla müntəzəm xarakterli kommunikasiya imkanı təmin olunub".

Bəhruz Məhərrəmov əlavə edib ki, seçicilərin seçkilərdə iştirakı üçün imkan dairəsində bütün tədbirlər öncədən görülüb və görülməkdədir. Eyni zamanda  inklüzivliyin təminatı üçün həssas təbəqədən olan şəxslərin, habelə uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanlar yaradılıb. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və müşahidəçilər üçün Konstitusiyanın 57-ci maddəsinə və Seçki Məcəlləsinin 16-cı fəslinə müvafiq olaraq, istənilən pozuntu ilə bağlı işlək, aşkar, səmərəli və əlçatan şikayət mexanizmləri mövcuddur.

Deputat vurğulayıb ki, Azərbaycan vətəndaşı seçimində sərbəstdir: "Vətəndaşların sərbəst iradə ifadəsi üçün siyasi-hüquqi bazis, o cümlədən faktiki şərait mövcuddur. İndi yeganə vəzifə vətəndaşlıq öhdəliyinə sadiq qalaraq seçki aktivliyini təmin etməkdir. Unutmamalıyıq ki, hazırkı situasiyada seçkidə aktivlik milli maraqlar, dövlətçilik məfkurəsi fonunda qiymətləndirilməlidir. Çünki cəmi 30 il əvvəl parçalanmaqda olan Azərbaycan bu gün işğala, təcavüzə, separatizmə son qoymuş və faktiki olaraq Orta Asiyanın, Şərqi və Cənubi Avropanın, Balkanların enerji təhlükəsizliyinin, həm də milli təhlükəsizliyinin qarantına çevrilmişdir. Eyni zamanda Qərb neoimperializmini regionda aciz duruma düşürmüş hərbi-siyasi gücdür".

Bəhruz Məhərrəmov yekunda qeyd edib ki, Zəfərin davamlılığı, inkişafın dayanıqlılığı naminə xalqımızın səsi və iradəsi layiqli təmsilçinin seçilməsinə gətirib çıxaracaq.

 

N.QAFARZADƏ,

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.10.