O gecə
doğulan oğullar
30 il sonra Azərbaycan tarixinə Zəfər yazdılar
Düz 34 il əvvəl Azərbaycan
tarixinin ən faciəli hadisələrindən
olan, eyni zamanda xalqımızın
azadlıq və müstəqillik mübarizəsinin
növbəti qəhrəmanlıq
səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsi baş verdi. 34 ildir həmin tarix hər bir azərbaycanlının
qan yaddaşındadır
və o, hər gün oxunur, hər gün yada salınır.
Çünki o gün
Azərbaycan oğullarının azadlıq
və müstəqillik
yolunda şəhidlik adlı məqama ucaldığı tarix idi. Onların yenilməz iradəsi, əyilməz cəsarəti
bütün dünyaya
yayıldı. Şəhidlərin
timsalında tarixə
yeni qəhrəmanlıq,
rəşadət və
şücaət səhifələri
yazıldı. Həmin
gecə şəhidlik
məqamına ucalanlar,
ölməzlik qazananlar Azərbaycan
xalqının azadlığı
uğrunda mübarizliyini
sarsıtmaq istəyən
sovet imperiyasının
canına vahimə saldılar. O gün elə bir təməl
qoyuldu ki, üç il əvvəl Vətən müharibəsində qazanılan
zəfərdə qanı
torpağa qarışan
oğulların şəhidliyi
dastana döndü.
Şəhidlik elə
bir zirvədir ki, o yüksəkliyə ucalanlar oradan heç vaxt enmirlər. Şəhidlik
elə bir yoldur ki, vətənin yaraları sağalmayınca onun uğrunda canını verən şəhidin də ruhu sakit
olmur. Şəhidlik elə bir məktəbdir
ki, onun öyrənciləri öyrəndiklərini
gələcək nəslə
Vətən uğrunda
axıdılan qanları
ilə ötürürlər. Şəhidlik vətən sevgisinə köklənmiş hissin közərən ocağı,
alovlanan məşəlidir.
Bu məşəl 34 ildir ki, Azərbaycanın
başı üzərində
alovlanır, Bakının
ən uca nöqtəsindən işıq
saçaraq sönmür. Bu közərən
ocağın istisi həm də 34 ildir şəhid analarını yandırır, şəhid
övladlarını qarsıdır.
O müdhiş gecədə
güllə analardan, bacılardan yan keçsə də, dolu kimi yağan
qəlpələr onların
ruhunu parçaladı.
Ana fəryadı, bacı harayı uzun illər qulaqlardan çəkilmədi,
bu gün də əks-səda verir. İllərdir imperiya tanklarının qabağında əliyalın
dayanan oğulların
qanını içən
erməni-rus cinayətkarlarına
olan nifrət azalmır ki, azalmır.
Bu gün Azərbaycanın hər şəhərində, kəndində,
qəsəbəsində istiqlal
savaşında tarixə
dönən qəhrəmanlarımızın
əbədi uyuduğu
bir məkan var - Şəhidlər xiyabanı. Azərbaycan xalqının azadlıq mücadiləsinə qarşı
cinayətkara, təcavüzkara
"dur" deyən oğulların uyuduğu bu Şəhid xiyabanları 34 ildir xalqımız üçün
müqəddəs məkandır.
1990-cı ilin yanvarında
Bakının dağüstü
parkını "fəth
edərək", millətin
qəhrəmanlıq ziyarətgahına
çevrilib müqəddəsləşən
Şəhidlər xiyabanı
isə həm də müstəqilliyimizin
rəmzi, azadlığımızın
simvoludur. Bu məkanda
əbədiyyət yuxusuna
gedən igidlər xalqın Vətən sevdalı övladlarıdır.
O gecədən sonrakı
günlərin İlham
və Fərizə sevgisi şəhidlik məqamının ən ülvi nöqtəsidir. Ürəyi vətən sevgisi ilə döyünən gənclərin
ilahi eşqi elə bir ucalıqda
bərqərar olub ki, top-tüfəng də onları ayıra bilmədi. Əbədiyyətə qovuşan
sevgililər dağüstü
parkın ən hündür nöqtəsində elə
məkan tutdular ki, hələ yüz illər, min illər sonra da İlham-Fərizə eşqi
dillərdə dastana dönəcək, əfsanəyə
çevriləcək.
1968-ci ildə sovet
qoşunları Çexoslovakiyaya
girərək orada milli-azadlıq hərəkatını
amansızlıqla boğdular.
Bu zaman Yan Palaç adlı bir tələbə
hərbi təcavüzə
etiraz əlaməti olaraq Praqanın Vatslav meydanında özünü yandırmışdı.
Yan Palaç bu gün çex
xalqı üçün
qəhrəmanlıq nümunəsidir.
Fəxri xiyabanda uyuyan şəhidlərimizin
də hər biri bizim üçün
Yan Palaçdır. Çünki gözünü
qırpmadan üstünə
yeriyən tankın qabağında dayanan oğullarımız xalqının,
ölkəsinin azadlığı,
müstəqilliyi üçün
ölümün üzərinə
getmişlər. Haqq üsyanı şəhidliyin
başlanğıcıdır. Ədalət uğrunda döyüşün ağrısını
unutduran nəsnə torpağa axan şəhid qanıdır.
O ki ola bu qan vətən
torpağına qarışa,
bax, o zaman, şəhidlik ən ali məqama yüksəlir.
Dünyanın bütün
xalqlarında şəhidlik
müqəddəslik mərtəbəsindədir.
Bütün xalqlarda şəhidlər ən ali pillədə bərqərar olurlar. Çünki şəhid
canını havasını
udub, suyunu içdiyi vətəndən,
qanını üstündə
yeridiyi torpaqdan üstün saymır. Şəhidin bir amalı olur - uğrunda döyüşdüyü torpağın,
canını fəda edəcəyi vətənin
azadlığına qovuşan
ruhu səmada rahat dolaşa bilsin.
Bu gün Azərbaycan səmasında
ağ göyərçinlər
sayağı minlərlə
şəhid ruhu "qanad çalır". Qədim tariximizin qüruru, bu günümüzün hünəridir
Şəhidlər xiyabanı.
1988-ci ildən başlayan
və 1990-cı ilin yanvarında kulminasiya nöqtəsinə çatan
azadlıq mübarizəsi
təkcə Bakıda
deyil, Azərbaycanın
bütün regionlarında Şəhidlər
xiyabanlarının salınması
ilə nəticələndi.
Həmin şəhid xiyabanları yeniyetmələr
və gənclərə
vətənpərvərlik və qəhrəmanlıq duyğuları
tərbiyə edir. Həmin tərbiyənin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində qazanılan
Zəfərdə gənc
əsgər və zabitlərimizin rolu əvəzsiz oldu.
Bu gün XX əsrin tarixinə insanlığa, bəşəriyyətə
qarşı ən amansız və dəhşətli cinayətlərdən
biri kimi düşmüş 1990-cı ilin
20 Yanvar hadisəsindən
bir qərinədən
bir il artıq
vaxt keçib. Azərbaycan xalqını
qəlbən sarsıtmış
həmin faciənin başvermə səbəbləri
ilə bağlı zaman-zaman müxtəlif yazılar
yazılıb, şərhlər
verilib, araşdırmalar
aparılıb, hətta
ortaya əks fikirlər də qoyulub. Amma bütün
bu məsələlərdə
üst-üstə düşən
bir məqam var: yanvarın 19-dan 20-nə
keçən gecə
Azərbaycan xalqı əsrlərboyu qəlbində
yaşatdığı milli-azadlıq
və istiqlal savaşından geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda canından
belə keçməyə
hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Və o gecə doğulan oğullar 30 il sonra Azərbaycan
tarixinə Zəfər
yazaraq əfasanəyə
çevrildilər.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
19 yanvar, ¹ 11.- S.13.