Şəhidlər xiyabanı qırmızı qərənfillərə bürünür

 

 

Boyun-boyuna vermiş qərənfillərdən tarix yazılır... "20 Yanvar", "1990"... Otuz dörd il qabaq Azərbaycan xalqına qoşulub Qanlı Şənbə şəhidlərinə yas tutan qərənfillər bu dəfə tariximizdən "danışır"...

 

 Müxtəlifrəngli güllərdən ibarət kompozisiyalar yaradılıb

 

 

Yanvarın soyuq küləkli havasında Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat aldıq ki, Şəhidlər xiyabanının ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir: "Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılıb. Müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər,  landşaft-dizaynerləri cəlb olunublar. Şəhidlər xiyabanı ziyarətçiləri qarşılamağa tam hazırdır. Artıq neçə gündür ki, bu müqəddəs məkana axın-axın insanlar gəlir". Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılıb

 

 

Xalqın cəsarəti ilə qalibiyyət qazanılan gün...

 

Yetmiş il dövlətinin müstəqilliyinə həsrət qalan Azərbaycan xalqı otuz dörd il əvvəl imperiya buxovlarından birdəfəlik qurtulmaq üçün haqq səsini ucaltdı. Paytaxtın küçələrinə, meydanlarına çıxan azərbaycanlıların "Azadlıq" sədaları SSRİ rəhbərliyini təşvişə saldı. İmperiyanın mərkəzi hakimiyyəti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını ölkə qanunlarını ayaqları altına salıb tapdaladı. Əhaliyə xəbərdar edilmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlanıldı. Sovet ordu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə amansızlıqla divan tutuldu. Yüzlərlə insan qətlə yetirildi, yaralandı itkin düşdü. Ancaq bu müdhiş cinayətə qol çəkənlər məqsədlərinə çatmadılar. Azərbaycan xalqının iradəsini sındıra, yenidən əsarətdə yaşamağa məhkum edə bilmədilər. 20 Yanvar faciəsi totalitar rejimin süqutunu daha da sürətləndirdi. Sovet imperiyası həmişəlik tarixə gömüldü.

Şəhidlər xiyabanına 20 Yanvar şəhidlərini ziyarətə gəlmiş paytaxt sakini Şükufə Zeynalova ilə qeyd etdiyimiz bu tarixi hadisələri birlikdə xatırlayırıq. Müsahibimiz vurğulayır ki, 1990-cı ilin yanvarında Azərbaycan xalqı vətənsevərliyi, mərdliyi, cəsarəti ilə təpədən-dırnağadək silahlanmış imperiya cəlladlarını mənən məğlub etdi.

 

 

"Uşaqlarımız bilsinlər ki, bizim belə qəhrəmanlarımız  var"

 

Azərbaycanın müstəqilliyinə qovuşmasından artıq on illər ötüb. O dövrün gəncləri yaşa dolub, uşaqları böyüyüb. Ötüb keçən zamanın axarında nəsillər bir-birini əvəz edir. Vətəninin, xalqının müstəqilliyi, azadlığı uğrunda şəhid olanlara ehtiram dəyişməzdir. Xalq öz qəhrəmanlarını sevgi ilə anır.  Təqdirəlayiq bir məqam da odur ki, bu sevgi uşaqlara da aşılanır. Şəhidlər xiyabanında olarkən bunun bir daha şahidi olduq.

20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə qızğın hazırlıq işlərinin aparıldığı bir vaxtda Şəhidlər xiyabanına gələn ziyarətçilərin ardı-arası kəsilmir. Bir çoxu öz övladları, ya da nəvələri ilə gəlir.

Paytaxt sakini Əntiqə Əliyeva dostları ilə birlikdə şəhidlərin məzarı üstünə qərənfil düzən qızı Aytaca baxa-baxa danışır: "Doğrudur, biz valideynlər, eləcə müəllimlər tariximizi uşaqlarımıza öyrədirik. Bizi sevindirən onların münasibətidir. Övladlarımız özləri tariximizi öyrənmək, qəhrəmanlarımızı tanıtmaq istəyirlər".

Balaca Əli Töhfə isə anaları ilə gəliblər. Ana söhbətimiz zamanı deyir: "Övladlarımın birinin 8, digərinin 5 yaşı var. Onlara ölkəmizin müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda qurban getmiş şəhidlərimizdən danışıram. Hər il 20 Yanvar faciəsinin ildönümündə onlarla bura gəlirəm. Bu gün uşaqlarımı gətirmişəm ki, şəhidlərimizi yad etsinlər. Bilsinlər ki, bizim belə qəhrəmanlarımız  var".

Ziyarətçilər arasında qrup halında gələnlər diqqəti cəlb edirlər. Bakı şəhərindəki 194 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şəfəq Rüstəmova şagirdləri arasında idi. Şəfəq Rüstəmova şagirdlərinə 20 Yanvar hadisələri barədə dəfələrlə məlumat verdiyini söyləyir: "Dərslərimizdə xalqımızın azadlığı yolunda qurban getmiş şəhidlərimizdən danışırıq. Bu gün isə bu xiyabanda onlara deyirik ki, biz azad yaşaya biliriksə, şəhidlərimizə borcluyuq. Onlar bizim - öz doğma xalqının övladlarının yolunda canlarından keçiblər".

Ankara liseyinin şagirdləri Şəhidlər xiyabanına ziyarətə müəllimləri ilə birlikdə gəliblər. Məktəbin müəllimi Səbinə Abdullaqızı bu məqamı xüsusi vurğulayır: "Biz şəhidlərimizlə qürur duyuruq. Onların qəhrəmanlıq dolu real həyat hekayələrini böyük iftixar hissi ilə şagirdlərimizə danışırıq. Uşaqların gözlərində, sözlərində eyni sevgini, fəxarət hissini görüb eşitdikcə daha da qürurlanır, fərəhlənirik".

117 saylı tam orta məktəbin müəllimi Xəyalə Rüstəmova da şagirdləri ilə birlikdə Şəhidlər xiyabanının ziyarətçilərinə qoşulur. Məktəbin 2p sinfinin şagirdləri 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləyirlər.

Gələnlərin çoxunun əllərində, ya da çiyinlərində üçrəngli Azərbaycan bayrağı var. Ziyarətçilər 20 Yanvar şəhidlərinin məzarları önünə tər qərənfillər düzürlər...

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 19 yanvar, № 11.- S.14.