"Dövlət
suverenliyimizin bərpası Azərbaycan xalqının
yaddaşında əbədi qalacaqdır"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
müraciəti
- Əziz həmvətənlər.
2023-cü il arxada qalır. 2023-cü ildə
ölkəmizin həyatında
bir çox önəmli hadisələr
baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası
Azərbaycan xalqının
yaddaşında əbədi
qalacaqdır. 2023-cü ildə
birgünlük antiterror
əməliyyatı nəticəsində
Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı
qüvvələrin Azərbaycan
ərazisindən çıxarılması
təmin edilmişdir,
düşmən ordusu
məhv edilmiş, düşmənin hərbi
texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.
Bu tarixi hadisə münasibətilə
bir daha bütün Azərbaycan xalqını ürəkdən
təbrik etmək istəyirəm.
2020-ci ildə İkinci
Qarabağ müharibəsi
başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə
qaldırılanda biz hamımız yaxşı
bilirdik ki, işimiz yarımçıq
qalıb. Azərbaycan
öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu
etdi.
Üç il ərzində biz bunu sülh yolu ilə həll
etmək istəyirdik.
Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin
nəticələrini düzgün
təhlil edərək
özü üçün
nəticə çıxaracaq.
Əfsuslar olsun ki, bu, belə
olmadı. Üç
il ərzində Ermənistan öz üzərinə götürdüyü
öhdəlikləri nəinki
yerinə yetirmədi,
hətta əksinə,
bizə qarşı yeni hərbi təxribatlar hazırladı
və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış
15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə,
yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi.
Təbii ki, biz bu vəziyyətlə
barışa bilməzdik.
Dəfələrlə Ermənistan
rəhbərliyinə və
onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq
etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır,
Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki,
biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar
olsun ki, bizim sözümüzə
diqqət yetirilmədi.
Sentyabrın 19-da başlamış
və cəmi bir gün, ondan
da az davam
edən antiterror əməliyyatı Azərbaycan
Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı
rejim çökmüş,
bizim qarşımızda
diz çökmüş,
ağ bayraq qaldırmış, təslim
olmuş, torpaqlarımızdan
əbədi olaraq çıxarılmış və
tarixin zibilxanasına atılmışdır. Bununla
Azərbaycanda separatizmin
kökü kəsildi
və separatizm - bu bəla bizim
torpağımızda bir
daha baş qaldıra bilməz.
Azərbaycan Ordusu
bir daha peşəkarlıq, qəhrəmanlıq,
əsgər və zabitlərimiz fədakarlıq
göstərmişlər. Allah
bütün şəhidlərimizə
rəhmət eləsin!
Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi
yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı
yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi,
həm antiterror əməliyyatı zamanı
şəhid olmuş əsgər, zabitlərimizin,
mülki şəxslərin,
Xocalı qurbanlarının
qisası döyüş
meydanında alınmışdır.
2023-cü ilin aprel
ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan
sərhədinin Laçın
istiqamətində sərhəd-buraxılış
məntəqəsi qurulmuş
və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü
tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində
Ermənistanın arxasında
dayanan, onlara daim dəstək göstərən ölkələrdə
nə qədər hay-küy qaldırılmışdı,
bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü.
Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim
ki, heç kim bizim iradəmizə
təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə
götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda
at oynatsın. Bu, bizim torpağımızdır,
bu torpağın sahibi bizik, nə
lazım biliriksə, onu da edəcəyik,
beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq
humanitar hüquq çərçivəsində. O da dərs olmadı
işğalçılara, o da dərs olmadı
onların arxasında
dayanan anti-Azərbaycan
qüvvələrə. Ona
görə sentyabr ayında keçirilmiş
antiterror əməliyyatı
labüd idi və biz bunu
keçirdik, bununla da fəxr edirik,
qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada
yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir.
Qarabağ və
Şərqi Zəngəzur
bu gün böyük tikinti meydançasına çevrilmişdir.
Biz şəhərlərimizi,
kəndlərimizi yenidən
qururuq və artıq bu il
5 minə yaxın keçmiş köçkün
öz doğma torpaqlarına qayıtmışdır.
Bu ilin mart
ayında - Novruz bayramı ərəfəsində
Talış kəndində
bayram sevinci yaşandı, köçkünlər
öz doğma evlərinə qayıtmışdılar.
Avqust ayında Füzuli şəhəri
və Zabux kəndi bayram içində idi. Bu il Laçın
şəhərinə Müstəqillik
Gününü qeyd edərkən köçkünlər
qayıtmışdır - 28 May tarixində Laçında böyük
bayram günü idi. Ondan əvvəl,
bildiyiniz kimi, Ağalı kəndində
köçkünlər məskunlaşmış
və beləliklə,
beş yaşayış
məntəqəsində indi
həyat bərpa edilib.
Onu da bildirməliyəm ki,
2024-cü ildə bir neçə yaşayış
məntəqəsinə keçmiş
köçkünlər, qaçqınlar
qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara
vermək istəyirəm
və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli,
Turşsu kəndləri
tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına
veriləcək. Eyni zamanda, il ərzində
Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Bundan başqa,
bir neçə yaşayış məntəqəsi
də keçmiş köçkünləri qəbul
etməyə hazır
olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq.
Biz qurub-yaradan xalqıq. Ermənilər
30 il ərzində bizim torpaqlarımızı
dağıdaraq bütün
evləri, tarixi binaları, məscidlərimizi
yerlə-yeksan etmiş,
bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər.
Bizim çaylarımız
zəhərləndi, bizim
meşələrimiz qırıldı.
Bütün bunları
edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə
görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi.
Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni
zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün
hədə-qorxulara, əsassız
ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan
rəhbərliyi də
bu tarixi dərslərdən nəticə
çıxarmalıdır və özünü elə aparmalıdır
ki, bizim qəzəbimizə
tuş gəlməsin.
Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil
iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik.
Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik,
həm peşəkarlıq
artdı, yeni silahlı
birləşmələr yaradıldı
və bu silahlı birləşmələr
digər silahlı birləşmələrlə birlikdə
antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər.
Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm
ki, gələn il hərbi
təyinatlı yerli istehsal böyük dərəcədə artacaq.
Gələn il həm
dövlət, həm özəl sektor tərəfindən hərbi
təyinatlı məhsulların
istehsalına ən azı bir milyard
manat sərmayə qoyulacaq.
Beləliklə, biz nəinki
özümüzü əsas
vasitələrlə təmin
edəcəyik, Azərbaycan
dünya miqyasında çox ciddi ölkəyə çevriləcək,
bizim hərbi təyinatlı məhsulların
həcmi və sayı böyük dərəcədə artacaq.
Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır.
Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda
keçirilməsi haqqında
bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn
il Azərbaycanda keçiriləcək.
Bu, bizə dünya ictimaiyyəti tərəfindən
göstərilən böyük
hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir
və bu il Azərbaycanda bölgənin
ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir
- 230 meqavat gücündə
günəş elektrik
stansiyası artıq bizim enerji sistemimizə
tam inteqrasiya edilmişdir.
İmzalanmış kontraktlar
və anlaşma memorandumları əsasında
yaxın bir neçə il ərzində
Azərbaycanda 10 min meqavat
bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq
və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında
olacaqdır. Əlbəttə
ki, COP29 - iqlim dəyişikliyinə
həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda
keçirilməsi bir
daha bu sahədə
bizim uğurlarımızı
əyani şəkildə
göstərir.
Bu il Azərbaycanda “Heydər Əliyev
İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən
mənim üçün
bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim.
Şuşanın mərkəzi
meydanında Azərbaycan
xalqına müraciət
edərək öz ürək sözlərimi
bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən
hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə,
Əsgəranda, Xocavənddə,
Xocalıda, Xankəndidə
qaldırdığım Dövlət
Bayrağımız Ulu Öndərin
xatirəsinə ən
böyük hörmətin
əlamətidir. Noyabrın
8-də Xankəndinin mərkəzi
meydanında Zəfər
paradımız Ulu Öndərin
xatirəsinə ən
böyük hörmətimizin
əlamətidir.
Bu gün bütün dünya azərbaycanlıları
haqlı olaraq müstəqil Azərbaycanla
fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi
Gününü tam yeni bir
ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları
bütün Azərbaycan
xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ
yaşayırlar.
Tarixi Zəfərimiz
- İkinci Qarabağ müharibəsindəki Zəfər,
antiterror əməliyyatı, işğalçılardan azad
olunmağımız, separatçı
rejimin çökməsi
bütün azərbaycanlıları
haqlı olaraq bir araya, bir
yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər
salnaməmizin rəmzi
idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün
dünya azərbaycanlılarını
əmin etmək istəyirəm ki, “Dəmir
yumruq” hər zaman yerində olacaq.
Əziz bacılar
və qardaşlar, sizə cansağlığı,
uğurlar arzulayıram.
Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız
üçün uğurlu
olsun. Bayramınız
mübarək olsun!
Azərbaycan.-2024.-
8 yanvar, ¹ 1.- S.1.