Mütərəqqi
ictimai dəyərlərin təbliği və təşviqi
dövlət siyasətimizin prioritet istiqamətlərindən
biridir
Azərbaycanın
pravoslav xristian icmasına
Hörmətli
həmvətənlər!
Milad
bayramı münasibətilə Azərbaycanın bütün
xristian icmasını ürəkdən təbrik edir, hər
birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Zəngin
tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda
ayrı-ayrı xalqların və dinlərin mənsubları
yüz illərdir ki, əmin-amanlıq,
qarşılıqlı hörmət və etimad şəraitində
yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən
olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin
misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə
hökm sürən demokratik birgəyaşayış
mühitinin qorunub saxlanılmasını, humanizm və
dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi
ictimai dəyərlərin təbliği və təşviqini
dövlət siyasətimizin prioritet istiqamətlərindən
biri hesab edirik.
Təqdirəlayiq
haldır ki, xristian həmvətənlərimiz nümunəvi
dövlət-din münasibətlərinin yaratdığı
geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri,
dil və mədəniyyəti yaşadır, ölkəmizdə
həyata keçirilən böyük quruculuq işlərində,
ictimai-siyasi həyatımızın bütün sahələrində
digər etiqadların nümayəndələri ilə birlikdə
yaxından iştirak edirlər.
Əziz həmvətənlər!
Milad
bayramı yeniliyi, paklığı, mərhəmət və
xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm
etdirir. Bu əziz gün münasibətilə bir daha
hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə
səadət, süfrələrinizə bol ruzi-bərəkət
arzulayıram.
Bayramınız
mübarək olsun!
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 yanvar 2024-cü il
Azərbaycan.-2024.-
8 yanvar, № 1.- S.1.