Sülh
sazişinin imzalanması
üçün tarixi
şans var
Danışıqlar
birbaşa Bakı ilə İrəvan arasında
aparılır
Ermənistanla Azərbaycan
arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son
qoyulsa da, hələ də tərəflər arasında
sülh müqaviləsinin
imzalanmaması regionda
sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da
yeganə səbəbi
cəmi 44 günə
Azərbaycan qarşısında
diz çöküb savaşın dayandırılmasını
xahiş edən Ermənistanın cəfəng
iddiaları, bəhanələri
və təxribatlarıdır.
Münasibətlərin normallaşdırılması, sülhə
doğru bir addım daha irəliləmək üçün
Prezident İlham Əliyev rəsmi və qeyri-rəsmi şəkildə görüşlərə
razılıq verərək
Ermənistana şans yaradır. İrəvanın
isə ona verilən son şansları maksimum dəyərləndirməkdən başqa çarəsi yoxdur.
Azərbaycan sülhün
tərəfdarıdır
Azərbaycan Prezidentinin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində
deyib ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış
normalarına uyğun
olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı
hörmət olunması,
bir-birinə qarşı
ərazi iddialarının
olmamasının qarşılıqlı
təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını
ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla
sülh danışıqlarının
təşəbbüskarı kimi çıxış edib.
Hikmət Hacıyev
bildirib ki, Azərbaycan regionda çoxdan gözlənilən
sülhün əldə
olunması üçün
Ermənistanla müxtəlif
məkanlarda xoşniyyətli
danışıqlar aparır:
"Biz həqiqətən
də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik.
Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli
irəliləyiş əldə
olunub, ancaq hələ də həllini gözləyən
bir neçə məsələ mövcuddur.
Son vaxtlar hər iki ölkə
müsbət gündəmi
ilə dünyanı təəccübləndirməyi bacarıb. Mən Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yaydığı
mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəticəsində mübadilə
sazişi çərçivəsində
34 hərbçi qarşılıqlı
şəkildə azad
edilib. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi
Avropa Qrupundan COP-un Büro üzvlüyünə
namizədliyini, Ermənistan
isə Azərbaycanın
COP29-a evsahibliyi etmək
üçün namizədliyini
dəstəkləyib. Bu,
Azərbaycanın və
Ermənistanın vasitəçi
olmadan birbaşa ikitərəfli danışıqlar
aparmağa qadir olduğunu göstərir".
Azərbaycan Prezidentinin
köməkçisi onu
da əlavə edib ki, ötən
il sentyabrın 19-20-də
keçirilən antiterror
tədbirlərindən və
Azərbaycanın suverenliyinin
tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi
gündəmdən tamamilə
çıxarılıb. Qeyd
edib ki, hazırda sülh sazişinin bağlanmasına
ciddi maneə görmürük. İndi
iki ölkə arasında son 30 ilin ən sakit
günlərini müşahidə
edirik. Hər iki ordu öz
kazarmalarına qayıtdığı
gündən hətta
atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş
də müsbət məcrada keçib. Amma konkret tarix
barədə danışmaq
bir qədər çətindir, çünki
prosesi yekunlaşdırmaq
üçün Ermənistan
və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac
var. Düzünü desəm, mən düşünmürəm ki,
hər hansı vaxt qrafiki qoyub,
məhdud zaman çərçivəsində işləmək düzgün
olardı.
Sülh sazişi
sərhədin delimitasiyasından
asılı olmamalıdır
"Hər iki
ölkə sərhədin
demarkasiyası və Zəngəzur dəhlizinin
yekun həlli olmadan sülh sazişi bağlamağa hazırdırmı" sualına
cavabında Hikmət Hacıyev deyib ki, sərhədin delimitasiyası texniki və vaxt aparan
uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə
olaraq, dövlətlərarası
münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin
qarşılıqlı şəkildə
qəbul olunmasına əsaslanır. Sülh sazişi sərhədin delimitasiyasından asılı
olmamalıdır.
Hikmət Hacıyev
qeyd edib ki, sülh sazişi
ilə sərhədin
delimitasiyası və
demarkasiyası barədə
danışıqlar paralel
getsə də, bunlar iki fərqli
formatda aparılır.
İndiyədək hər
iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə
etmək üçün
beş dəfə görüş keçirib.
Sonuncu görüş
ötən ilin noyabrında Azərbaycan-Ermənistan
sərhədində baş
tutub. Bu görüş zamanı tərəflər Ermənistan
və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası
və sərhəd təhlükəsizliyi məsələləri
üzrə komissiyanın
birgə fəaliyyəti
haqqında Əsasnamə
layihəsinə dair razılaşdırma işinə
başlanılması və
komissiyalar arasında görüşlərin intensivləşdirilməsi
barədə razılığa
gəliblər. Azərbaycan
bu razılaşmanı
da müsbət əlamət kimi qiymətləndirir, ən
azı ona görə ki, bu, ikitərəfli formatda əldə olunub.
Prezidentin köməkçisi
onu da vurğulayıb
ki, Azərbaycanın Naxçıvan regionu 30 ildir blokadadadır.
2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanatda Ermənistan
vətəndaşların, nəqliyyat vasitələrinin
və yüklərin hər iki istiqamətdə
maneəsiz hərəkətini
təşkil etmək
məqsədilə Azərbaycanın
qərb rayonları ilə onun Naxçıvan
Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə
zəmanət vermək
barədə öhdəlik
götürüb. Prezident
İlham Əliyev bu öhdəliyə istinad edərək bildirib ki, Azərbaycan
Naxçıvanla lazımi
əlaqənin yaradılmasında
maraqlıdır, ancaq
Ermənistan öhdəlik
götürməsinə baxmayaraq,
artıq üç ildir ki, bu
prosesə mane olur. Ona görə
də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib:
"Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı
şaxələndirmək üçün
hər fürsətdən
istifadə etməsini
gözləmək niyyətində
deyilik".
Bu məsələ
Ermənistan, Azərbaycan
və Rusiya arasında imzalanmış
Bəyanatın 9-cu maddəsində
öz əksini tapıb - Ermənistan Respublikası vətəndaşların,
nəqliyyat vasitələrinin
və yüklərin hər iki istiqamətdə
maneəsiz hərəkətinin
təşkili məqsədilə
Azərbaycan Respublikasının
qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir.
Müxbirin "Azərbaycan
bu maddəni belə şərh edir ki, Ermənistan
gömrük və sərhəd nəzarətindən
imtina edəcək?"
sualına cavab olaraq Hikmət Hacıyev qeyd edib ki, məhz
buna görə də sənəddə sərnişinlərin və
yüklərin "maneəsiz
hərəkəti" ifadəsi
işlənir. Bu, Ermənistanın imzaladığı
öhdəlikdir. Bununla
belə, bir məsələyə aydınlıq
gətirmək lazımdır
ki, biz malların
gömrük və sərhəd nəzarətindən
yalnız Azərbaycanın
əsas hissəsindən
Naxçıvan Muxtar
Respublikasına daşındığı
zaman azad edilməsini gözləyirik.
Ancaq mallar Azərbaycandan üçüncü
ölkəyə daşındıqda,
təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti
Ermənistan tərəfindən
təmin olunacaq.
Prezidentin köməkçisi
qeyd edib ki, ortada danılmaz
konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının və
Avrasiya İqtisadi Birliyinin üzvüdür.
İkincisi, Ermənistanın
sərhədlərini Rusiya
Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları
qoruyur. Üçtərəfli
Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik
Xidmətinin qüvvələrinə
istinad edilir. Amma burada mənim
vəzifəm bölgədə
sərhəd qoşunlarının
müdafiəçisi kimi
danışmaq deyil. Bizim narahatlığımız
ondan ibarətdir ki, biz Azərbaycan
yüklərini və
sərnişinlərini Ermənistanın
hüquq-mühafizə orqanlarının
rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası
var. Bu il
(ötən il - red.) İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan
bayrağı yandırılıb.
İşğal səbəbindən
Ermənistan əsas enerji və kommunikasiya layihələrindən
kənarda qalıb
"Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi" dedikdə
Ermənistan-İran sərhədi
boyunca köhnə sovet marşrutunu, yoxsa daha şimalda
yerləşən dəhlizi
nəzərdə tutursunuz?"
sualına cavabında
isə Hikmət Hacıyev qeyd edib ki, sovet
dövründə və
hətta ölkələrimizin
müstəqilliyinin ilk
illərində istismarda
olan dəmir yolu ilə keçməli
olan ən qısa marşrutu nəzərdə tuturuq, bu marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu
əlaqəsini bərpa
etməkdə maraqlı
olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və
bunun əvəzində
Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha
Ermənistanın nəqliyyat
əlaqələrini açmaq
istəmədiyini nümayiş
etdirir.
Hikmət Hacıyev
vurğulayıb ki, Ermənistan ərazisi ilə daşımaları
nə Ermənistanın
suverenliyinə, nə
də Ermənistan-İran
əlaqələrinə təhlükə
kimi görmürük:
"Çünki Azərbaycandan
Naxçıvana - Ermənistanın
ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla
İran arasında olan
ticarət yoluna təsir etməyəcək.
İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. "Dəhliz"
termini Ermənistanı
qorxutmamalıdır, çünki
bu, nəqliyyat marşrutları kontekstində
geniş istifadə olunur. Bu nəqliyyat
əlaqəsi Ermənistanı
İranla sərhədindən
məhrum etməyəcək.
Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər
olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə
qarşı geniş şər-böhtan kampaniyasının
aparıldığını görürük".
Nikol Paşinyanın
Ermənistan ərazisində
Azərbaycanla Naxçıvan
və ya Türkiyə arasında bir neçə şərq-qərb əlaqəsinin
yaradılması təklifi
ilə çıxış
etməsinin Bakının
bununla bağlı mövqeyinə də toxunan Prezidentin köməkçisi vurğulayıb
ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri
- Qarabağın və
Şərqi Zəngəzurun
Ermənistan tərəfindən
qeyri-qanuni işğalı
səbəbindən Ermənistan
regionumuzun əsas enerji və kommunikasiya layihələrindən
kənarda qalıb. Ermənistan uzun illər özünü təcrid vəziyyətində
saxlayıb. Azərbaycanla
Ermənistan arasında
münasibətlərin normallaşması
prosesi çərçivəsində
regional kommunikasiyaların
açılması üçün
müxtəlif layihələr
də müzakirə oluna bilər. Ermənistan ərazisindən
Naxçıvana nəqliyyat
xəttinin istifadəyə
verilməsi Ermənistanın
Orta dəhliz layihəsinə daxil edilməsində mühüm
rol oynayacaq. Ancaq Ermənistan nəhayət ki, nə istədiyini aydın şəkildə
bəyan etməlidir.
Azərbaycan heç
vaxt mülki əhalini hədəfə
almayıb
Avropa Şurası
Parlament Assambleyasının
(AŞ PA) Azərbaycanı Qarabağın etnik erməni əhalisinin geri qayıtması üçün "etimad
mühiti və maddi şərait yaratmağa", o cümlədən
onların həvəsləndirməsi
və imkanlar yaradılması istiqamətində
addımlar atmağa çağırması ilə
bağlı məsələyə
də toxunan Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın Qarabağ
bölgəsində Ermənistan
silahlı qüvvələrinə
qarşı həyata
keçirdiyi 23 saatlıq
antiterror tədbirlərindən
dərhal sonra ölkəmiz Qarabağın
erməni sakinlərinin
Azərbaycan dövlətinə
reinteqrasiyası üçün
portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata
yaydığı məlumatda
bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb. Azərbaycan qürur hissi ilə qeyd edir ki,
BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı
Xaç Komitəsi
(BQXK) tərəfindən öz
təsdiqini tapdığı
kimi ildırımsürətli
antiterror tədbirləri
zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı
zorakılıq halları
qeydə alınmayıb.
Azərbaycan hərbi əməliyyatların dinc
əhaliyə zərər
vurulmadan necə aparılmalı olduğunu
bütün dünyaya
nümayiş etdirib. Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna
baxmayaraq, erməni sakinlərin əksəriyyəti
Qarabağı tərk
etmək qərarına
gəldilər. Sadəcə
olaraq, onlar Azərbaycan bayrağı
və vətəndaşlığı
altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə
səbəb olub, əsasən azərbaycanlılara
qarşı etnik nifrətə görə.
Eyni zamanda Ermənistanın etnik təmizləmə siyasəti
nəticəsində Ermənistandakı
kompakt şəkildə
yaşadıqları məskənlərindən
kütləvi şəkildə
qovulmuş yüz minlərlə azərbaycanlının
geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın
baş naziri onları "Ermənistanın
milli təhlükəsizliyinə
təhdid" adlandırıb
ki, bu da
tamamilə qəbuledilməzdir.
Bir tərəfdən
"sülh dövrü"
elan etmək, digər tərəfdən
də öz tarixi vətənlərinə
qayıdıb yaşamaq
istəyən azərbaycanlı
qaçqınları "ölkənin
milli təhlükəsizliyinə
təhdid" adlandırmaq
olmaz.
Ermənistandan qovulmuş
azərbaycanlı qaçqınları
təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə
tam hörmətlə
yanaşdığını vurğulayır. Onların
məqsədləri, sadəcə
olaraq, Ermənistandakı
doğma torpaqlarına
sülh yolu ilə qayıtmaqdır.
Məkan Azərbaycan
üçün önəmli
deyil, ən əsası nəticədir
"Sizin təcrübənizdə
hansı format daha effektivdir: Azərbaycan-Ermənistan danışıqları,
qonşu İran, Rusiya
və Türkiyə ilə 3+3 formatı, yoxsa Qərbin iştirakı ilə danışıqlar, istər
ABŞ, istərsə də
Aİ olsun?" sualına
cavab olaraq Hikmət Hacıyev qeyd edib ki,
hər bir formatın öz üstünlükləri var
və onların effektivliyini müqayisə
etmək düzgün
olmazdı: "Müxtəlif
mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz
iştirak edən bütün vasitəçilərə
minnətdarıq. Məkan
bizim üçün
önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların
tərəfdarıyıq. Prinsipcə,
biz səmimi vasitəçiliyin əleyhinə
deyilik, lakin birbaşa danışıqlara
üstünlük veririk.
Bu gün sülh sazişinin mətni üzərində
iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır".
Beləliklə, İrəvanın
təcrid vəziyyətdə
qalaraq inkişaf etməsi mümkünsüzdür
və ötən zaman bunu çox
aydın göstərib.
Prezident İlham Əliyev isə seçim üçün
Ermənistanın siyasi
rəhbərliyinə sülh
müqaviləsinin imzalanması
üçün şanslar
verir. Zaman ötdükcə görünür
ki, Paşinyan hakimiyyətinin sülh sazişinə "hə" deməkdən başqa variantı yoxdur.
Elçin CƏFƏROV,
Azərbaycan.-2024.-
8 yanvar, № 1.- S.3.