İsveçrə
Teleradiosunda “Cənubi
Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli reportaj
yayımlanıb
İsveçrə Teleradiosunun
(SRF) əsas xəbər
buraxılışında Azərbaycan
və Ermənistan arasında aparılan sülh danışıqları
və yaxın gələcəkdə regionda
əmin-amanlığın tam bərqərar edilməsi imkanlarına dair geniş reportaj yayımlanıb.
AZƏRTAC xəbər
verir ki, “Cənubi Qafqazda tezliklə sülh olacaqmı?” sərlövhəli
reportajda 30 il davam etmiş münaqişədən sonra
2024-cü ildə Cənubi Qafqazda sülhün və əmin-amanlığın
bərpa olunmasına ümidlə baxıldığı
vurğulanıb.
Bildirilib ki,
ötən ilin sentyabrında Azərbaycanın Qarabağda
suverenliyini tam bərpa etməsindən sonra Azərbaycan və
Ermənistan arasında aparılan danışıqlarda
aşkar şəkildə yaxınlaşma müşahidə
olunur.
Reportajın
əvvəlində böyük tikinti meydançasını
xatırladan Füzuli şəhərindən bəhs olunub. Qeyd edilib ki,
işğal dövründə
xarabalığa çevrilmiş
Füzulidə bu gün həyat yenidən qaynamaqdadır. Birinci Qarabağ müharibəsi zamanı Füzulini işğal edən və bütün azərbaycanlıları
dədə-baba torpaqlarından
qovan Ermənistan üç il əvvəl baş vermiş və böyük itkilər verdiyi müharibə nəticəsində bu ərazilərdən geri çəkilməli oldu.
Reportajda azad olunan ərazilərdə quruculuq işlərini çətinləşdirən amillər arasında mina problemi xüsusi
qeyd edilib. Bildirilib ki, mina problemi bərpa
və quruculuq işlərini çətinləşdirsə
də, indiyədək
Füzulinin 30 faizi minalardan təmizlənib və minatəmizləmə
əməliyyatları fasiləsiz
davam etdirilir. Azərbaycan hökuməti
qısa müddətdə
bu şəhərdə
minədək mənzil
inşa etdirib və hər ay öz yurdlarına
qayıdan azərbaycanlı
ailələrə yeni
mənzillərin açarları
təqdim olunur. Bununla da Azərbaycanın
verdiyi mesaj tam aydındır: Ermənistan nə Füzuli, nə də Qarabağın başqa ərazilərinə
bir daha iddia edə bilməz. Eyni zamanda, bildirilib ki, Qarabağın erməniəsilli əhalisi
Azərbaycan vətəndaşlığını
qəbul edərək
həmin ərazilərə
qayıdıb yaşaya
bilər.
SRF-in reportajında
Azərbaycan Respublikası
Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyevin bu televiziyaya müsahibəsində
Azərbaycanın istəyinin
bütün Cənubi
Qafqazın mənzərəsini
dəyişmək olması
barədə fikri diqqətə çatdırılıb:
“Bu regionun adı gələcəkdə
müharibə və münaqişələrlə deyil,
şanslar, işgüzar
əlaqələr, inkişaf
və rifahla bağlı hallanmalıdır”.
Bundan başqa,
reportajda qeyd olunub ki, Bakıda
Azərbaycan Prezidentinin
Administrasiyasında yüksək
özünəinam hissi
hökm sürür, çünki Xəzər
dənizi sahilində yerləşən bu metropol bütün regionun iqtisadi mühərrikidir. Zəngin
neft və qaz ehtiyatlarına malik Azərbaycan Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra Avropa üçün vazkeçilməz tərəfdaşa
çevrilib.
Reportajda Prezident
İlham Əliyevin ötən il oktyabrın 15-də Xankəndi
şəhərində Azərbaycan
Respublikasının Dövlət
Bayrağını ucaltmasını
əks etdirən kadrlara da yer
verilib. Həmçinin
Azərbaycanın güclü
müttəfiqlərinin olduğu
vurğulanıb, bu baxımdan ölkəmizi daim hərbi və geosiyasi müstəvilərdə dəstəkləyən
Türkiyə xüsusi
qeyd edilib.
Azərbaycan.-2024.-
8 yanvar, № 1.- S.3.