Tarix yazan Lider - tarixə yazılan il

 

 

2023-cü il dövlətimizin tarixinə ən əhəmiyyətli illərdən biri kimi yazıldı. İndiki gələcək nəsillər bu ili hər zaman böyük qürur hissi ilə xatırlayacaqlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə xalqa dünyada yaşayan bütün  soydaşlarımıza müraciəti zamanı arxada qoyduğumuz ilin dəqiq qiymətini verdi: "2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır". Ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən müharibəsindəki möhtəşəm qələbəsinin ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi. İşğalçı qüvvələrin ölkəmizin ərazisindən çıxarılması təmin olundu. Xankəndidəki hərbi xuntanın ömrünə son qoyuldu. Beləliklə, dünyanın böyük güclərinin regionda öz mövqelərini möhkəmləndirmək üçün həyata keçirməyə çalışdıqları erməni layihəsi iflasa uğradı. Tarixin bizim üçün ağrı-acılı, faciələrlə dolu səhifəsi birdəfəlik qapandı.

Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə ötən il dövlət bayrağımızın ucaldılması, noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradının təşkili "Heydər Əliyev İli"ndə Ulu Öndərin xatirəsinə ən böyük hörmətin ifadəsi oldu.

2020-ci ildə İkinci Qarabağ müharibəsi şanlı qələbəmizlə tamamlanandan sonra dövlətimiz hələ ətrafındakı bəzi suallarla tam başa çatmamış kimi görünən prosesi ötən il bütünlüklə yekunlaşdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, bizim bayrağımız Şuşada azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb.  Azərbaycan dövləti bu məsələdə səbirli, təmkinli, üzərinə götürdüyü öhdəliklərə sadiqliklə davrandı. Hər bir işi öz vaxtında-vədəsində gördü. Dövlətimizin rəhbəri xüsusi vurğuladı ki, Ermənistanın 2020-ci ilin noyabrında faktiki kapitulyasiya aktını imzalayandan sonra öz öhdəliklərini yerinə yetirəcəyini, Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrin ərazilərimizdən gedəcəyini, Xankəndidəki kriminal rejimin ləğv olunacağını gözləyirdi. Əfsuslar olsun ki, Ermənistan tərəfi yenə təxminən 30 ilə qədər davam edən sülh danışıqları dövründəki ənənəvi tərzini təkrarladı. Üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmədi, hətta Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı, bu isə yeni insan faciələrinə səbəb oldu. Qanunsuz olaraq torpağımızda yerləşmiş 15 minlik Ermənistan ordusunun Qarabağdan çıxarılması üçün heç bir addım atılmadı. Müxtəlif üsullarla Qarabağa yeni silah sursatların, hərbi texnikanın, minaların gətirilməsi davam etdirildi, Ermənistan tərəfindən mina terroru nəticəsində onlarla vətəndaşımız həyatını itirdi. Müxtəlif bəhanələrlə, təxribatlarla vaxtı uzadan Ermənistan yenə havadarlarına güvənərək vəziyyətin bəlkə dəyişəcəyinə ümid etdi. Bu məsələdə Ermənistanla birgə, onun təxribatlarına dəstək verən, öhdəliklərindən yayınmasına şərait yaratmaq istəyən, regionda sülh proseslərinə maneə olan Fransa kimi xarici ölkələr məsuliyyət daşıyırdılar.   

Belə bir durumda bəlli idi ki, qalib Azərbaycan dövləti bu vəziyyətlə barışmayacaq. Danışıqlar, çağırışlar nəticə verməzsə separtizmin kökünü kəsmək, dövlət suverenliyimizi bərpa etmək üçün işğalçı qonşumuzun ən yaxşı anladığı dilə - gücə əl atmaq məcburiyyətində qalacaq. Müraciətdə xatırlandı ki, bununla bağlı dəfələrlə Ermənistan rəhbərliyinə , onların arxasında duran Qərb ölkələrinə xəbərdarlıq edilmişdi. Xəbərdarlıqlar səmərə vermədiyindən Azərbaycan dövləti sentyabrın 19-da başlayan, cəmi 23 saat davam edən antiterror tədbiri ilə separatçı rejimi dövlətimiz qarşısında bayraq qaldırmağa məcbur etdi. Torpaqlarımızda yaşayıb əzəli-əbədi yurdlarımız Xankəndidən, Ağdərədən Bakıya həyasızcasına cürbəcür  ismarıclar göndərən, onlara kənardan verilmiş tapşırıqları yerinə yetirən "başbilənlər" qandallanaraq Bakıya gətirildilər. Meşəlidə, Xocalıda əli yüzlərlə dinc azərbaycanlının qanına batmış hərbi canilərin mühakimə zamanı gəldi. Tarixi ədalət öz yerini tutdu. Qəhrəman əsgər zabitlərimiz həm şəhidlərimizin qanını yerdə qoymadılar, onların qisasını döyüş meydanında aldılar, həm hazırda Bakıda həbsxana hücrəsində əyləşərək ədalət mühakiməsi qarşısına çıxarılacaqları günü gözləyən hərbi canilərin timsalında bir ibrət dərsi verdilər. Yaşadığı ölkənin dövlət suverenliyinə qarşı çıxmağa, öz ölkəsində bu cür məkrli əməllər törətməyə cəhd edib insan faciələrinə səbəb olan  hər kəsə görk olmalıdır ki, onların sonu belələri kimi ola bilər.

 

 

 

Dünya azərbaycanlıları müstəqil Azərbaycanla fəxr edirlər

 

 

 

Ötən il Azərbaycanın dövlət suverenliyinin tam bərpası dünyadakı soydaşlarımıza ən böyük bayram hədiyyəsi oldu. Artıq üç ildir ki, dünya azərbaycanlıları da bütün Azərbaycan vətəndaşları kimi ruh yüksəkliyi ilə yaşayır, bayramı yeni  bir ovqatla qeyd edirlər. Dövlətimiz regionun lideri kimi bölgəmizdə daimi sülhə, dayanıqlı inkişafa, insanların rifahına xidmət edən addımları, nailiyyətləri ilə bundan sonra da bütün dünya azərbaycanlılarını qürurlandırmaqda davam edəcək.   

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə xalqımıza müraciətində dövlət rəhbərimiz İlham Əliyev son illərin əsas naliyyətlərini bölüşərək eyni zamanda gələcək inkişaf istiqamətlərinə diqqət yönəltdi. Azərbaycan Prezidenti bəyan etdi ki, dövlətimizi haqq yolundan kimsə döndərə bilməz: "Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın".

Son illərin tarixi prosesləri heç bir ittihamın, təzyiqin Azərbaycan rəhbərliyinin iradəsinə təsir etmək, irəlilədiyimiz inkişaf yoluna əngəl yaratmaq gücündə olmadığını göstərir. Dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən dövlətlərin ara-sıra qaldırdıqları hay-küyün, ölkəmizə qarşı əsassız ittihamlarının heç bir səmərə vermədiyinə hər birimiz şahidik. Bundan sonra da belə olacaq. Dövlətimiz bütün təxribatları dəf edərək, süni əngəlləri aşaraq böyük hədəflərinə doğru irəliləyəcək.  

 

 

 

Yeni il müjdəsi

 

 

 

Azərbaycan dövləti Qarabağın Şərqi Zəngəzurun azadlığından sonra bu gün daha bir tarixi missiyanı uğurla həyata keçirir. Ermənilərin təxminən 30 il ərzində vandalcasına dağıdıb yerlə yeksan etdikləri yurdlarımızda tikinti-quruculuq tədbirləri görülür. Doğma yurdlarımız yenidən dirçəldilir, uzun illər kənarda qaldığı inkişaf axarına qovuşur. Azərbaycan dövləti bununla da kimin kim olduğunu, hansı niyyətə tapındığını - xarabalıq faciələrəmi, yoxsa abadlıq, inkişaf xoşbəxtliyəmi xidmət etdiyini bütün dünyaya göstərir.

Qarabağ Şərqi Zəngəzur bu gün nəhəng bir tikinti meydanına çevrilib. Dövlətimiz bu regionlarımızdakı şəhərlərimizi, kəndlərimizi yenidən qurur. Xüsusi ilə vurğulanmalı məqam isə həm budur ki, Azərbaycan dövləti böyük bir ərazidə bərpa-quruculuq işlərini heç bir dövlətin, xarici institutun maddi yardımına, dəstəyinə möhtac qalmadan yalnız öz imkanları hesabına həyata keçirir. Təkcə 2023-cü ildə 5 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. Ağalı, Talış kəndlərində, Füzuli şəhərində, Zabuxda, Laçında həyat bərpa olunub. Prezident İlham Əliyev 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə də keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarının, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa ediləcəyinin, eyni zamanda il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqlarının xoş müjdəsini yetirdi.

Bu gün Azərbaycan dövləti təkcə yurdlarımızı yenidən qurmur, illərlə doğma torpaqların həsrətini çəkən həmvətənlərimizi əzəli məskənlərimizə yetirmir, eyni zamanda bölgəmizin ekologiyasına sahib çıxır, qırılan meşələrimizi həyata qaytarır, zəhərlənən çaylarımızı təmizləyir. Rəsmi İrəvan bir neçə onillik ərzində Qarabağda, Şərqi Zəngəzurda böyük cinayət əməlləri ilə məşğul olmuşdu. Erməni vandalları tərəfindən  Azərbaycan vətəndaşlarının min bir əziyyətlə qurduqları evlərin dağıdılması, dövlətimizin illər boyu yaratdığı sosial-iqtisadi infrastrukturun məhvi, tarixi binalarımızın, mədəniyyət obyektlərimizin, məscidlərimizin və digər müqəddəs məkanlarımızın tar-mar olunaraq yer üzündən silinməsi, ətraf mühitə qarşı urbisid və ekosid cinayətləri bunun ayrı-ayrı təzahürləridir. Bu cinayət əməllərinin hər biri sənədləşdirilib və faktlarla sübuta yetirilib. Dövlətimizin başçısı onu da vurğuladı ki, əfsuslar olsun, bu cinayətlərə görə Ermənistan indiyə qədər Qərbdə qınaq obyektinə çevrilməyib. Belə bir yanaşma Qərbin ikili standartlar siyasətindən əl çəkmədiyini, Ermənistanın havadarı kimi çıxış etdiyini göstərir. Amma biz də bu riyakarlıqlar qarşısında, ikili standartlar önündə tək deyilik. Haqq, ədalət bizimlədir. Bu dəyərlərin bizim tərəfimizdə olduğunu bilirik. Bu bizə böyük güc verir, mövqeyimizi möhkəmləndirir, haqqımız olanı almaq üçün mücadiləmizi davam etdirməyə, doğru olanları etməyə yönəldir. "Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin", - deyə dövlətimizin başçısı bildirmişdir.

 

 

 

Haqq davasının qalibi

 

 

 

Azərbaycan haqq davasında hər zaman qalib olmaq üçün bütün imkanlara sahibdir. Ölkəmiz onilliklər ərzində həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində özünün əsl müstəqilliyini təmin edib. Azərbaycan dövləti sosial-iqtisadi cəhətdən heç bir ölkənin, beynəlxalq qurumun asılılığında deyil. İqtisadi nailiyyətlər ordumuzu davamlı şəkildə gücləndirməyə şərait yaradır. Azərbaycan dövlətinin heç bir qonşusunun suveren ərazisində gözü yoxdur. Bizim ən böyük istəyimiz regionumuzda daimi sülhün, davamlı inkişafın, bütün maraqlı tərəflərin faydalana biləcəyi qarşılıqlı əməkdaşlıq mühitinin olmasıdır. Bütün bunlarla yanaşı, milli maraqların qorunması, güvənli təhlükəsizlik üçün güclü orduya da həmişə ehtiyac var. Bu reallıqdır ki, biz çox zaman güclünün haqlı sayıldığı dünyada yaşayırıq. Ona görə də ölkənin müdafiə qüdrəti ən mühüm məsələlərdəndir.

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda "dəmir yumruq" birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, "dəmir yumruq" hər zaman yerində olacaq" - Azərbaycan Prezidenti müraciətində bəyan etdi.

Bu gün Azərbaycan Ordusu maddi-texniki təchizatına, döyüş qabiliyyətinə, yüksək ruhuna görə dünyanın ən öncül ordularındandır. Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra hərbi əməliyyatların qazandırdığı faydalı təcrübələrə istinadən ordumuzda peşəkarlıq daha da artırılıb. Yeni silahlı birləşmələr yaradılıb. Ordumuzun təchizatı ilə bağlı bir çox müqavilələr imzalanıb, yeni silahlar, hərbi texnika alınaraq gətirilib. Ötən ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı Azərbaycan Ordusunun qüdrətini, o cümlədən yeni yaradılmış peşəkar hərbi birləşmələrin gücünü bir daha nümayiş etdirdi. Azərbaycan Prezidenti 2024-cü ildə hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını, həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacağını bildirdi. Bütün bunlarla dövlətimiz nəinki özünü əsas vasitələrlə təmin edəcək, eyni zamanda bu sektorda dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, Azərbaycan istehsalı olan hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.

 

 

 

Ölkəmizin beynəlxalq nüfuzu güclənir

 

 

 

Bu uğurlar həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına dəlalət edir. Bunun daha bir göstəricisi də dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələrinin ötən ilin dekabrında verdiyi yekdil qərarıdır. COP29 qlobal tədbirinə bu il Azərbaycanın evsahibliyi etməsi dünya ictimaiyyətinin ölkəmizə, xalqımıza böyük rəğbətinin, eyni zamanda respublikamızın "yaşıl enerji"yə keçid istiqamətində ardıcıl səylərinə böyük qiymətin ifadəsidir.

Qeyd edək ki, "yaşıl enerji" keçidi hazırda Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Bu il ölkəmizdə bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilib. 230 meqavat gücündə günəş-elektrik stansiyası artıq Azərbaycanın enerji sisteminə tam inteqrasiya edilib. COP29 tədbirinin ölkəmizdə keçirilməsi də dövlətimizin son illərdəki ən böyük uğur hekayələrindən olacaqdır.

Azərbaycanın ötən illərdə qazandığı hərtərəfli uğurları 2024-cü ilin nailiyyətləri ilə daha da möhkəmləndiriləcək və bütün dünya azərbaycanlılarını hər zaman getdikcə artan qüdrəti ilə fərəhləndirəcəkdir. Bu, milli vəhdətimizdən, Azərbaycanın sülh, inkişaf, bəşəriyyətin xoşbəxtliyi məramından irəli gələn əminlikdir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2024.- 8 yanvar, ¹ 1.- S.7.