Azərbaycanın Pravoslav
Xristian İcması
Milad bayramını qeyd
edir
Yanvarın 7-də pravoslavlar
ən vacib xristian bayramlarından birini – Milad bayramını
qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, Milad bayramı bir gün əvvəl, yanvarın 6-dan başlayır.
Pravoslavlara görə
bu, 40 günlük orucun son günü və Miladın qeyd edilməsi üçün daha möhkəm hazırlıq
vaxtıdır.
Axşam, gün
batandan sonra bütün ailə həvarilərin sayına
uyğun olaraq 12 yağsız yeməyin olduğu masa arxasında yığışır. Yeməklərin
heç biri toxunulmamış qalmamalıdır:
hər birindən ən azından bir az dadmaq
lazımdır. Masada bir
şamın - canlı
alovun yanması məsləhətdir. Müqəddəs
axşam yeməyinin əsas xörəyi kutyadır. O, ənənəvi
olaraq buğdadan hazırlanır, lakin digər dənli bitkilərdən də istifadə edilə bilər. Taxıl bəşəriyyətin tərkib
hissəsi olan insanların simvoludur. Kutyada yapışqan qismində bal və ya şəkər
siropu istifadə olunur. Milad orucu bu şam yeməyi
ilə bitir: yanvarın 7-də bütün
məhdudiyyətlər aradan
qaldırılır və
artıq əsl bayram ziyafəti təşkil etmək olar.
Azərbaycanın Pravoslav
Xristian İcması
da hər il ənənəvi
olaraq Milad bayramını
qeyd edir. Azərbaycanda xristianlığın
çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazdakı ilk xristian məbədləri
məhz burada yaranıb. Bu torpaqda dünya dinləri əsrlər boyu insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin
qurulmasında əvəzsiz
rol oynamışdır.
Azərbaycanda heç
vaxt milli və dini dözümsüzlük
halları baş verməyib. Digər konfessiyaların nümayəndələri
kimi, Azərbaycan xristianları da cəmiyyətin
tamhüquqlu üzvləridir,
ölkə həyatında
fəal iştirak edirlər. Azərbaycanda bir neçə pravoslav məbədi var.
Prezident İlham Əliyev
hər il Azərbaycanın
pravoslav xristianlarını
Milad bayramı münasibətilə
təbrik edir. Bu il Pravoslav xristian icmasına ünvanlanan təbrik məktubunda deyilir: "Zəngin tolerantlıq ənənələri
ilə tanınan Azərbaycanda ayrı-ayrı
xalqların və dinlərin mənsubları
yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı
hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin
üstün keyfiyyətlərindən
olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin
misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm
sürən demokratik birgəyaşayış mühitinin
qorunub saxlanılmasını,
humanizm və dözümlülük prinsiplərinə
əsaslanan mütərəqqi
ictimai dəyərlərin
təbliği və təşviqini dövlət
siyasətimizin prioritet
istiqamətlərindən biri
hesab edirik.
Təqdirəlayiq haldır
ki, xristian həmvətənlərimiz
nümunəvi dövlət-din
münasibətlərinin yaratdığı
geniş imkanlardan yararlanaraq özünəməxsus
adət-ənənələri, dil və mədəniyyəti
yaşadır, ölkəmizdə
həyata keçirilən
böyük quruculuq işlərində, ictimai-siyasi
həyatımızın bütün
sahələrində digər
etiqadların nümayəndələri
ilə birlikdə yaxından iştirak edirlər".
Yanvarın 6-dan 7-nə keçən
gecə Azərbaycanın
bütün pravoslav kilsələrində təntənəli
ibadət mərasimləri
keçirilib.
Müqəddəs Miradaşıyan
Qadınlar Kafedral Kilsəsində Milad bayramı
mərasimi başlamazdan
əvvəl Bakı yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) jurnalistlərə müsahibəsində
deyib: “Milad bayramı ölkəmiz üçün
xüsusi bayramdır.
Azərbaycan Prezidenti ənənəvi olaraq hər il pravoslav xristianları təbrik edir. O, təbrik məktubunda dinlərarası
dialoqun yüksək səviyyəsini, həmçinin
bayram ab-havasını
xüsusi vurğulayır”.
"Azərbaycanın müasir
tarixində əlamətdar
olan 2023-cü ildə
bütün torpaqlarımız
işğaldan azad edilib", – deyə arximandrit Aleksi əlavə
edib.
Rus Pravoslav Kilsəsinin nümayəndəsi vurğulayıb
ki, dünyada bayramlarımızı
pozmağa çalışan
qüvvələr var, Azərbaycanı
güclü, iqtisadi və mədəni mənada inkişaf etmiş ölkə kimi görmək onlar üçün xoş deyil. Onun sözlərinə görə, Azərbaycanın
güclü və nüfuzlu dövlətə
çevrilməsi heç
də bir çoxunun ürəyincə
deyil: "Azərbaycana
müxtəlif hücumlar
təşkil edilir, ölkəmiz dinlərarası
münasibətlərdə, dövlətlə din arasındakı
münasibətlərdə problemin olmasında ittiham olunur. Lakin keçmişdə, həmçinin
bir il əvvəl Azərbaycanın dini liderləri ABŞ, Avropa və digər regionların ən mötəbər beynəlxalq
platformalarına dəvət
olunurdu, orada ölkəmiz haqqında ən tərifli çıxışlar edilirdi,
bizdən unikal təcrübəmizi bölüşmək
xahiş olunurdu. Amma təəssüflər olsun
ki, indi həmin adamlar xüsusi tolerantlıq, sülhsevərlik
və dözümlülük
ruhu ilə seçilən Azərbaycanı
ləkələməyə çalışırlar”.
Arximandrit Aleksi vurğulayıb
ki, bu çətinliklərə
baxmayaraq, Azərbaycan
yoluna inamla davam edəcək.
Azərbaycan.-2024.-
8 yanvar, № 1.- S.10.