ABŞ
Dövlət Departamenti ermənilərə
hazırlatdığı hesabatla bir daha ölkəmizlə
bağlı özünün ədalətsizliyini göstərdi
Bu gün Azərbaycanda
2258 məscid, 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Müxtəlif dinlərə
aid müqəddəs
ibadət ocaqlarının
bir arada cəmləşdiyi ölkəmizdə
hazırda 995 dini qurum dövlət qeydiyyatındadır. Konfessional baxımdan
onlardan 958-i islam, 37-si
isə qeyri-islam (26- xristian, 8- yəhudi, 1- krişna, 2- bəhai) təmayüllüdür.
Bu, əsrlər boyu tolerantlıq və dözümlülük ənənələri
ilə zəngin olan Azərbaycanda hazırda da bir çox millətlərin və dini konfessiyaların
nümayəndələrinin dinc, mehribanlıq və dostluq şəraitində yaşadığının
rəqəmlərlə möhtəşəm
ifadəsidir.
Bu statistika həm də dünyanın başqa heç bir yerində bənzərinə rastlanmayan
unikal Azərbaycan tolerantlığına bariz
göstərici, eləcə
də dini dözümsüzlüyün, irqi
ayrı-seçkiliyin hökm
sürdüyü Qərb
ölkələrinə, xüsusilə
də dünyada çoxsaylı müharibələr
və qarşıdurmaları
alovlandıran, milyonlarla
insanın ölümünə,
qaçqın vəziyyətinə
düşməsinə, səfalət
içində yaşamasına
səbəb olan
ABŞ-yə örnək
götürəcəyi misilsiz
nümunədir.
Bu baxımdan, ABŞ Dövlət
Departamentinin dünya ölkələrində dini
azadlıqların vəziyyəti
ilə bağlı yayımladığı illik
hesabatında Azərbaycana
qarşı qərəzli
iddialar irəli sürməsi də yumşaq ifadə etsək, onun növbəti ədalətsizliyindən,
rüsvayçılığından başqa bir şey deyil.
Əsassız və qərəzli hesabat
ABŞ Dövlət Departamentinin dünya ölkələrində
dini azadlıqların
vəziyyəti ilə
bağlı illik hesabatının Azərbaycana
aid hissəsi başdan-başa
əsassız, reallıqla
heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir.
Tarixən Azərbaycanda
məscidlərdən ucalan
azan sədası, kilsə
zənglərinin səsi
ilə həmahənglik
təşkil edib. Müxtəlif sivilizasiyaların
qovuşma ünvanı
olan ölkəmizdə
əsrlərdir ayrı-ayrı
millətlərin nümayəndələri
sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma
və dialoq şəraitində yaşayırlar.
Toylarında da, yaslarında
da birgə sevinir, birgə kədərlənir,
ən əsası isə vətənimiz Azərbaycanı həmrəyliklə
qoruyurlar.
Bu bir həqiqətdir və dünyanın nüfuzlu din xadimləri tərəfindən də
dəfələrlə etiraf
olunan gerçəklikdir
ki, tolerantlıq və
multikulturalizm Azərbaycanda
yaşam formasıdır
və dünyaya nümunədir. Bunun əksini
iddia edənlər isə, ya kordurlar,
ya da ölkəmizdə
var olan bu unikal yaşam formulu onların gözünə batır...
Belə olmasa idi, indi ölkəmizdə
dini etiqad azadlığının pozulduğunu
iddia edən ABŞ 30
illik işğal dövründə Azərbaycana
məxsus dini irsin Ermənistan tərəfindən vəhşicəsinə
dağıdılmasına heç
olmasa bircə dəfə münasibət
bildirər, hansısa
hesabatlar hazırlayardı.
Məgər, dinə qarşı bu qədər "həssas"
olan ABŞ bilmir ki, işğaldan azad olunmuş ərazilərimizdəki
67 məsciddən (Şuşada
13, Ağdamda 5, Füzulidə
16, Zəngilanda 12, Cəbrayılda
5, Qubadlıda 8, Laçında
8) 65-i tamamilə, 2-i isə
qismən dağıdılaraq
yararsız hala salınıb?
Təbii ki, bilir...
Amma məhz dini ayrı-seçkilik, islamofobiya,
xristian təəssübkeşliyi
bu reallıqları dilə gətirməsinə
mane olur.
Niyə bu hesabatı məhz ermənilər hazırlayıb?
Məsələnin digər
sual doğuran tərəfi isə
ABŞ Dövlət Departamentinin
dünya ölkələrində
dini azadlıqların
vəziyyəti ilə
bağlı illik hesabatının Azərbaycana
aid hissəsini məhz
ermənilərə hazırlatdırmasıdır.
Hesabatın Azərbayacana
aid hissəsi dövlət
komissiyasının rəhbəri
Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən
hazırlanıb. D.Aşbaxyan
Amerika Erməni Assambleyasının
rəhbər vəzifəli
şəxslərindən biri
olub. O, Livanın Los Ancelesdəki konsulluğunda
işləyib.
ABŞ qanunlarına görə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət
Departamentində işləyərək,
bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri-qanunidir.
Dövlət Departamenti
Aşbaxyanın timsalında
Amerika Erməni Assambleyasının
rəhbər şəxslərindən
birinə Azərbaycanla
bağlı hesabat hazırlatmaqla, əvvəlcədən
ölkəmizə qarşı
qərəzli mövqe
tutduğunu sərgiləyib.
Hesabatın başdan-başa
əsassız iddialar,
reallığı əks
etdirməyən məsələlər,
qərəzlərlə dolu
olmasını irəlicədən
planlaşdırıb.
Hesabatda Azərbayacana
qarşı belə kəskin mövqe tutulması 2023-cü ildə
Qarabağda antiterror tədbirləri
nəticəsində yaranmış
vəziyyətlə bağlıdır.
Ancaq həmin ərazilərin onilliklər
boyu işğal altında saxlanması, yüz minlərlə azərbaycanlının dədə-baba
torpağından qovulması,
o yerlərdə bütün
tarixi, dini, mədəni abidələrimizin
dağıdılmasının üzərindən sükutla
keçilir. O da tarixi
faktdır ki, XX əsrin
əvvəllərində İrəvan
quberniyası ərazisində
300 məscidimiz qeydə
alındığı halda,
hazırda Ermənistan
ərazisində, İrəvan
şəhərində yalnız
bir məscid - Göy məscid qismən salamat qalıb.
Həmçinin bu hesabatda dinlə heç bir əlaqəsi olmayan məsələlərin də
qabardılması və
sair kimi hallar onun konkret
siyasi məqsədlərə
xidmət etdiyini göstərir.
Dövlətçiliyimizin misilsiz nailiyyəti
"Biz cəmiyyətimizin üstün
keyfiyyətlərindən olan
etnik-dini müxtəlifliyi
dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm
sürən demokratik birgəyaşayış mühitinin
qorunub saxlanılmasını,
humanizm və dözümlülük prinsiplərinə
əsaslanan mütərəqqi
ictimai dəyərlərin
təbliği və təşviqini dövlət
siyasətimizin prioritet
istiqamətlərindən biri
hesab edirik".
Yanvarın 5-də Prezident
İlham Əliyevin Azərbaycanın
pravoslav xristian icmasına Milad bayramı münasibətilə ünvanladığı
təbrikində də
vurğuladığı kimi,
Azərbaycanda ayrı-ayrı
xalqların və dinlərin mənsubları
yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı
hörmət və etimad şəraitində yaşayırlar və yüz illər sonra da bu belə
olacaq.
Buna görə də hansısa qərəzli qurumlar tərəfindən
hazırlanan böhtan
və əsassız iddialarla dolu hesabatlar Azərbaycan xalqının gözündə
cızma-qaradan başqa
bir şey deyil.
Dərisinin rənginə
görə belə insanları fərqləndirən,
onları aşağılayan, hər kəsin gözü
qabağında küçələrdə güllələyən
ABŞ-nin dini azadlıqlarla bağlı ölkəmizə
qarşı hansısa iddialar irəli sürməsi əsassız,
yersiz, gülünc və dünyaya "demokratiya" dərsi
keçmək istəyən bu ölkənin öz adına
utancdır.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2024.-
8 yanvar, № 1.- S.10.