Bütün
uğurlarımızın təməlində
iqtisadi gücümüz
dayanır
Ötən hər
il ölkəmizin və xalqımızın
həyat salnaməsində
öz dəst-xəti
ilə qalır. Hər yeni il
isə yeni arzularla gəlir, növbəti məqsəd
və vəzifələri
gətirir. Bu baxımdan yanaşdıqda 2023-cü il haqqında ürəkdolusu, iftixarla söz aça bilərik. Qazanılan uğurların davamı kimi 2024-cü ildə də görüləcək
işlər, keçiriləcək
tədbirlər, gerçəkləşdiriləcək
layihələr çoxdur.
O cümlədən iqtisadi
sahədə də.
Prezident İlham
Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il münasibətilə
müraciətində bütün
bu məsələlər
öz dolğun əksini tapıb. Dövlətimizin başçısı
iqtisadi sahədə siyasətimizin uğurla aparıldığını vurğulayaraq
deyib: "Müstəqil
iqtisadiyyat bizə imkan verir ki,
heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik".
Uğurların mərkəzində
dayanan da məhz bu iqtisadi
müstəqillikdir. İqtisadi
gücü Azərbaycan
dövlətinə imkan
verir ki, özü müstəqil surətdə, heç kəsdən kömək istəmədən Qarabağda
və Şərqi Zəngəzurda misli görünməyən bərpa-quruculuq
işlərinə vüsət
versin. Nəticədə
mənfur düşmənin
üç onillik boyu yerlə yeksan etdiyi şəhər
və kəndlərimiz cənnətə
çevrilməkdədir. Artıq o yerlərə
böyük köç
başlanıb, yüzlərlə
ailə öz doğma yurdunda yenidən çırağını yandırıb.
Azərbaycanın dünyadakı
nüfuzunun getdikcə
artmasının da mühüm səbəblərindən
biri güclü, müstəqil iqtisadiyyata malik olmasıdır. Bu, ölkəmizin bir çox beynəlxalq tədbirə
evsahibliyi etməsində
də özünü
aydın göstərir.
Son illərin mötəbər idman yarışlarını, musiqi
festivallarını, iqtisadiyyatın
müxtəlif sahələrini
əhatə edən forumları, konfransları
və s. xatırlatmaq
kifayətdir. "Cənub
Qaz Dəhlizi" Məşvərət Şurasının
hər il Bakıda keçirilən
toplantıları, uzun
illərdir ünvanını
dəyişməyən və
getdikcə genişlənərək
artıq "Enerji həftəsi"nə çevrilmiş
beynəlxalq neft-qaz sərgisi də deyilənlərə
əyani misaldır.
Bu il isə Azərbaycan
COP29-a evsahibliyi edəcək. Dövlətimizin
başçısı sözügedən müraciətində
bu barədə demişdir: "Bizim beynəlxalq nüfuzumuz
gündən-günə artır. Dekabr ayında
dünyanın ən böyük beynəlxalq
konfransının Azərbaycanda keçirilməsi haqqında
bütün dünya ölkələri yekdil qərar qəbul
etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək.
Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən
böyük hörmət və rəğbətdir, eyni zamanda
bizim "yaşıl enerji"yə keçidimizə olan
böyük qiymətdir. "Yaşıl enerji"
keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda
bölgənin ən böyük bərpaolunan elektrik enerjisi
stansiyası istifadəyə verilmişdir - 230 meqavat
gücündə günəş-elektrik stansiyası artıq
bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir.
İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında
yaxın bir neçə il ərzində Azərbaycanda 10 min
meqavat bərpaolunan enerji növləri, enerji mənbələri
yaradılacaq və bu sahədə də Azərbaycan
dünyada liderlər sırasında olacaqdır. Əlbəttə
ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq
konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə
bizim uğurlarımızı əyani şəkildə
göstərir".
Dünyanın ən
böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a 2024-cü ildə Azərbaycanın evsahibliyi etməsi
Prezident İlham Əliyevin və ölkəmizin növbəti qələbəsidir. Bu, son
zamanlar ölkəmizə
qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır.
Məlum
olduğu kimi, Azərbaycan BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasına tərəf
olmaqla qlobal iqlim dəyişmələrinə qarşı
mübarizəyə qoşulub və
1990-cı illə müqayisədə 2030-cu ilə qədər
istixana qazlarının miqdarının 35 faiz
azaldılmasını hədəfləyir. Daha bir hədəf
2030-cu ildən sonra 2050-ci ilə
qədər istixana qazlarının miqdarının 40 faiz
azaldılmasından ibarətdir. Prezidentimiz işğaldan azad
edilmiş torpaqları "yaşıl enerji" zonası
elan edib. Bu ərazilərin 2050-ci ilədək "Netto
sıfır emissiya" zonasına çevrilməsi nəzərdə
tutulur. Eləcə da bərpaolunan enerji sahəsinin
inkişafı üçün böyük potensialı olan
Naxçıvan Muxtar Respublikası "yaşıl
enerji" zonası elan olunub.
Təsadüfi
deyil ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya
naminə həmrəylik ili"dir. Dövlətimizin
yaratdığı möhkəm əməkdaşlıq və
tərəfdaşlıq platforması bu il çərçivəsində
qazanılacaq nailiyyətlərin başlıca səbəblərindən
olacaq. Belə ki, indi Azərbaycan dünyada etibarlı tərəfdaş
kimi böyük hörmət və etimad qazanıb. Bir
neçə ay əvvəl Birləşmiş Ərəb
Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən
"Qaradağ" Günəş-Elektrik Stansiyası istifadəyə
verilib. Bu, Xəzər regionunda və MDB məkanında ən
böyük günəş-elektrik stansiyasıdır.
Hazırda Bakıda Səudiyyə Ərəbistanının
"ACWA Power" şirkəti ilə
"Xızı-Abşeron" Külək-Eletrik
Stansiyasının tikintisi davam edir. Cəbrayılda bp şirkəti
ilə 240 MVt gücündə "Şəfəq"
Günəş-Elektrik Stansiyasının tikintisi nəzərdə
tutulur. Bu və digər şirkətlərlə növbəti yeni layihələrin
reallaşması üçün bir sıra sənədlər
imzalanıb, danışıqlar gedir.
Beləliklə,
Azərbaycan "yaşıl enerji" istehsal edərək onun
ixracatçısı da olacaq. Xatırladaq ki, 2022-ci il
dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə
"Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və
Macarıstan hökumətləri arasında "yaşıl
enerji"nin inkişafı və ötürülməsi sahəsində
strateji tərəfdaşlıq haqqında Saziş"
imzalanıb. Keçən il noyabrın 21-də isə
Macarıstanın paytaxtı Budapeşt şəhərində
"Azərbaycan, Gürcüstan, Macarıstan və
Rumıniya arasında "yaşıl enerji"nin
inkişafı və ötürülməsi sahəsində strateji
tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə
nazirlərin beşinci iclası keçirilib.
Bir sözlə,
Azərbaycan Avropaya "yaşıl enerji" körpüləri
də salacaq. "Yaşıl
dünya naminə həmrəylik ili" gələcəyə istiqamətlənən bu yeni layihələr
üçün bir körpü olaraq onları
uğurlu yollara qovuşduracaq.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
8 yanvar, ¹ 1.- S.11.