Müzəffər
Ali Baş Komandan İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura artıq qurucu Lider kimi
səfər edir
2023-cü il sona
çatdı. Bizim üçün ötən
ilin ən mühüm, ən unudulmaz hadisəsi sözsüz ki, sentyabrın 19-20-də keçirilən
23 saatlıq lokal xarakterli antiterror tədbiri oldu. Həmin tədbir Qarabağda suverenliyimizi tam və qəti təmin etdi. Azərbaycan bununla Qarabağdakı qanunsuz separatçı rejimin varlığına birdəfəlik son qoydu.
Oktyabrın 15-i isə
Xankəndi şəhərinin
mərkəzinə Azərbaycan bayrağının
sancıldığı gün
olaraq təqvimə yazıldı. Ali Baş Komandan İlham Əliyevin ucaltdığı bu bayraq Xankəndinin ruhunu qaytardı, görkəminə üç
rəng çəkdi. Xocavənd, Ağdərə və Xocalının Azərbaycanın
digər şəhərləri
kimi bayrağımıza
büründüyü gün
də tarixə yazılmış şanlı
səhifə kimi hələ on illərlə, yüz illərlə danışılacaq,
xatırlanacaq.
Dövlət bayrağını
Xankəndidə ucaltdıqdan
sonra xalqa müraciət edən Ali Baş Komandan
demişdir: "Bu gün tarixi bir gündür. Bu gün Xankəndi
şəhərinin mərkəzi
meydanında Azərbaycan
bayrağı qaldırıldı.
Bu münasibətlə
bütün Azərbaycan
xalqını ürəkdən
təbrik edirəm. Bu günü biz 30 ildən çox gözləmişdik.
Ancaq hər birimiz inanırdıq ki, bu gün
gələcək. Biz
bu gün buradayıq, Xankəndidəyik,
Xankəndinin mərkəzindəyik,
Azərbaycan
gerbi, Azərbaycan
bayrağı altında.
Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu tarixi biz
yaşamışıq, bu
tarixi biz yaratmışıq. Azərbaycan
xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu qələbə əbədi bizimlə olacaq. Bu qələbə
bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər
bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".
Bəli,
İlham Əliyevin
Şərqi Zəngəzur
və Qarabağ səfərləri bizim üçün tarix, yaddaş və fəxr etdiyimiz hadisədir. Prezidentin səfərlərini şərtləndirən
ən əsas faktor Böyük qayıdışın reallaşması
istiqamətində nəzərdə
tutulan layihələrin icrasıdır.
Dövlətimizin başçısı
ötən üç
ildə işğaldan
azad edilmiş ərazilərdə onlarla
sənaye və kənd təsərrüfatı obyektinin,
infrastruktur layihələrin
təməlini qoyub. Prezidentin Qarabağ və Şərqi Zəngəzura
səfərlərinin mühüm əhəmiyyəti ondan ibarətdir ki, kənd və şəhərlərin bərpasına nəzarət edir, görülən işlərlə
yerində tanış
olur, tapşırıq
və tövsiyələrini
verir. Təbii ki, üç ildə İlham Əliyevin rəhbərliyi
ilə Böyük qayıdış konsepsiyası
çərçivəsində xeyli yaşayış evi tikilib, sosial,
yol-nəqliyyat, iqtisadi
sahələr, infrastruktur,
tarixi abidələrimiz
bərpa olunub və s. Bunların hamısını sadalamaq
sadəcə mümkün
deyil. Amma son bir ildə
dövlət başçısının
Qarabağ və Şərqi Zəngəzura
etdiyi səfərləri
diqqətə çatdıraraq
bu istiqamətdə görülən işlərin
bir hissəsini xatırlatmaq istərdik:
2023-cü il iyulun
21-də Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunun 27 kilometrlik hissəsinin tikintisi ilə tanışlıqdan
sonra İlham Əliyev Xocalı rayonunun Çanaqçı
və Sığnaq kəndlərində olub. Daha sonra Daşaltı
kəndinin yenidən qurulması ilə bağlı işlərə baş çəkib. Dövlət
başçısı bir
ay sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Füzuli rayonuna səfər edərək Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak
edib. Bu tədbirin ən önəmli əhəmiyyəti
o idi ki, məktəb Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə
tikilərək Azərbaycana
hədiyyə edilib. İlham Əliyev tədbirdə çıxış
edərkən üzünü
Özbəkistan Prezidentinə
tutub demişdir: "Mən Özbəkistana səfərlərimi böyük
səmimiyyətlə xatırlayıram.
Göstərilən qonaqpərvərliyi
xoş duyğularla xatırlayıram. Həmçinin
Qarabağın bərpasında
iştiraka görə
bir daha təşəkkürümü bildirmək istəyirəm.
Bu, xarici dövlət tərəfindən
maliyyələşdirilən ilk xarici layihədir.
Bu, Sizin tərəfinizdən keçmiş
köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq.
Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti
işləri sürətlə
gedir. İnşallah bu il birlikdə
qeyd edəcəyik".
Keçən il
işğaldan azad edilmiş ərazilərə
səfər çərçivəsində
yadda qalan, maraqlı ziyarətlərdən
biri də avqustun 26-da İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Kəlbəcərdəki
"Soyuqbulaq" Kiçik
Su-Elektrik Stansiyasının,
həmçinin "AzərEnerji"
Açıq Səhmdar
Cəmiyyətinin
"Çıraq-1" və
"Çıraq-2" Kiçik Su-Elektrik stansiyalarının
açılışında iştirak etmələri,
"İstisu" mineral
sudoldurma zavodunun tikintisi və "İstisu" Müalicə-İstirahət
Kompleksində görülən
işlərlə tanışlıqlarıdır.
Hər səfərində
yeni obyektin təməlini qoyan Prezident bu dəfə
də ənənəsinə
sadiq qalıb - Zar kəndinin təməlini qoyub. Laçında
inşa edilən
"Mişni" və
"Alxaslı" Kiçik
Su-Elektrik stansiyalarının
açılışında iştirak edən Prezident və xanımı Mehriban Əliyeva Laçın Beynəlxalq
Hava Limanında gedən tikintiyə baş çəkib, görülən işlərlə
tanış olublar. Kəlbəcər-Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək
olan hissəsində görülən işlərlə
maraqlanan Prezident kollektivə tapşırıq
və məsləhətlərini
verib. Laçında mehmanxana kompleksinin təməlqoyma mərasimi
də maraqlı keçib. Dövlət başçısı Laçının
sənaye zonasında mebel fabrikinin, "Hocazfilm" yaradıcılıq
studiyasının çəkiliş
pavilyonunun, "Həkəri
Balıq Təsərrüfatı"nın
açılışında iştirak edib və Zabux kəndində görülən işlərlə
tanış olub. Kəlbəcər və Laçın səfərinin
proqramı Prezidentin gördüyü işlərdən
dolayı zəngin keçib. Prezidentin Laçın Şəhəri
Günü şənliklərində
iştirakı da sakinlər tərəfindən
xoş qarşılanıb.
Sentyabrda Cəbrayıl
və Zəngilana səfərlər
də
bir çox hadisə ilə yadda qalıb. İlham Əliyev "Azərişıq"
ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə
Mərkəzinin, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını
edib, Zəngilan, Alıbəyli kəndlərinin və şəhərin 2-ci, 3-cü və
4-cü yaşayış komplekslərinin,
160 yerlik uşaq bağçasının təməlini qoyub, "Cahangirbəyli"
Su-Elektrik Stansiyasının
açılışında iştirak edib.
Dövlət başçısının
oktyabrda Suqovuşana, Ağdərəyə, Şuşa rayonunun Malibəyli kəndinə, Xocalı rayonunun Əsgəran qəsəbəsinə etdiyi
səfərlər zamanı
baş tutan tədbirlərin
xoş aurasını
Azərbaycan xalqı oktyabrın
15-16-da yaşadı. Füzuli
Şəhəri Günündə
iştirak edən Prezident İlham Əliyev Sərsəng su anbarı ərazisində və Əsgəranda bayrağımızı
ucaldıb. Bununla bir gün əvvəl
Xankəndidə ucaldılan üçrəngli
bayraqla qoşa dalğalanan bu bayraqlar da doğma
ünvana qovuşublar.
8 noyabr... Zəfər
günü.
Bu möhtəşəm qələbəni
Azərbaycan xalqı
44 günlük Vətən
müharibəsində qazanıb.
Həmin Zəfər dövlətçilik
tariximizin şanlı
səhifələrindən biridir. Tarixboyu torpaq itkilərinə məruz qalmışıq,
əzəli torpaqlarımızda
Ermənistan adlandırılan
dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyuldu. Son
200 ilin ən böyük Zəfərini
qazandıq. O Zəfər
ki, hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyi və tariximizin qəhrəmanlıq səhifəsidir.
Zəfər günü
Azərbaycanın dövlət
müstəqilliyinin, suverenliyinin,
gücünün və
qüdrətinin rəmzidir.
Məhz həmin gün Xankəndidə keçirilən hərbi paradı qəbul edən İlham Əliyev bu paradın tarixi əhəmiyyətindən söz
açmışdır: "Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək,
vuruşaraq, heç nəyə baxmayaraq və bu gün
hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin.
Ermənistan rəhbərliyi
əgər revanşist
fikirlərlə yaşayırsa,
Ermənistanın arxasında
dayanan manipulyasiyaya öyrəşmiş ölkələr
əgər yenə də Azərbaycan üçün hansısa
məkrli plan qurursa, o, bugünkü parada bir nəzər
yetirsin. Bilsin ki, burada mindən
çox igidimiz düzülübdür və
bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç
bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə
hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik.
XXI əsrdə heç
bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq
göstərməmişdir. Heç bir xalq öz doğma
torpağını bu
qədər əziz tutub uğrunda ölümə getməyə
hazır olmamışdır.
Bunu biz hamımız yaxşı
bilirik, bunu dünya da bilsin".
O gün Prezident
və xanımı Şuşaya da getdilər. Onlar Şuşada 23 binadan ibarət yaşayış
kompleksi, həmçinin
Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa, Pənahəli xan küçəsində yerləşən
bir sıra binada həyata keçiriləcək bərpa-quruculuq və "Qızlar gimnaziyası" tarixi abidə binasında aparılacaq işlərlə
tanış oldular. Dövlət başçısı 1 nömrəli
tam orta məktəbin və "Yasəmən" hotelinin
aşılışında iştirak etdikdən sonra Qarğabazar kəndinin təməlini qoydu.
İlin sonuncu dekabr ayı da Prezidentin işğaldan azad edilmiş ərazilərə
səfərindən dolayı
zəngin keçdi. Dekabrın 22-də Xocavənd,
Xocalı və Şuşaya səfər edən Prezident Xocavəndin Qırmızı
Bazar qəsəbəsində,
Şıx Dursun kəndində, Xocalının Naxçıvanlı,
Pircamal, Xanabad, Şuşakənd və Dağadağan kəndlərində
oldu. Aşağı Gövhərağa və Daşaltı kənd məscidində aparılan
işlərlə tanışlıqdan
məmnun qaldı.
Hər zaman olduğu kimi Prezident yenə də doğum gününü iş başında - Ağdamda qeyd etdi. Dekabrın 24-də rayona səfər edən dövlət başçısı Ağdam
şəhərində salınacaq dördüncü
və beşinci yaşayış komplekslərinin,
mərkəzi parkın,
Qiyaslı və Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin təməlini
qoydu, "İmarət"
kompleksində aparılan
təmir-bərpa işləri
ilə tanış olduqdan sonra Xaçınçay su anbarının istifadəyə
verilməsi mərasimində
iştirak etdi.
Azərbaycan xalqı
bundan üç gün əvvəl - dekabrın 21-də daha möhtəşəm hadisənin
şahidi olmuşdu. "Qarabaq"la MOİK futbol klublarının Xankəndi
stadionunda qarşılaşması
Böyük Zəfərin
və antiterror tədbirinin məntiqi sonluğu idi. Sülhə, əmin-amanlığa
səsləyən bu sonluğun da təməlini Ali Baş Komandan İlham Əliyev qoydu - həmişə sülh rəmzi sayılan idman yarışmasında topa vurduğu ilk zərbə ilə.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
8 yanvar, ¹ 1.- S.11.