Qatillər günahsız uşaqları
da güllələməkdən
çəkinmədilər
Hələ ayrılmadıqları
oyuncaqları, hər dərs günü əllərinə alıb
məktəbə yollandıqları
çantaları məzarlarının
üstündəydi... 1990-cı ilin yanvarında Azərbaycana xalqının
azadlıq eşqini boğmaq, imperiyanın ömrünü uzatmaq üçün gələn
keçmiş sovet qoşun hissələri onlara da qıymışdı.
Çünki aldıqları
tapşırıq belə
idi. Kimsəyə aman verməməli idilər və vermədilər.
Gəlinciyi
məzarına laylay çalan qız...
1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə təpədən-dırnağa
silahlanaraq ağır
zirehli maşınlarda,
tanklarda Azərbaycana gələn imperiya cəlladları silahsız
olduqlarını yaxşı
bildikləri insanları
doğma şəhərində,
küçəsində, evində
amansızlıqla qətlə
yetirdilər...
Gəlincikləri, məktəbli
çantası anasının
göz yaşları kimi qurumamış məzarına sığınmış
on iki yaşlı
Larisa Məmmədovaya
xalqın vətənsevər
şairi Bəxtiyar Vahabzadə şeir dili ilə oxşayıb
ağı dedi:
Bu gün laylay çalmalıykən
sən kuklana,
Kuklan sənə
laylay çalar.
Sən özün
də kukla idin.
Bu dünyanın
əvvəlini,
Axırını heç
bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu.
Larisa Məmmədova 1977-ci il avqustun
11-də Bakı şəhərində
dünyaya gəlmişdi.
Paytaxtdakı Tofiq Hüseynov adına 134 nömrəli məktəbin 7 v sinfində
oxuyurdu. Musiqi təhsili də alırdı. Həyatı
sevdiyi musiqilər kimi rəvan, şən, arzu və ümidlərlə dolu idi...
Larisa 1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə atası Fərman Məmmədovun yanında
idi. Birlikdə atasının işlədiyi
L.Şmidt adına zavoda getmişdilər. Zavodun yanında oturduqları avtobus gülləbaran edildi. Ürəyindən aldığı güllə
yarası Larisanın həyatına son qoydu. Atası Fərman Məmmədov
da ağır yaralandı.
Təcili yardım maşınında xəstəxanaya
çatdırılan Fərmanın
həyatını xilas
etmək mümkün
olsa da, qalan ömrünü II qrup əlil kimi yaşadı...
Həmyaşıd şəhidlər...
Qədim Bakı
şəhərində 1976-cı il oktyabrın 13-də dünyaya
göz açmışdı
İlqar İbrahimov. 167 nömrəli
məktəbin 7a sinif
şagirdi idi. Bu gülərüz, mehriban oğlan arabir xəyallarının qanadlarında
arzusuna yol gedir, hərbi məktəbdə təhsil
alır, hərbçi
olurdu...
O soyuq,
şaxtalı yanvar gecəsi on üç yaşlı İlqar ilk dəfə anasını dinləmədi. Dostu Zakirlə meydana aparmaq üçün yığdığı odunları
daşımalıydılar. Anası cəld oğlunun yun köynəyini götürüb
küçəyə qaçdı.
Ancaq İlqar artıq getmişdi...
O məşum
gecədə baş verən hadisələri İlqarın dostu Pərviz belə təsvir edib: "Təxminən saat 12-də
küçəyə çıxdım.
Gördüm ki, İlqar
və Zakir odun yığır. Soruşdum
ki, odunu neynirsiniz? İlqar dedi ki, Nazim dayıdan xahiş edəcəyik, odunu Qızıl Ordu meydanında dayananlara aparsın. Sonra onlar qonşuları Nazim Ələkbərovun
qapısını döyüb
fikirlərini dedilər.
Nazim etiraz etmədi. Mən də onlara qoşuldum. Odunu "Zaporojets" maşınına qoyub oraya gedəndə mebel fabrikinin yanında qabaqda olan 2 tankdan biri geri qayıdıb
düz üstümüzə
gəldi. Biz maşından
düşüb qaçdıq.
Tank gəlib maşının
üstünə çıxdı.
Biz bunu gördük.
Nazim dayı maşının
içində idi, ona kömək eləyə bilmədik.
Biz bir-birimizi itirdik.
Sonra evə gəldim.
Bir azdan eşitdim ki, İlqarı güllə ilə vurublar. Nazim dayı isə ağır yaralıdır".
Nazim Ələkbərov isə
o dəhşətli gecəni
belə xatırlayıb:
"Hansısa bir ilahi qüvvə ilə maşından çıxdıqdan sonra maşına baxdım. Bir
də yadımdadır
ki, İlqarla Zakiri yanımda gördüm. Uşaqların əllərindən
tutdum, keçdik yolun o tərəfinə. Hamı aşağıya qaçırdı, çünki
tanklar XI Qızıl Ordu meydanı tərəfdən gəlir
və aşağıya
qaçanları vurur,
məni əzib keçən tank isə Nəqliyyat Nazirliyinə bir az yaxın
dayanaraq aşağıdan
yuxarıya qaçanları
vururdu. Birdən Zakir qayıtdı ki, "Nazim əmi,
Nazim əmi, İlqarı
vurublar!" Yaxınlaşdım,
gəldim, gördüm
ki, İlqar qan içindədir, səhv etmirəmsə, qarın nahiyəsinə dəymişdi.
İlqarı silkələdim,
xırıldayırdı, cavab
vermirdi, elə baxırdı üzümə.
…Yolun ordasına çıxdım, başladım
əl eləməyə.
Qara QAZ-24 gəldi: "Qardaş,
nə lazımdır?"
Dedim, maşın lazımdır, uşağı
güllə ilə vurublar, tez xəstəxanaya
çatdırmaq lazımdır.
İlqarı qabaq oturacağa qoydum, özüm Zakir və tanımadığım yaralı
oğlanla birgə arxada oturdum. Həmin qara QAZ-24-lə uşağı Semaşkoya
(1 saylı Şəhər
Klinik Xəstəxanası
- Z.F.) apardıq. Orada
təcili yardım maşınlarının yaralıları,
əli-ayağı kəsik
insanları daşıdıqlarını
gördük. Dəhşətli
bir səhnə idi. Hamı ağlayırdı, insanlar
qışqırırdı, öz əzizlərini, yaxınlarını axtarırdı.
İlqarı xərəyə
qoyub təhvil verdik xəstəxanaya. Yenə xırıldayırdı,
amma baxırdı, sanki
kömək diləyirmiş
kimi".
İlqarın vurulmasından
xəbər tutan valideynləri dərhal xəstaxanaya yetişmək
üçün evdən
çıxırlar. İmperiya
cəlladları onların
da yolunu kəsirlər.
İlqarın atası
Rəşidə silahı
tuşlayıb dayanmağı
əmr edirlər və hədə-qorxu gəlirlər. Ata-anası
yalnız səhər
xəstəxanaya yetişə
bilir. Oğullarını
soraqlaşa-soraqlaşa meyitxanada
tapırlar…
Nəriman
Hüseynov İlqar İbrahimovla
həmyaşıd idi.
O, 1976-cı il yanvarın 12-də Tovuz rayonunun Xatınlı kəndində
dünyaya gəlmişdi.
Ailəsi ilə Bakıda yaşayır, 42
saylı məktəbin
8-ci sinfində təhsil
alırdı. O, müəllimlərinin
sevimli şagirdi, sinif yoldaşlarının
etibarlı dostu idi.
Uşaqlıq illəri
qayğısız keçmirdi.
Anası uzun illərdi ki, ağır xəstə idi. Nəriman
ailənin ilki, yeganə oğlu idi. O, iki bacısının
da qayğısına qalır,
onlara qulluq edirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə evdəydi. Nəriman
atışma səsinə küçəyə
çıxdı. Salyan kazarmasının yanında avtomat
gülləsilə yaralandı. Onu xəstəxanaya məhəllənin
uşaqları çatdırdılar. Xəstəxanada hər
yan zülmət içindəydi. Sonralar bildilər ki,
Semaşko adına xəstəxananın işıqları
söndürülübmüş.
Səhər tezdən
onu həmin xəstəxananın meyitxanasından tapdılar.
Həkimin imzaladığı Nəriman Hüseynovun
ölüm haqqında arayışında yazıldı:
"Çoxlu sayda güllə döş qəfəsində
sağalmaz yaralar açmışdır". Nəriman
Hüseynov da Larisa Məmmədova, İlqar İbrahimov kimi
ömrünün ən gözəl çağlarında
Şəhidlər xiyabanında torpağa
tapşırıldı.
Xalq şairi Bəxtiyar
Vahabzadənin şəhid Larisa Məmmədovaya həsr etdiyi
şeirdə belə bir misra da var: "Səni gözlər
partandakı o boş yerin..." 20 Yanvar faciəsindən sonra
Nəriman Hüseynovun da yolunu oxuduğu məktəbdə
boş qalan partası gözləyirdi...
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.1;8.