Sevgiyə
sədaqətin ürəklərdə
ucalan əbədi heykəli
Günlərimizi kərpic-kərpic,
ilmə-ilmə əlimizdən
alıb aparan zaman sübut edib ki, dünyanın
harasında olursa olsun, baş verən tarixi hadisələr, qanlı qarşıdurmalar, inqilablar
sonda insanlar üçün fəlakətə
çevrilməklə yanaşı,
həm də özü ilə bərabər ədəbiyyata,
mətbuata, sənətə
yeni mövzular da gətirir. Müəyyən zaman keçəndən sonra yazarların qələmindən
həmin qanlı-qadalı
hadisələri əks
etdirən yeni əsərlər ortaya çıxır.
20 Yanvar faciəsi
xalqımızın tarixinə
qanla yazılıb. Qanla yazılmış faciələr isə, tarixin
səhifələrindən heç vaxt silinmir, əbədi olaraq daşlaşıb yaddaşlarda qalır, unudulmur.
Qanlı şənbə
faciəsi barədə
kifayət qədər
həm bədii və tarixi əsərlər yazılıb,
həm sənədli filmlər lentə alınıb, həm də ürək yandıran rəsmlər çəkilib. Acılarını
yaşadığımız bu qanlı qırğında
həm də "Fərizə və İlham" dastanı yaranıb dillərə düşdü. Od parçası kimi qəlbləri yandırdı.
Bu günə qədər məhəbbət
mövzusunda yazılmış
dəyərli əsərlərin
sırasına daha bir möhtəşəmi
də, karvanını
asta-asta çəkib
qoşuldu. Eşqin, məhəbbətin boyu bir az da
ucaldı, böyüdü.
Hamımızın ürəyində qığılcımı
olan məhəbbətin
yolları rəvan deyil, daşlı-kəsəkli,
enişli-yoxuşludur. Yalnız
əsl aşiqlər bu müqəddəs və asan olmayan
yolu sonacan gedə bilirlər. Həqiqi aşiq olmayanlar isə bu yollardakı çətinliklərə dözməyərək
büdrəyirlər. Maneələri
dəf etməyə sonacan gücləri çatmır. Muradları,
arzuları nəmli gözlərində yaşa
çevrilib çöhrələrində
tumurcuqlayır.
Sevgisi və sevgilisi yolunda canından keçmiş Fərizə kimi aşiqlər bir
müddətdən sonra
böyük maraqla mütaliə olunan bədii əsərlərin
qəhrəmanlarına çevrilir,
oxucuların qəlbində
əbədi məskən
salır, tez-tez xatırlanır. Xatırlanırsa,
deməli, ölməzdir.
Bu obrazların qəlblərdə olan gözləri həmişə
açıqdır.
Qoca Şərqin
"Leyli və Məcnun" hekayəsi əsrlərdir İlham kimi, Fərizə kimi sevib-sevilənlərin
ürəklərindən çıxmır,
dillərindən düşmür.
Dünyanı addım-addım
gəzib dolaşan, əfsanələşən, mifləşən
bu məhəbbət dastanı qərinələrdir
ürəklərdən-ürəklərə
köçərək könüllərdə
əbədi məskən
salıb.
Azərbaycanın görkəmli,
cahanşümul şairləri - Nizami Gəncəvi və Məhəmməd Füzuli
də, özbək şair və mütəfəkkiri Əlişir
Nəvai də, onlarla başqa dühalar da əsrlərcə əvvəl
sözün qüdrətinə
tapınaraq könülləri
telləndirən bu ilahi eşqi nəzmə çəkmiş,
ülvi məhəbbəti
tərənnüm etmiş,
illərə, əsrlərə
sığmayan "Leyli
və Məcnun" poeması yazmışlar.
Azərbaycanın dahi
bəstəkarı, milli
musiqimizin banisi Üzeyir bəy Hacıbəyli də Füzulinin bu ölməz məhəbbət
poemasından vəcdə
gələrək ötən
əsrin əvvəllərində
"Leyli və Məcnun" operası yazmışdı. Məhəbbəti,
eşqi musiqinin dili ilə, ritmin ahəngi ilə ifadə etmiş, onu Tanrı dərgahına qaldırmışdı.
Yəqin ki, minlərlə, milyonlarla oxucu və tamaşaçı
kimi Fərizə də bir vaxtlar
"Leyli və Məcnun" poemasını
sevə-sevə oxumuş,
bu operaya yana-yana baxmışdı.
Bəlkə də, elə o günlərdən
əsərin sehri, cazibəsi onun ürəyinə sevgi toxumları səpmişdi.
Ola bilsin ki, o anlarda ürəyindən
Leyli tək sevmək, sevgisinə onun kimi sonacan
sadiq qalmaq keçmişdi.
Əsrlərcə əvvəl
baş verən bu hadisə, sonu faciə ilə bitən məhəbbət dastanı
illər keçəndən,
zamanlar ötəndən
sonra mifə və əfsanəyə çevrilərək Fərizənin
ürəyinə hakim
kəsilmiş, yaddaşında
dərin və pozulmaz izlər qoymuşdu. O vaxtlar heç ağlına da gəlməzdi ki, nə vaxtsa
o da Leyli kimi sevginin, eşqin odunda yanıb kül olacaq. 20 Yanvar faciəsində dəhşətli
ağrı ilə üz-üzə qalacaq, ürəyində İlhama
olan sevgisi onu sınağa çəkəcək.
Dünyanı sarsıdıb
ağladan, ürəkləri,
qəlbləri dağlayan
qanlı şənbə
gecəsində məhəbbətin,
sevginin də üstünə qan çiləndi. Bu sarsıdıcı zərbədən
eşqin də bağrı yarıldı.
Üstünə çilənən
qan sevginin yaddaşına hopub sinəsində yeni səhifələr açdı.
20 Yanvar faciəsində
kədər və qəmlə yüklənmiş
həm "Leyli və Məcnun"a, həm də başqa eşq dastanlarına bənzər
"Fərizə və
İlham" dastanı
yarandı. Yaranan kimi də qəlblərə
yol tapdı, ürəklərə cığır
açdı.
Çoxları kimi
Fərizənin ürəkdən
sevib qovuşduğu İlham da milli-azadlıq
hərəkatına, müstəqilliyimiz
uğrunda yenicə alovlanan mübarizəyə
qoşulmuşdu. Sovet
imperiyasının tankları
ölkəmizin paytaxtına
soxulanda silahsız olduğundan onlara atəş aça bilməyib son anda şəhərini yadların basqınından
qorumaq üçün
sinəsini irəli vermişdi. İmperiya əsgərinin atdığı
odlu güllələr
bir an içində
onu qanına boyamışdı. Yaşamaq
üçün dünyaya
göz açmış
İlham qanlı şənbə gecəsində
şəhid olmuş,
böyük məhəbbətlə
sevdiyi Fərizəsini
bu dünyada tək qoymuşdu.
O gecə sabaha
qədər avtomatlar sakitləşmədən, nəfəs
almadan şaqqıldadı,
tanklar dayanmadan guruldadı. Həmin gecə qapıları həm odlu güllələr,
həm də qara xəbərlər döyürdü. Həyat
yoldaşının şəhid
olduğunu eşidən
Fərizə sarsıldı.
Sanki üstünə
dağlar aşdı,
dünya başına
fırlandı, gözlərinə
qaranlıq çökdü.
Ürəyindən
İlhamla bir məzara sığınmaq
keçdi. Həmişə
eşqinə sadiq olan Fərizə ölümlə üsyana
qalxdı, ona meydan oxudu, sonda
qələbə qazandı.
Ölüm onun sevgisi qarşısında
məğlub olub geri çəkildi. Meydanı bir-birini ürəkdən sevən
aşiqlərə verdi.
Aşiqlər isə qanları ilə insanları heyrətə salan qəmli sevgi
dastanı yazdılar.
Yaxınları, qohumları
göz yaşları içində onları yanaşı dəfn etdilər. Fərizənin
İlhamın doğmalarının
ağlaşma səsi,
ərşə qalxan ah-naləsi qəlblərə
qəm ələdi, ürəklərdə fırtına
qopardı. Kədərin
ağırlığından, dərdin böyüklüyündən yer-göy silkələndi. Özünə qəsd etməzdən əvvəl
Fərizə anasına
qısa bir məktub da yazıb qoymuşdu: "Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da..."
Şəhidlər xiyabanına
ziyarətə gələnlər
İlham və Fərizənin məzarları
önündə daha çox ayaq saxlayırlar. İlhamın
cəsarəti, Fərizəninsə
sevgiyə sədaqəti
qarşısında baş
əyirlər.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.8.