Azərbaycan xalqının
tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş
1990-cı ilin 20 Yanvar
hadisələrindən artıq
34 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin
gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı
törədilmiş ən
ağır cinayətlərdən
biri kimi qalacaqdır.
Milli azadlıq
və ərazi bütövlüyü uğrunda
mübarizəyə qalxmış
dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə
günahsız insanın
qətlə yetirilməsi
və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun
cinayətkar mahiyyətini
bütün dünyaya
bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın
20-də Bakıda baş
verən hadisələri
Qarabağdakı erməni
təcavüzündən ayrıca
təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği,
təhriki və təzyiqi ilə ortaya atılmışdı.
Ermənilərin ərazi
iddiaları birdən-birə
deyil, xaricdə olan himayədarları tərəfindən hərtərəfli
plan əsasında hazırlanmışdı.
1990-cı ilin yanvarında
M.Qorbaçov başda
olmaqla sovet imperiyasının rəhbərliyi
Bakıda vəziyyətin
öz məcrasından
çıxdığını bəhanə edərək
şəhərə qoşun
yeridilməsi üçün
müxtəlif dezinformasiyalar
yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların
ailələrini qorumaq,
hakimiyyətin zorakılıqla
ələ keçirilməsinin
qarşısını almaq
üçün yeridilmişdi.
Əslində isə bu, tamamilə saxta və məqsədyönlü
şəkildə ortaya
atılmış bir tezis idi.
1990-cı il yanvarın
19-da M.Qorbaçov SSRİ Konstitusiyasının
119-cu, Azərbaycan SSR Konstitusiyasının
71-ci maddələrini kobud
şəkildə pozaraq,
yanvarın 20-dən Bakıda
fövqəladə vəziyyət
elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması
üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın
19-da saat 19:27-də Azərbaycan
Televiziyasının enerji
bloku partladıldı,
respublikada televiziya verilişləri dayandırıldı.
Gecə isə qoşun fövqəladə
vəziyyət elan edilməsindən xəbərsiz
olan şəhərə
daxil oldu və dinc əhaliyə
amansız divan tutuldu.
1990-cı il yanvarın
20-də artıq bütün
dünya Bakıda törədilmiş dəhşətli
qırğından xəbər
tutdu. Sovet qoşunlarının Bakıya
hərbi müdaxiləsi
dünyanın bir sıra ölkələrində
etirazla qarşılandı.
Bakıda törədilən
cinayətlər qonşu
və qardaş Türkiyədə sərt
reaksiyalara səbəb
oldu, ölkənin hər yerində mitinq və nümayişlər keçirildi.
Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə
keçirilən mitinq
və nümayişlərdə
sovet rəhbərliyinin
törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları
da pislənildi. Türkiyə və İranın kütləvi
informasiya vasitələri
sovet qoşunlarının
Bakıda törətdiyi
qanlı hadisəni kəskin tənqid etdi və bunu
qırğın adlandırdılar.
Sovet qoşunlarının
1990-cı il yanvarın
20-də Bakıya hərbi
müdaxiləsi zamanı
yalnız Ümummilli Lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq,
yanvarın 21-də siyasi
iradə nümayiş
etdirərək Moskvadakı
Azərbaycan nümayəndəliyinə
gəlmiş və
SSRİ rəhbərliyinin törətdiyi
bu cinayəti kəskin ittiham edərək bəyanatla çıxış etmiş,
onun Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın
əməliyyatını qətiyyətlə
pisləmişdi.
1993-cü ildə Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı
Azərbaycanda müstəqil
dövlətçilik ideyalarının
bərqərar olmasına
şərait yaratdı.
Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın
tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş
1990-cı ilin yanvarın
20-də Azərbaycan öz
azadlığı və
müstəqilliyi uğrunda
ilk şəhidlərini
vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin
gündən bizi
4 illik zaman məsafəsi ayırır.
Təəssüf ki,
4 il ərzində 20 Yanvar hadisələrinə
dövlət səviyyəsində
lazımi siyasi-hüquqi
qiymət verilməmişdir".
Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin
xüsusi sessiyasının
keçirilməsi məsələsinə
baxılması tövsiyə
edilirdi. Milli Məclisdə müzakirələrin
yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət
səviyyəsində tam
siyasi-hüquqi qiymət
verildi.
1990-cı ilin yanvar
qırğını nə
qədər faciəli
olsa da, Azərbaycan xalqının
iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın
tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi
üçün yol açdılar. Müstəqil
Azərbaycan dövlətinin
tarixinə qanlı 20
Yanvar faciəsi xalqımızın şərəf
və qəhrəmanlıq
səhifəsi kimi yazılmışdır.
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanının
rəhbərliyi ilə
Azərbaycan Ordusu
2020-ci il sentyabrın
27-dən Ermənistanın hərbi təcavüzünə
cavab olaraq 30 ilə yaxın müddətdə işğal
altında olan torpaqlarımızı azad
etmək üçün
genişmiqyaslı əks-hücum
əməliyyatları həyata
keçirdi. Bununla da, "Qarabağ Azərbaycandır və nida işarəsi" şüarı bir il sonra, 44 gün
ərzində reallığa
çevrildi, xalqımıza
böyük sevinc yaşatdı və mühüm hərbi qələbə qazanıldı.
2023-cü il sentyabrın
19-20-də Azərbaycan apardığı
lokal antiterror tədbirləri nəticəsində
həm ərazi bütövlüyünü, həm
də suverenliyini tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar
olması üçün
əsaslı zəmin
yaratdı. 2023-cü il
oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə
düşdü. Ağdərədə,
Xocalıda, Əsgəranda,
Xocavənddə və
Xankəndidə Azərbaycan
Respublikasının Dövlət
Bayrağı ucaldıldı.
İkinci Qarabağ
müharibəsi son yüz ildə zəfər və qəhrəmanlıq salnaməsi
kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli
müqəddəs bayrağımız
Azərbaycanın işğaldan
azad edilmiş bütün ərazilərində
qururla dalğalanır.
Azərbaycan dövləti
İkinci Qarabağ müharibəsindən sonra
əzəli torpaqlarını
işğaldan azad etməklə yanaşı,
100 il əvvəl -
1923-cü ildə Qarabağda
məqsədli şəkildə
pozulmuş inzibati-ərazi
bölgüsünü də
yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı
fərman əsasən,
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
yaradılması ilə
tarixi ədalət bərpa edildi.
Ölkəmizin ərazi
bütövlüyünün və suverenliyinin bərpası ilə həm müasir tariximizdə şərəfli
bir dövr başlandı, həm də Azərbaycanın azadlığı, müstəqilliyi,
eləcə də ərazi bütövlüyü
uğrunda 34 il əvvəl - 1990-cı ilin
qanlı 20 Yanvar hadisələri zamanı şəhid olmuş Vətən övladlarımızın
ruhu şad oldu.
Elçin
ƏHMƏDOV,
siyasi elmlər
doktoru, professor
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.9.