20 Yanvar - 8 noyabr zəfərimizin bünövrəsi
1990-cı ilin yanvar
günlərində sanki
hamımızın ruhuna
müqəddəs bir
nur çilənmişdi.
Yatmadığımız gecələrdə,
təhlükələrin və
gərginliklərin içində
azadlığı qəfildən
dadan insanlar kimi xoşbəxt idik. O günlər hamı eyni ruhun, eyni hisslərin
təsiri altında azadlıq deyilən müqəddəs bir anlayışın tilsiminə
düşmüşdü. Gecə vahiməli, xoflu və səksəkəli
idi. Əcəl başımızın üstünü
kəssə də, küçələrdə gecələməkdən,
postları gəzməkdən
yorulmurduq. Elə bilirdik ki, yatmasaq,
keşik çəksək,
küçələrdən yığışmasaq, şəhərə
sovet qoşunları girməyəcək, nəyinsə
qarşısını almaq
mümkün olacaq.
Hər gün axşamacan, hətta gecələr belə, davam edən mitinqlər və izdihamlarda imperiyanı dağlayan insanlar müstəqillik kimi şirin bir nemət uğrunda həyatlarını təhlükəyə
atmışdılar. Tanımadığımız
adamlar bir neçə günün içində bütləşib
qəhrəmanlara çevrilirdilər.
Yaddaqalan o oldu ki, bu izdihamlar
kimsənin arxasınca
getməyə məhkum
olunmuş itaətkar kütləni təmsil etmirdilər. Əsrlər
boyu hamının içində, ürəyində
və beynində cücərən azadlıq
qığılcımları eyni məqamda alışan məşəllərə çevrilirdi.
Hər kəs içindəki bu atəşləri, beynində
dalğalanan bu ehtirası sinəsindən
bir ürək kimi çıxarıb başının üstünə
qaldırmışdı.
Gücümüzü hiss edirdik, azadlığın
tamını duyurduq, ölüm belə, şirin gəlirdi. Lakin əmin idik ki, ölüm
ağlasığmaz dərəcədə
uzaqdır. On minlərlə,
bəlkə də yüz minlərlə insan gecənin sinəsində azadlığın
nuruna sarı qanad çalan kəpənəklər kimi
sayrışırdılar. Gücümüzü duyduqca,
qoşunların şəhərə
girməsinin qarşısını
aldıqca sevinirdik. Bizə belə gəlirdi. Aldanmağımızı
gecə yarıdan keçəndən sonra anladıq. Amma hələ ki, ağlımıza sığmayan
qətliamdan bizi saatlar ayırırdı.
O gecə şəhərin
küçələrini sərgərdan
gəzib dolaşan azadlıq aşiqləri üçün müqəddəs
olan bütün ali duyğular və hətta ruhumuz
nişana götürülüb
güllələndi. Yüzlərlə
günahsız insanın
qətlə yetirildiyi
bu amansız və vəhşi gecə heç vaxt tarixdən silinməyəcək. Biz
- o gecəni səhərə
sağ çıxanlar
küçələrə atılan meyitləri görəndə sarsıldıq.
Elə sarsıldıq
ki, yaşamaq ölümdən ağır
idi. Uzun illər heç kim bu hisslərdən
xilas ola bilmədi. Ona görə ki, sağ qalmaq, baş verənləri anlamaq, dinc bir
şəhərin vəhşicəsinə
gülləbaran edilməsinə
inanmaq mümkünsüz
idi. Göz qırpımında xallı
baş katib cəllada, Kreml isə artıq neçənci dəfə
Bakıya soxulub qırğın törədən,
dinc əhaliyə divan tutan işğalçıya
çevrildi.
Bütün dəyərlər
və müqəddəs
anlamlar ayaq altına atıldı, qan
içində boğuldu,
sovet ittifaqı bir gecədə faşist rejiminə çevrildi. Bizə xalq kimi qanlı
və misilsiz divan tutuldu, bütün müqəddəs
dəyərlərimiz tapdandı,
ayaq altında məhv edildi. Qızıl ordu deyib əzizlədiyimiz sovet qoşunları dəfələrlə olduğu
kimi, Azərbaycanı
amansızcasına yenidən
işğal etdi.
Amma bir neçə gün əvvəl sovet qoşunları gözə
dəymədikcə elə
bilirdik ki, onları geri oturda bilmişik, heç bir faciə baş verməyəcək. Təəssüf
ki, belə olmadı. Gecədən dan yeri sökülənə
kimi şəhərə
soxulan qoşunlar heç kimə aman vermədən silahsız dinc insanları güllələyib
qanlarına qəltan etdilər. Səhər də nə baş verdiyini anlamaq üçün bir-birimizin gözlərindən
nəyisə oxumağa
çalışırdıq. Amma mümkün deyildi, bacarmırdıq. Elə misilsiz faciə, elə nəhəng işğal baş vermişdi ki, onu anlamağa,
dərk etməyə bizə uzun illər lazım idi.
Bir gecədə
sovet imperiyası əsl faşist mahiyyətini üzə çıxardı, bir gecədə bütün sosializm ideyaları sabun köpüyü kimi partladı. Biz necə amansız
və qanlı bir rejimin əsarətində
olduğumuzu anladıq,
ömrümüz boyu
səcdə etdiyimiz idealların uydurma olduğunu anladıq. Uzun illər ruhumuza vəhşi boşluqlar hakim kəsildi.
Yazı yazmaq mümkün deyildi, sanki söz də qətlə yetirilmişdi. Uzun illər yaza bilmədim, insanlar güllələnəndən, xalq
tapdaq altında qalandan sonra sözün nə gücü var ki? Və söz
kimin əlindən tutub, kimi ayağa
qaldıra bilər ki?! Əslində, biz uzun illər təsəvvürümüzdəki
ucalıqların yox, sovet imperiyası adlı bir cəhənnəmin
sakinləri idik. Ona görə də bizi belə asanca, heç nədən çəkinmədən
və qorxmadan dəfələrlə olduğu
kimi gülləbaran edib şəhərin küçələrini al-qana
boyadılar.
Biz isə meyitlərin arasında dolaşaraq sanki özümüzü axtarırdıq,
özümüzü gəzirdik. Artıq heç kim qoşunun qarşısını
almağı düşünmürdü.
1990-cı ilin yanvar
ayında evini, ailəsini, işini və hətta ölüm xofunu unudub şəhərin barrikadalarına axışan
minlərlə insanın
qarşısında sübhədək
keçiləsi iki yol var idi
- ya şəhid, ya da şahid
olmaq. Hamımız elə bil ölümlə
bir köynəkdə
qol-boyun olub gəzirdik.
Evlərinin içindən
vahimə ilə səmanı süngüləyən
kor güllələri
izləyənlər də
nə baş verdiyini başa düşmürdülər. Tanklar
tırtılları ilə
küçələri şallaqlayırdı.
Qırmızı meydanına
Qızıl meydan, qırmızı ordusuna Qızıl ordu deyib 70 sənə öyündüyümüz sovet
dövləti insanları
dinindən, millətindən,
yaşından, cinsindən
asılı olmayaraq güllələdi. Minlərlə
insanın 20 Yanvar gecəsinin qaranlıqlarına
hayqırdığı "Azadlıq!" Azərbaycana
bütün sovet respublikalarının hamısından
daha baha başa gəldi. Ömrümüzün
ixtiyar çağında
bir də həmin hadisələrə
qayıdarkən 20 Yanvarla,
o gecənin tarixə düşən qəhrəmanları
ilə öyünməliyik.
Fəxr etməliyik ki, biz xalq
kimi, millət kimi sınmadıq, məğlub
olmadıq. Bu keçmiş bizim parlaq gələcəyimizin
bünövrəsidir.
Bahadur
İMANQULİYEV,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.9.