Xarici
İşlər Nazirliyi
20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar -
Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat
yayıb.
AZƏRTAC bəyanatı
təqdim edir:
“Bu gün,
keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq
hüquq normalarına zidd olaraq Azərbaycan xalqına
qarşı törədilmiş hərbi təcavüz və
mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il
ötür.
Keçmiş
SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın
ölkəmizə qarşı qanunsuz ərazi iddialarına,
yüz minlərlə azərbaycanlının indiki Ermənistan
ərazisindəki dədə-baba torpaqlarından
deportasiyasına, Azərbaycanın Qarabağ bölgəsində
aparılan separatçılıq fəaliyyətinə dəstək
vermək məqsədilə etnik zəmində törədilən
ixtişaşlara göz yumması Azərbaycanda sovet hakimiyyətinə
qarşı milli azadlıq hərəkatının geniş
vüsət almasına təkan verdi.
Azərbaycanda
milli azadlıq hərəkatını güc yolu ilə
yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə sovet ordusu bölmələri
və xüsusi təyinatlılar, habelə daxili
qoşunların kontingenti tərəfindən Azərbaycana
qarşı hərbi təcavüz nəticəsində
Bakı və Sumqayıt şəhərlərində, Lənkəran
və Neftçalada dinc əhaliyə, o cümlədən
uşaqlara, qadınlara və qocalara qarşı qətliam
törədildi. İşğalçı qüvvələrin
hərbi təcavüzü nəticəsinə 150 mülki
şəxs qətlə yetirildi, 744 nəfər ağır
yaralandı, 4 nəfər itkin düşdü.
Qətliamdan
dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər
Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində
xalqımıza qarşı törədilmiş bu qanlı
cinayəti ifşa edərək sovet hökuməti tərəfindən
yaradılmış informasiya blokadasını qırmağa,
dünya ictimaiyyətini baş verən hadisələr barədə
həqiqətləri çatdırmağa müvəffəq
oldu.
Ümumiyyətlə,
20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin
formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsində
dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet
rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış Azərbaycan xalqı öz tarixi
mübarizə ənənələrinə sadiq olduğunu
göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda
canlarından keçmiş vətən övladları o
qanlı gündə xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə
faciə ilə yanaşı, milli qürur günü kimi həkk
olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad,
suveren və müstəqil yaşamağa layiq olduğunu
bütün dünyaya çatdırdı.
Ulu Öndər
Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə
gəlməsindən sonra, Milli Məclisin 1994-cü ilin
fevralında keçirilən xüsusi sessiyasında
yanvarın 20-də günahsız insanların qəddarcasına
qətlə yetirilməsi hərbi təcavüz və cinayət
kimi qiymətləndirildi və 1994-cü ilin martında
“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında” qərar qəbul olundu.
Xalqımıza
qarşı törədilən dəhşətli cinayətlərə,
ərazi bütövlüyümüz və suverenliyimizə
qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan
tərəfindən 30 ilə yaxın hərbi işğala məruz
qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi
ərazi bütövlüyümüzün, ötən ilin
19-20 sentyabr tarixlərində aparılan lokal antiterror tədbirləri
suverenliyimizin tam bərpası ilə nəticələndi.
Milli
azadlıq hərəkatının zirvəsinə çevrilməklə
əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü
ildönümü bu il ilk dəfə oğul və
qızlarımızın uğrunda canlarından keçdiyi
suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf
edir.
Müstəqilliyimiz,
ərazi bütövlüyümüz və suverenliyimiz
uğrunda canlarından keçən şəhidlərimizin
daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət
və minnətdarlıqla yad edirik”.
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.4.