1990-cı ilin 20
yanvar tarixi...
Azərbaycanın
müstəqilliyi, demokratik dövlət yaratmaq amalı ilə
ayağa qalxmış mərd xalqımızın qəhramanlıq
salnaməsi...
Zülmə,
istibdada, haqsızlığa qarşı mübarizəyə
qalxan cəsur oğul və qızlarımızın əbədiyyət
məqamı...
Uca millətimizin
inam və iradəsini qırmaq, milli-azadlıq eşqini
boğmaq məqsədilə törədilmiş faciə, qan
yaddaşımız...
Şəhidlərimizin
qisasını aldıq
Düz 34 il əvvəl
Vətənin azadlığı, müstəqilliyi uğrunda
şəhadət zirvəsinə ucalanların haqqın dərgahına
uğurlandığı Şəhidlər xiyabanında
müqəddəs bir and içmişdik. 1990-cı il
yanvarın 20-də xalqımızın azadlığı
naminə qanlı sovet imperiyasına qarşı qorxmadan haqq səsini
ucaldan, dəmir rejimlə yalın əllə
çarpışan bu qəhrəman oğullarımıza,
qızlarımıza bir söz vermişdik. Uğrunda can
qoyduqları, gözlərini belə, qırpmadan ölümə
getdikləri Azərbaycanın müstəqilliyini təmin edəcək,
torpaqlarımıza göz dikən mənfur düşmənə
layiqli cavab verərək ərazi
bütövlüyümüzü qoruyacağıq. Bu amallar
uğrunda ömrünü fəda edən şəhid
övladlarımızın qanlarını yerdə
qoymayacağıq.
Budur, artıq həmin
andımızın gerçəkləşdiyi müqəddəs
məqama yetişmişik.
Şuşada,
Xankəndidə çaldığımız zəfərlər
sayəsində iki əsrdir milli zəmində xalqımıza
qarşı qətliamlar, soyqırımları törədən
erməni qatillərindən qisasımızı
almışıq. Qarabağdakı quldur yuvasını
dağıdaraq qaniçən separatçıları Azərbaycan
xalqının qarşısında baş əyməyə,
diz çökməyə, yalvarmağa məcbur etmişik...
İndi Şəhidlər
xiyabanına, ölkəmizin dörd bir yanında olan şəhid
məzarlıqlarına özlərini torpaqlarımız
uğrunda qurban verən qəhrəman
övladlarımızın qanlarının yerdə
qalmamasının təsvirəgəlməz mənəvi
yüngüllüyü, Vətənin
bütövlüyünün qürur hissi ilə
yollanırıq.
Milli mübarizə
tariximiz
Hər şey
Qarabağın Azərbaycandan qoparılması ilə
bağlı şovinist erməni millətçilərinin illər
boyu gizli şəkildə yürütdükləri
separatçılıq siyasətlərini açıq
müstəviyə keçirmələri - 1987-ci ilin
sonlarında yenidən qondarma "Dağlıq Qarabağ"
problemini ortaya atmaları ilə başlamışdı.
Rüşvətlə ələ aldıqları sovet
imperiyasının başında oturanlarının da dəstəyi
ilə separatçılar Azərbaycanın ərazi
bütövlüyünün pozulmasına,
torpaqlarımızın işğalına, Ermənistanda
tarixi yurdlarında və Qarabağın dağlıq hissəsində
yaşayan yüz minlərlə azərbaycanlının öz
doğma evlərindən qovulmasına yönəlik mənfur
fəaliyyətə start vermişdilər. Həmin zaman Ermənistanın
təcavüzkar hərəkətlərindən və
keçmiş SSRİ rəhbərliyinin ermənilərə
havadarlığından hiddətlənən Azərbaycan xalqı azadlıq
hərəkatına başlayaraq, Bakının küçələrinə
və meydanlarına çıxıb etirazını bildirir,
gecə-gündüz milli mübarizəsini
sürdürürdü.
Amma 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu millətimizin
azadlıq hayqırışını boğmaq
üçün geniş xalq kütlələrinə
qarşı hərbi əməliyyatlara başladı,
günahsız insanlarımızı qətlə yetirdi,
yaraladı, həbs etdi.
Sovet ordusunun
böyük hərbi heyətinin, xüsusi təyinatlı
bölmələrin və daxili qoşunların Bakıya
yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə
müşayiət edildi.
Azərbaycana
göndərilən ordu hissələrinin tərkibinə
Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni
zabit və əsgərləri, hərbi məktəblərdə
təhsil alan erməni kursantları da cəlb edilmişdi.
O məşum gecənin
səhəri - yanvarın 20-də sovet qətliamına
qarşı ayağa qalxan qəzəbli insan izdihamı
"Azadlıq" meydanına axışdı, müstəqillik
uğrunda şəhid olan vətən övladlarının cənazələrinin
Bakının ən hündür nöqtəsində
torpağa tapşırılmasını tələb etdi.
Sovet ordusunun amansızlığına və qəddarlığına,
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə
baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın
"Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin
dəfni ilə əlaqədar matəm yürüşü
keçirdi. Həmin vaxt Şəhidlər xiyabanındakı
dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi.
Ulu Öndərin
qətiyyətli vətənpərvərlik mövqeyi
1990-cı ilin məşum
20 Yanvar günündən sonra Azərbaycan xalqının ürəyi yalnız bir amal
üçün - müstəqillik üçün
döyünməyə başladı və qanına
susamış qəddar rejimə qarşı milli mübarizəyə
qalxdı.
Azərbaycan
xalqının başına gətirilən bu qanlı faciəyə
ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər
Əliyev verdi.
Ulu Öndər təhlükələrdən
çəkinməyərək hadisənin ertəsi
günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə
gələrək qanlı faciənin təşkilatçılarını
dünya ictimaiyyəti qarşısında ittiham etdi.
Heydər
Əliyev SSRİ rəhbərliyinin qərarını kəskin
tənqid atəşinə tutaraq rəsmi açıqlama
verilməsini tələb etdi: "Azərbaycana kənardan
böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə
ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir.
Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər
Hərbi Dəniz Donanması, desant qoşunlarının
diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları,
DİN-in daxili qoşun birləşmələri vardır.
Oraya əlavə qoşun yeritmək nəyə lazım idi?
Əgər belə zərurət var idisə, orada yerləşən
hərbi hissələrdən də istifadə etmək
olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi,
hamıdan əvvəl isə Azərbaycanı qoyub
qaçmış Vəzirov, öz xalqı
qarşısında məsuliyyət
daşımalıdır".
Cəsarətli bəyanat
verərək əliyalın xalqın
qırılmasını hüquqa, demokratiyaya, humanizmə
zidd, Moskvanın və respublika rəhbərlərinin
günahı üzündən yol verilmiş kobud siyasi səhv
kimi ifşa edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr
1990-cı il tarixli qərar qəbul etdi.
Ulu Öndərin
təşəbbüsü ilə 1994-cü ilin mart
ayının 29-da Milli Məclis "1990-cı il yanvarın
20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında" qərar qəbul etdi.
Vətən
eşqi - Zəfər zirvəsi
Azərbaycan
xalqı cəsarətlə sürdürdüyü milli
mübarizə sayəsində nəhəng SSRİ-nin
süqutuna birbaşa səbəb olub müstəqillik
qazandı, amma bu dəfə də təcavüzkar Ermənistanın
işğal siyasəti ilə üz-üzə qaldı.
Qaniçən erməni separatçılarının
Xocalıda, Ağdabanda, Başlıbeldə, Ballıqayada və
digər ərazilərdə törətdiyi bəşər
tarixində rastlanmamış soyqırımlara, qətliamlara
tuş gəldi.
Vətən
müharibəsi dövründə də erməni cəlladları
döyüş meydanından uzaq şəhər və kəndlərimizi
atəşə tutaraq qətliamlar, soyqırımlar törətdilər.
Uşaq qatili Serj
Sarkisyanın vaxtilə xarici mətbuata müsahibəsi
zamanı murdar əməllərindən həyasızcasına
bəhs etdiyi kimi, 44 günlük müharibədə Gəncə
terrorunu törədən Arayik Harutunyan da utanmadan əlini
xalqımızın qanına buladığını
ağzı köpüklənə-köpüklənə
etiraf edirdi.
Erməni
quldurları bu mənfur əməlləri ilə
gözümüzü qorxudacaqlarını,
torpaqlarımızın işğalı ilə
barışacağımızı güman edirdilər...
Amma 2020-ci ildə
haqq mübarizəsinə qalxaraq torpaqlarını
işğaldan azad edən Azərbaycan cəmi üç ildən
sonra Qarabağ bölgəsində suverenliyini tam təmin etdi.
Milli kimliyimizə düşmən kəsilən, heysiyyətimizlə
oynayan cinayətkar
separatçılar qolları qandallı,
başları aşağı halda Azərbaycan qanunları
qarşısında cavab vermələri üçün
Bakıya gətirildilər. Xalqımıza qarşı cinayətlər
törətmiş bütün erməni caniləri layiqli cəzalarını
mütləq alacaqlar...
Azərbaycan
xalqı bu günləri görməyin arzusu ilə ürəyində
düşmənə qəzəb, qisas hissi illərlə səbirlə
dözüb yaşadı. Nəhayət, haqq-ədalət qələbə
çaldı, ərazi
bütövlüyümüz, suverenliyimiz təmin olundu.
Müstəqilliyimiz,
ərazi bütövlüyümüz uğrunda şəhidlik
zirvəsinə ucalan bütün igid
övladlarımızın qisası alındı.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
20 yanvar, № 12.- S.10.